Avropa Rusiyanın yeni layihəsinə “isti” baxmır

Avropa Birliyinin və Rusiya Federasiyasının ötən ilin dekabr ayında ləğv edilmiş “Cənub axını” qaz boru kəməri layihəsinin “varisi” sayılan “Türk axını” kəmərinin taleyi barədə aparılan danışıqlarda mövqeləri açıqlandı. Şimal qonşumuzun “Qazprom” şirkətinin danışıqlarda təbii qazın Ukrayna ərazisi vasitəsilə nəqlindən 2020-ci ildə imtina edəcəyini qəti şəkildə bildirdiyi vurğulanır. Rusiya şirkətinin Avropanı Türkiyə ərazisindən “mavi yanacaq” almaq üçün qaz boru kəmərləri inşa etməyə çağırdığı da qeyd olunur. Ancaq “Köhnə dünya” rəsmi Moskvanın yeni layihəsinə şübhə ilə yanaşmaqla yanaşı, “Qazprom”un yeni layihəsini reallaşdırmağa çalışmaqla “etibarlı təminatçı” nüfuzunu sual altına aldığını düşünür.

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında danışıqların kifayət qədər gərgin keçdiyi bildirilir.  Rusiya mətbuatı cənab Millerin avropalı qonaqla danışıqlarda rəhbərlik etdiyi şirkətin üstün tutacağı mövqe barədə məlumat verdiyini və Rusiyanın mövqeyindən çəkilməyəcəyini sərt şəkildə açıqladığını yazır. Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Avropaya təbii qaz çatdıracaq “Cənub axını” layihəsindən imtina etdiyini, bunun əvəzinə “Türk axını” qaz boru kəməri inşa edəcəyini açıqlamışdı. Rusiya şirkəti təbii qaz nəqlinin Ukrayna ərazisi vasitəsilə nəqlindən 2020-ci ildə imtina edəcəyini bildirir. Şimal qonşumuz növbəti beş il ərzində Türkiyə ərazisindən keçəcək kəmərdən “mavi yanacaq” almaq üçün Avropaya zəruri qaz boru kəmərləri inşa etməyi məsləhət görür. A.Millerin danışıqlarda “Turk axını” layihəsinin hazırda hələlik Ukrayna ərazisi vasitəsilə nəql olunan 63 milyard kubmetr təbii qazın çatdırılmasının yeganə istiqamət olduğunu vurğuladığı bildirilir. Şirkət rəhbərinin sözlərinə görə, avropalılar gecikmədən qaz boru kəmərləri inşa etməyə başlamalıdırlar, əks təqdirdə, “mavi yanacağ”ın  nəzərdə tutulan həcmi digər bazarlara istiqamətləndiriləcək.

Beləliklə, Rusiya “Köhnə dünya”ya yeni yanaşmasını ortaya qoydu. Amma Avropa şimal qonşumuzun mövqeyini təəccüblə qarşıladığını açıqladı. Halbuki Rusiyanın mövqeyinin sərtləşəcəyi öncədən bilinirdi. Çünki uzun illərdi çalışdığı və reallaşdırmaq istədiyi “Cənub axını” layihəsi rəfə qaldırmağa məcbur olması rəsmi Moskvanın bundan sonra avropalılarla daha sərt dildə danışacağını ehtimal etməyə əsas verirdi. Bununla belə, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin danışıqlardan sonra təəccübünü belə açıqladığı bildirilir: “Bu gün biz öyrəndik ki, Ukrayna ərazisi vasitəsilə nəql edilən təbii qaz digər yeni qaz boru kəmərinə istiqamətləndiriləcək. Səmimi desəm, bu bəyanata çox təəccübləndim, ona görə ki, “Cənub axını” layihəsinin ləğv olunmasından sonra buraya Cənub-Şərqi Avropa üçün imkanları öyrənmək məqsədilə gəlmişdim”. Bununla yanaşı, 63 milyard kubmetr təbii qazın böyük həcm olduğunu düşünən cənab Şefçoviç əlavə edir ki, bu qədər “mavi yanacağ”a çox güman nə Türkiyənin, nə də Cənub-Şərqi Avropanın ehtiyacı var. Avropa Komissiyasının vitse-prezidenti bununla da eyham vurur ki, “Qazprom” şirkətinin 50 milyard kubmetr təbii qazı Türkiyə vasitəsilə Avropaya nəql etmək ideyası baş tutmayacaq. Amma avropalı qonağın Rusiya tərəfinin yeni təklifini müzakirə etməyə hazır olduqlarını da dediyi bildirilir.

Cənab Şefçoviçin danışıqlarda daha bir mühüm açıqlama verdiyi də vurğulanır. Onun fikrincə, “Qazprom”un Ukrayna ərazisi vasitəsilə nəqlindən imtina etmək ideyası “şirkətin etibarlı təminatçı imicinə ciddi zərbə vurur”, ona görə ki, “müqavilələrdə həmişə təbii qazın çatdırılma yeri göstərilir-həmin yer də Türkiyə ilə Yunanıstan arasındakı sərhəd deyil”. Hazırda “Qazprom” müqaviləyə əsasən Avropanın müəyyən edilmiş məntəqələrinə təbii qaz çatdırmalıdır. Türkiyənin qərb hissəsindəki qovşaq vasitəsilə bunu etmək hələlik mümkün deyil. Əgər Avropa Birliyi əlavə qaz boru kəməri tikməkdən imtina edərsə, o zaman “Qazprom” Ukrayna vasitəsilə təbii qaz ixracatını dayandırmaqla ildə 40 milyard kubmetr “mavi yanacağ”ın nəqli barədə imzalanmış müqavilə öhdəliklərini pozmuş olacaq. Rusiya mətbuatı son 30 ildə Rusiya təbii qazının Avropaya nəqlində genişmiqyaslı dayandırmalar olmadığını vurğulayır və “Qazprom”un 2020-ci ilədək zəruri qaz boru kəmərlərinin inşa olunmayacağı təqdirdə müqavilə öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi məsələsi də hələlik açıq qalır.

Amma Rusiya mütəxəssisləri əmindirlər ki, tərəflər əməkdaşlıq etməyə məcburdurlar. Çünki reallıq hər iki tərəfi əməkdaşlığa vadar edir. Avropa Birliyi Rusiya təbii qazının ən böyük alıcılarından biridir və “Türk axını” üçün nəzərdə tutulan 63 milyard kubmetr “mavi yanacağ”ın digər bazarlara istiqamətlənməsi mümkün deyil. Şimal qonşumuzun iqtisadçıları deyirlər ki, “Qazprom” ötən il tarixində ən az təbii qaz istehsal etmişdi və bunun da əsas səbəbi “mavi yanacağ”ın planlaşdırılan səviyyədə satılmaması olmuşdu. Rusiya şirkətinin hazırda ixtiyarında olan 150 milyard kubmetr təbii qazı istənilən istiqamətdə nəql etməyə imkan verir. Digər sözlərlə desək, rusiyalı mütəxəssislər düşünürlər ki, “Qazprom”un 40 milyard kubmetr təbii qazı satmaq üçün alternativ bazarı yoxdur və şirkətin “Türk axını” layihəsinə görə təqribən 10 milyard dollar itirmək istəyəcəyi də şübhə doğurur. Bundan başqa, Avropa Birliyinin hazırda Ukrayna vasitəsilə aldığı təbii qazı digər istiqamətdən almaq üçün yeni qaz boru kəmərlərinin inşasına maraq göstərəcəyi də inandırıcı görünmür. Buna görə də tərəflər arasında təbii qazla bağlı mübahisələrin getdikcə artacağını gözləmək mümkündür.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında