Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə artıq yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib. Nəticədə hazırda Azərbaycan adambaşına düşən ümumu daxili məhsulun həcminə görə beynəlxalq miqyasda 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.
Bu gün ölkəmizdə daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi, ixracın şaxələndirilməsi strateji vəzifələrdəndir. Qeyri-neft sektorunda ixracyönümlü iqtisadi artımın təmin olması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə dövlət büdcəsinin və tədiyə balansının dayanıqlığının artırılmasına xidmət edir. Xatırladaq ki, ixracyönümlü inkişaf modeli ticari sektorun iqtisadi artım və məşğulluqda yüksək xüsusi çəkisinin formalaşmasını nəzərdə tutur.
Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etməkdir. Sənayenin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Son illər Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılıb. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tədbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirib.
Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə cevrilib. Son illərdə ölkəmiz öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən uğurla faydalanıb və dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib.Qarşıdakı aylarda və illərdə uğurlarımız daha böyük olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yenə də özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir.
Hazırda Azərbaycan xarici sərmayələri lazımi qaydada qoruyan ölkə kimi yaxşı nüfuza malikdir. Ötən 11 ildə ölkəmizə 170 milyard dollardan çox sərmayə yatırılıb. Bu, bir sıra amillərlə, o cümlədən, Azərbaycanın beynəlxalq aləmdə həm də etibarlı tərəfdaş kimi nüfuz qazanması ilə bağlıdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.
Diqqətçəkən başqa bir fakt. Bu gün Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir ki, bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 11 ildə respublikamızda 6 beynəlxalq hava limanı istifadəyə verilib, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulub.
Hazırda tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri uğurla başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın...”.
Prezident İlham Əliyev, eyni zamanda, qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Son illər ərzində iqtisadiyyata kapital qoyuluşu ildən-ilə artır. Bunun nəticəsidir ki, yeni sənaye, emal, nəqliyyat, energetika, xidmət, turizm və sosial obyektlərin tikintisi ilbəil sürətlənir. Təkcə ötən il ərzində qoyulan investisiyalar hesabına 230-dan çox sənaye müəssisəsi fəaliyyətə başlayıb.
Yeni müəssisələr isə həm də yeni iş yerləri deməkdir. Yeri gəlmişkən, ötən il ölkə üzrə 123 min yeni iş yeri açılıb. Bu da əhalinin sosial rifahının yaxşılaşmasında əhəmiyyətli rol oynayan amildir.
Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün daxili və xarici investisiyadan istifadə olunmalıdır. Bu məqsədlə Azərbaycanda münbit investisiya mühiti yaradılıb. Xarici investorlar bu səbəbdən Azərbaycan iqtisadiyyatına kapital qoymaqdan çəkinmirlər. Ölkə rəhbəri İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyata investisiya qoyuluşunun böyük əhəmiyyətini qeyd edərək deyib: “Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur. Əlbəttə ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə investisiya qoyulmuşdur, inflyasiya ən aşağı səviyyədədir”.
Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasının nəticəsidir ki, keçən il xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala 4484,2 milyon manat investisiya qoyulub. Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya investorları kapital qoyuluşunda üstün mövqeyə malik olublar.
2014-cü ildə ölkənin sosial-iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönələn investisiyanın 75,4 faizindən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində istifadə edilib. Əvvəlki illə müqayisədə hesabat dövründə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi 11,8 faiz artıb. 2014-cü ildə məhsul istehsalı obyektləri inşasına 11255,2 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisinə 6360,6 milyon manat vəsait yönəldilib. Ümumi investisiyanın 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb. Rəqəmlərdən də aydın görünür ki, daha çox kapital məhsul istehsalı obyektlərinin tikintisinə sərf edilib.
Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir ki, son illərdə daxili investisiyalar xarici investisiyaları üstələyib. Məsələn, ötən il daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi investisiyanın 72,3 faizini təşkil edib ki, onun da 63,4 faizi dövlət bölməsinin payına düşüb.
Əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində müəssisə və təşkilatların vəsaiti 9654 milyon manat, bank kreditləri 540,9 milyon manat, büdcə vəsaitləri 6452,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 324,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 566,9 milyon manat və digər vəsaitlər 77,2 milyon manat təşkil edib. Həmin vəsaitlər hesabına 2014-cü ildə ölkə ərazisində müxtəlif təyinatlı çoxsaylı obyektlər - ümumi sahəsi 1978,3 min kvadratmetr olan yaşayış evləri, 29230 şagirdlik ümumtəhsil məktəbləri, habelə çoxsaylı ambulator-poliklinika, xəstəxana, məktəbəqədər təhsil müəssisələri, sənaye və infrastruktur obyektləri, idman-sağlamlıq mərkəzləri, Şəmkirçay üzərində su anbarı, SES və s. istifadəyə verilib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.