Prezident İlham Əliyev: Dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir

Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın sürətli iqtisadi inkişafında özəl sektorun, kiçik və orta sahibkarlığın rolu böyükdür. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük əksəriyyəti özəl sektorlar tərəfindən qoyulan daxili investisiyalardır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bununla bağlı demişdir: “Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək göstərilir. Yerlərdə də bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il həm də öz vəsaitlərindən istifadə etməklə ölkəmizin real sektoruna vəsait qoymağı tövsiyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir. Güzəştli şərtlərlə verilən bu kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar da həm o imkanlardan istifadə etməlidirlər, eyni zamanda, - artıq uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, - ölkənin inkişafına, real sektorun inkişafına daha da çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. Ancaq biz onları indi digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.

Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən Azərbaycanda uğurla aparılır. Ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq ötən il biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilmişdir.

2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq onlara kredit almaq imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir. Ölkə Prezidenti demişdir: “Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

Hazırda Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Onu da deyək ki, istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

Azərbaycan dövləti tərəfindən ölkəmizin davamlı inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində özəl bölmənin roluna mühüm önəm verilir. Dövlətimizin başçısı bu məsələnin vacibliyini xüsusi vurğulayaraq demişdir: “Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.

Son 11 il ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, ölkədə ixrac rüsumlarının ləğvi özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Buna misal olaraq deyə bilərik ki, yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləği azaldılmışdır.

Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağları və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən verilməsi, “Aqrolizinq” ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların 10 illik lizinqlə paylanması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manatın ödənilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da özəl bölmə üçün yaradılan yüksək şəraitdən xəbər verir.

Hazırda Azərbaycan İnvestisiya Şirkəti iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə fəal iş aparır. Paralel olaraq müvafiq dövlət strukturları sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də müvafiq işlər görürlər. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması, xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis olunmuş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) özəl bölmənin ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar 2011-ci il iyul ayının 1-dən etibarən ölkədə yeni elektron xidmətin göstərilməsinə başlanılmışdır. Belə ki, həmin tarixdən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər vergi orqanlarına getmədən - İnternet Vergi İdarəsi vasitəsilə birbaşa “online” rejimində qeydiyyata alınırlar və bu da qeydiyyat sahəsində mütərəqqi bir üsuldur.

Şəffaflığın təmini və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlığın təşviq edilməsi, vergidən yayınma hallarına qarşı ciddi və məqsədyönlü mübarizənin aparılması da hökumətin diqqət mərkəzindədir. Şəffaflığın təmini baxımından qarşıda duran əsas vəzifələrdən biri sahibkarlıq subyektlərinin fəaliyyətində hesabatlılığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə Mərkəzi Bank və digər aidiyyəti qurumlar ticarət və xidmət sahələrində pos-terminalların quraşdırılması işini daha da sürətləndirmişlər. Eyni zamanda, stasionar telefon rabitəsinin olmadığı obyektlərdə mobil rabitə vasitəsilə çalışan pos-terminalların ölkəmizə gətirilməsi təmin edilmişdir.

Sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində bu gün də mühüm tədbirlər həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunu bunun bariz ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir. Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın inkişaf perspektivlərindən danışarkən demişdir: “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.

Azərbaycan dövləti tərəfindən son 11 ildə milli inkişaf prioritetləri düzgün müəyyənləşdirilmiş, ölkənin bütün potensialı intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər edilmişdir. Bu dövrdə respublikanın iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını reallaşdırmaqdan, sahibkarlığı və özəl sektoru daha da gücləndirməkdən ibarətdir.

Son illər imzalanan fərmanlarda, təsdiq edilən dövlət proqramlarında bu hədəfin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas məqsədi də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə səfərbər etməkdir. Buna nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında