2014-cü il ölkəmiz üçün uğurlu inkişaf mərhələsi kimi tarixdə qalacaq. Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmiş, ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuş, beynəlxalq aləmdə əlaqələrimiz daha da möhkəmlənmişdir. Ötən il də Azərbaycan dünyanın diqqət mərkəzində olmuş, davamlı ictimai-siyai sabitlik, iqtidarla xalqın sıx vəhdəti və sürətli inkişaf xarici investorların daha çox investisiya qoymalarına rəvac vermişdir. Fakt üçün qeyd edək ki, ötən il ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur.
Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geosiyasi mövqeyi ilə regional və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Hazırda Azərbaycan iqtisadiyyatı dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır. Ölkəmizin 50 milyard dollardan çox valyuta ehtiyatının olması siyasi və iqtisadi strategiyanın düşünülmüş şəkildə davam etdirilməsinin bariz nümunəsidir. Sosial obyektlərin inşası uğurla davam etdirilmiş – 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilmiş, 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. Bütün bunların nəticəsi olaraq son bir ildə yüz mini daimi olmaqla, 123 min yeni iş yeri yaradılmışdır. Ötən il həm də ikinci peykimizin orbitə buraxılması ilə yadda qalmışdır. Artıq respublikamız kosmik sənayenin inkişafında da inamla irəliləyir.
Ötən il xarici siyasət sahəsində qazanılan uğurlar ölkəmizin dünya birliyindəki reytinqinin yüksəlməsinə təkan vermişdir. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, beynəlxalq tədbirlərdə iştirakı, milli maraqlarımızın qorunması istiqamətində həyata keçirdiyi tədbirlər xarici siyasətimizin kifayət qədər uğurlu, düşünülmüş və çoxşaxəli olmasından, dövlət başçımızın xalqımızın maraqlarına layiqincə xidmət etməsindən xəbər verir. Diqqətə çatdıraq ki, ötən il ölkə rəhbəri 20-dək ölkəyə səfər etmiş, dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlər keçirmişdir. Azərbaycan artıq beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrilib. Bu da bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artmasına öz müsbət təsirini göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə rəhbəri digər sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də qazanılan uğurlardan danışmış və ötənilki nailiyyətləri yüksək qiymətləndirmişdir. Bir daha qeyd olunmuşdur ki, ötən il Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu xarici siyasət aparmışdır. İlk növbədə, qonşu ölkələrlə ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün görülmüş işlər də əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini vermişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.
Keçən il nüfuzlu təşkilatlarla uğurlu əməkdaşlığı Azərbaycanın beynəlxalq müstəvidə reytinqini daha da artırmışdır. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda fəal iştirak etməklə, milli maraqlarımız və öz mövqeyimiz yüksək səviyyədə müdafiə olunmuş, bu təşkilatların fəaliyyətinə dəyərli töhfələrimizi vermişik. Avropa Şurası Nazirlər Komitəsinə ölkəmizin sədrlik etməsi xüsusi qeyd olunmalıdır. Ölkəmiz bu quruma sədrlik etdiyi dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına çox böyük və dəyərli töhfələr vermişdir. Azərbaycanın sədrliyinin prioritetləri Avropa Şurasının gündəliyində duran aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri təhdidlər, ölkəmizin müsbət təcrübəsi və fərqli üstünlükləri nəzərə alınmaqla, korrupsiyaya qarşı mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən edilmişdi. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan öz işi ilə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz töhfələrini verir.
Ölkəmizin başçısı bəyan etmişdir ki, biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Dünyanın tanınmış ictimai-siyasi xadimləri və ekspertləri də təsdiqləyirlər ki, respublikamız üzv olduğu təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetirir. Azərbaycanın sürətli inkişafı, dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi, ordu quruculuğundakı nailiyyətləri və iqtisadi qüdrətinin artması bir sıra qərəzli təşkilatların və bu inkişafı gözü götürməyənlərin qısqanclığına səbəb olub. Təəssüf edirik ki, artıq Avropa Parlamenti kimi nüfuzlu bir qurum da qərəzli və böhtançı beynəlxalq təşkilatlarla bir sıradadır. Bu qurumun ölkəmizdə insan hüquqlarına dair qəbul etdiyi qətnamə də bunu təsdiqləyir.
Təbii ki, Azərbaycanın ikitərəfli formatda heç bir ölkə qarşısında heç bir öhdəliyi yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Dövlətimizin başçısı da bu məsələyə münasibət bildirərkən demişdir ki, əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır.
Son illər baş alıb gedən ikili standartlar artıq ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin siyasətində də özünü açıq şəkildə büruzə verir. Öz ölkələrində insan haqlarının kobud şəkildə pozulduğunu, irqi ayrı-seçkiliyin, polis zorakılığının baş alıb getdiyini görməzliyə vuran ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə qarışması, konkret cinayət üstündə həbs olunmuş üzdəniraq hüquq müdafiəçisi Leyla Yunus və Xədicə İsmayılovaya “qayğı” göstərmələri ikili standartlardan irəli gəlir. Öz gözündə tiri “görməyib”, başqalarının gözündə tük axtaran belələri ilk növbədə öz ölkələrində baş vermiş hadisələrə, insan haqlarının kobud şəkildə pozulmasının qarşısını almağa çalışsınlar. Artıq beynəlxalq təşkilatlar da ABŞ-da insan haqlarının kobud şəkildə pozulmasına ciddi münasibt bildirirlər. Məsələn, Beynəlxalq İnsan Haqları Təşkilatı olan “Amnesty İnternational”, 2010-cu il yanvar ayından etibarən bu günə qədər 111 ölkədə insan haqları ilə bağlı hesabat dərc edib. Təşkilat ABŞ, Almaniya, Rusiya, Çin və Avropa ölkələrində qeydə alınan insan haqları ilə bağlı vəziyyəti sərt tənqid edib. Təşkilat, öz hesabatında ABŞ Prezidenti Barak Obamanı da tənqid atəşinə tutub. Barak Obamanın Quantanamo əsir düşərgəsini bağlamasının heç nəyi dəyişmədiyini, sadəcə görüntü xarakteri daşıdığını qeyd edib. “Amnesty İnternational” təşkilatı Obamanın Quantanamonu bağlayaraq İllonis əyalətində ona bənzər yeni bir əsir düşərgəsi yaratdığını vurğulayaraq “məhkumlar üçün dəyişikliyin yalnız poçt-məktub kodları olduğunu” bildirib.
Son vaxtlar ABŞ-da baş verənlər onu göstərdi ki, bu ölkədə insan haqlarının qorunmasına böyük ehtiyac var. Ona görə də ABŞ rəsmilərinin ölkəmizdə insan haqlarının pozulması barədə verdiyi bəyanatlar qərəz və təzyiq vasitəsindən başqa bir şey deyil. Belə ki, ABŞ-da qaradərili insanlara qarşı törədilmiş vəhşiliklər, onların güllələnməsi bir daha onu göstərir ki, bu ölkədə insan haqları ilə bağlı ciddi problemlər var. ABŞ insan hüquqları məsələsindən öz dövlət maraqlarının dünyada qorunması üçün istifadə etməkdə davam edir. Başqa dövlətlərin təbii sərvətlərini ələ keçirmək üçün bu metoddan daha çox yararlanır. Müxtəlif bəhanələrlə İraqa daxil oldular. “Diktatorların devrilməsi” adı ilə ərəb ölkələrinə müdaxilə etdilər. Hazırda bu ölkələrdə günahsız insanların qanı axıdılmaqda davam edir. Məqsəd həmin ölkələri öz əsarətləri altına almaq, təbii sərvətlərini ələ keçirməkdir. İndiki dövrdə ABŞ-da və özünü demokrat qiyafəsində göstərən bir sıra digər ölkələrdə insan haqları daha çox tapdalanır. Bu gün Ermənistanın işğalçılıq siyasətinə göz yuman, milyonlarla soydaşımızın pozulmuş hüquqlarını görməzliyə vuran Qərb dövlətlərinin və digər beynəlxalq təşkilatların ölkəmizə qarşı apardıqları qərəzli siyasətin arxasında ikili standartlar və respublikamızın inkişafını gözü götürməmək dayanır.
Bir tərəfdən haqq-ədalətdən, demokratiyadan dəm vuran, digər tərəfdən isə işğalçıya yardım edən ABŞ-ın ikili siyasətini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsərində tənqid edərək yazır: “...Vaşinqton artıq başa düşməlidir ki, “yumşaq güc” o vaxt səmərəli olur ki, o, ABŞ-ın başqa ölkələrin (məsələn, Azərbaycanın) milli maraqları ilə üst-üstə düşən milli maraqlarının həyata keçirilməsinə əsaslansın. Azərbaycanın milli maraqları ilə hesablaşmadan öz siyasi məqsədlərini həyata keçirmək cəhdləri heç vaxt uğur qazanmayacaq. Məsələn, ABŞ Ukraynanın ərazi bütövlüyünə tərəfdar çıxır və bütün mümkün üsullarla onu qorumağa çalışır. Bəs nəyə görə ABŞ Azərbaycana münasibətdə müvafiq yanaşma tətbiq etmir, onun ərazi bütövlüyünü açıq müdafiə etmir, təcavüzkarı pisləmir?
Əgər demokratiyanın inkişaf etdirilməsi ABŞ üçün milli təhlükəsizlik məsələsidirsə, onda Azərbaycan üçün də işğal altında olan ərazilər üzərində nəzarətin bərpa edilməsi milli təhlükəsizlik məsələsidir. Başqa sözlə desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də demokratik dəyərlərin inkişaf etdirilməsi strategiyasının tərkib hissəsi olmalıdır. Qafqazdakı münaqişələr həll edilmədən bütövlükdə bu regionda səmərəli transmilli əməkdaşlığa nail olmaq mümkün deyil. Səmimi etiraf etmək lazımdır, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qrupunun həmsədri kimi, bu problemin həllində lazımi maraq göstərmir. Axı, onun həlli, Vaşinqtonun bəyan etdiyi kimi, geniş mənada ABŞ-ın da marağındadır".
Akademik ABŞ-ın işğalçı dövlətə yardım göstərməsini tənqid edərək yazır: “Amma bununla belə ABŞ 1992-ci ildən bəri Ermənistana iki milyard dollardan artıq, Dağlıq Qarabağ separatçılarına isə 1998-ci ildən bəri 83 milyon dollardan çox maliyyə yardımı göstərib. Göründüyü kimi, Amerika əsla gizlətmir ki, o, Ermənistanın yürütdüyü, bu uzanan münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət xəttini dəstəkləyir”.
Nazirlər Kabinetinin son iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan ölkə rəhbəri bildirdi ki, işğalçı dövlətin qeyri- konstruktiv mövqeyi problemin aradan qaldırılmasını hələ də uzadır. Digər tərəfdən, dünya birliyinin bu ədalətsizliyə göz yumması və ikili mövqe nümayiş etdirməsi işğalçı Ermənistanı daha da həyasızlaşdırıb. Artıq Azərbaycan xalqı da bunu yaxşı bilir və dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Hadisələrin gedişi bir daha təsdiqləyir ki, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Bəzi qüvvələr isə bu münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Belə qüvvələr bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ancaq unudurlar ki, Azərbaycanın beynəlxalq əlaqələri getdikcə möhkəmlənir və ölkəmiz ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürüdür.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.