İqtisadiyyatın davamlı və sabit inkişafında rabitə və yüksək texnologiyaların rolu getdikcə artır

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxından diqqət və qayığısı sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, İKT  ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımına təkan verir və onun  ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır. 2014-cü il ərzində də rabitə və yüksək texnologiyalar sahəsində müsbət meyillər davam etdirilərək, bir sıra uğurlu nəticələr əldə olunub. Belə ki, ölkə başçısının müvafiq sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yaradılıb, nazirliyin əsasnaməsində yeni fəaliyyət istiqamətləri və sahələri müəyyənləşdirilib və qarşıya mühüm vəzifələr qoyulub.

Ötən il  “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsini, struktur dəyişikliyinin aparılmasını, nazirliyn tərkibində yeni qurumun yaradılmasını nazirlik, ümumilikdə isə sektor üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiqi iqtisadiyyatın davamlı və sabit inkişafı baxımından rabitə və yüksək texnologiyalar sektorunun roluna yüksək önəm verildiyini bir daha təsdiqləyir. Milli strategiyada 2020-ci ilədək sektorun inkişafı üzrə strateji istiqamətlər müəyyən edilib. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb və yaxın vaxtlarda təsdiq üçün təqdim ediləcək.

Bununla yanaşı, ötən il ölkə başçısının 8 may  tarixli sərəncamı ilə nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün RYTN-in tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Hazırda QSC-nin fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

2014-cü ildə respublika Prezidentinin fərman və sərəncamlarının, təsdiq olunmuş dövlət proqramlarında rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin, habelə  “2014-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planının icrası üzrə müvafiq tədbirlər görülüb. Həmçinin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi bölməsinin həyata keçirilməsi üçün hazırlanmış Tədbirlər Planının, eləcə də digər  qanun və normativ sənədlərin icrası üzrə müvafiq tədbirlər reallaşdırlıb.

Görülən işlərin nəticəsində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2 faiz artaraq 1,7 milyard manatı ötüb, sektorun ÜDM-də payı 1,9 faiz, qeyri-neft sektorunda 3,2 faiz təşkil edib. Gəlirlərdə özəl sektorun payı  77  faizdən 80 faizə  yüksəlib. Həmçinin, BTRİB şəbəkəsində beynəlxalq şəbəkəyə 200 Gbit/s sürətlə qoşulma imkanı verən internet platforması qurulub və “Bakinternet” xidmətinin qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəli ilə müqayisədə 6,5 Gbit/s artırılaraq 36,5 Gbit/s-yə çatdırılıb.

Ötən il ərzində ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmsal verici olmaqla 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib və rəqəmsal TV-nin əhatə dairəsi 99 faizə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb. Eyni zamanda dövlət büdcəsindən ayrılmış 8 milyon manat vəsait hesabına Bakı və Abşeron yarımadasını əhatə edən Radiomonitorinq Şəbəkəsinin qurulması məqsədilə Mehdiabad və Yeni Günəşli yaşayış massivlərində radiomonitorinq məntəqələri tikilib, müvafiq avadanlıqlar quraşdırılıb. Hazırda Sahil məntəqəsində 1 ədəd stasionar radiomonitorinq məntəqəsinin yaradılması məqsədilə avadanlıqların ölkəyə gətirilərək quraşdırılması istiqamətində işlər aparılır.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı 18,65 ədədə, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı isə 69,01 ədədə, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir. Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına  görə ümumdünya orta göstəricisini 18 faiz, mobil abunəçilərin sayına görə isə 15,2  faiz üstələyir.

  2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb və bu, ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Qeyd edək ki, hazırda ölkə əhalisinin 73 faizi internet, 55 faizi isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, 2014-cü il ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 119 milyon dəqiqə azalaraq 399,7 milyon  dəqiqə, çıxış trafikinin həcmi isə 30 milyon-dəqiqə azalaraq 127,6 milyon-dəqiqə təşkil edib.

2014-cü il  peyk infrastrukturunun və  kosmik sənayenin inkişafı baxımından da uğurlu olub. Belə ki, ölkəmiz “Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq” çərçivəsində 2014-cü ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olan Spot 7 yüksək ayırdetməli yer səthinin məsafədən müşahidə peykinə sahib olub. Bununla bağlı “Azərkosmos” ASC ilə Fransanın “Airbus DS Geo” SA şirkəti arasında 2014-cü il  dekabrın  2-də SPOT 6 və SPOT 7 peyk qruplaşması üzrə Strateji Əməkdaşlıq sazişi və yerli xidmətlər müqaviləsi imzalanıb. Sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyev həm 2014-cü ilin başa çatması ilə bağlı xalqa müraciətində, həm də Nazirlər Kabinetinin  2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində, ölkəmizin yer səthinin müşahidəsi üzrə “Azərsky” peykinə sahib olmasını ötən ilin əlamətdar hadisələrindən biri kimi vurğulayıb.

Azərbaycanın ilk peyki olan “Azerspace-1”in tutumunun satışı üzrə işlər 2014-cü ildə də  davam etdirilib və ilin sonuna peyk üzərindən yerli və beynəlxalq səviyyəli 130 televiziya və 20 radio kanalı yayımlanır. “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış Qrant Müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb və yaxın vaxtlarda hökumətə baxılması üçün təqdim edilməsi nəzərdə tutulur. Habelə “Azərspace-2” peykinin resurslarının 45,9  faizinin uzunmüddətli icarəsi və orbital mövqedən istifadəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə danışıqlar aparılıb və ilkin razılıq əldə edilib. Yaxın vaxtlarda müqavilənin imzalanması gözlənilir.

Tənzimlənmə fəaliyyəti istiqamətində işlər məqsədyönlü şəkildə davam etdirilib. 2014-cü il fevralın  1-də  mobil nömrə daşınmasının tətbiqinə başlanılıb ki, bu, ölkədə mobil rabitə istifadəçilərinə göstərilən mobil xidmətin keyfiyyətinin artırılmasına və mobil sektorda sağlam rəqabətin möhkəmləndirilməsinə güclü təkan verib. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir. Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti də davam etdirilib. “Elektron hökumət” portalı üzərindən mobil cihazların elektron qeydiyyatı təşkil edilmiş və nəticədə mobil cihazların qeydiyyatı müddəti 2 gündən 1 günə endirilib.

Eləcə də  dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin yaradılması üçün proqram təminatı hazırlanıb və istifadəsinə başlanılıb. İl ərzində 41 dövlət informasiya ehtiyatı və 56 fərdi məlumatın informasiya sistemləri dövlət qeydiyyatına alınıb və nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 78-ə, informasiya sistemlərinin sayı isə 153-ə çatıb.

 Əhaliyə göstərilən rabitə xidmətlərinin daha əlverişli olması  məqsədilə ənənəyə sadiq qalaraq telefon rabitəsi tariflərinə baxılaraq qiymətlər əhəmiyyətli dərəcədə aşağı salınıb və bu il yanvrın 1-dən  tətbiqinə başlanılıb. Yeni dəyişikliyə əsasən, telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə endirilib. Tariflərin maya dəyərinə uyğunlaşdırılması üzrə işlər davam etdirilir. 

İnformasiya cəmiyyətinin inkişafı, e-hökumət həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ötən il ardıcıl işlər görülüb.

 “Elektron hökumət” portalına qoşulan qurumların sayı il ərzində  6 qurum artaraq 46-ya, Nazirlər Kabineti tərəfindən təsdiq olunan  xidmətlərdən portala inteqrasiya olunanların sayı 37 ədəd artaraq 322-yə, ümumilikdə portala inteqrasiya olunan xidmətlərin sayı isə 114 ədəd artaraq 398-ə çatıb. 2014-cü il ərzində elektron xidmətlərdən istifadə sayı 1 milyondan  6,7 milyona qədər artıb, e-hökumət portalına daxil olan istifadəçilərin sayı isə 0,8 milyon nəfər artaraq 1,14 milyon nəfəri ötmüşdür. Əhaliyə verilmiş e-imzaların sayı 10 min 941 ədəd artırılaraq 28 579 ədədə çatdırılıb. “ASAN” imza ilə birlikdə əhaliyə verilmiş e-imzaların sayı isə 140 mini ötüb.

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Qrant razılaşmasına əsasən 16 telekommunikasiya qovşağının inzibati binasında  təmir işləri  aparılmışdır.

  “Mobil hökumət” texnologiyasının tətbiqi məqsədilə “Elektron hökumət” portalının mobil tətbiqi hazırlanıb və buraya 10 e-xidmət daxil edilib. Bu il xidmətlərn sayının 40-a çatdırılması nəzərdə tutulur.

Hazırda TK05-də Beynəlxalq Standartlaşdırma Təşkilatının təhlükəsizlik üzrə 4 identik milli standartının layihəsi hazırlanıb, onlardan 2-si üzrə aidiyyəti qurumlardan müsbət rəy alınıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınması üzrə işlər aparılır.

Elektron Təhlükəsizlik Mərkəzində (ETM) Təhlükəsizlik Əməliyyat Mərkəzinin qurulması üçün texniki tələblər müəyyən edilib, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə dünya ölkələrində bu sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edilib. ETM kibertəhlükəsizlik  sahəsində beynəlxalq səviyyəli problemlərin həll olunması, təhlükəli insidentlərə qarşı mübarizə infrastrukturunun yaradılması üzrə fəaliyyət göstərən “Trusted Introducer” beynəlxalq təşkilatına, sənaye, hökumət və hüquq-mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən “Anti-Phishing Working Group” beynəlxalq təşkilatına üzv olmuşdur. Mərkəz tərəfindən CERT Koordinasiya Mərkəzinin razılığına uyğun olaraq, 2014-cü ilin may ayından etibarən CERT brendinin Azərbaycan üçün qeydiyyatına başlanılıb.

ETM tərəfindən şəbəkə avadanlıqlarının təhlükəsizlik testi məqsədilə laboratoriyanın yaradılması ilə bağlı layihə hazırlanıb. Elmin İnkişafı Fondu tərəfindən 2014-cü ilin noyabr ayından etibarən layihə üzrə avadanlıqların alınması, quraşdırılması, sazlanması və test olunması prosesi davam etdirilir. Ölkəmizdə İKT sektorunun sürətli inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsidir ki, ilbəil beynəlxalq təşkilatların hesabatında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirir. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı da qabaqlayaraq Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb.

Habelə BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdirdiyi “E-Hökumət müayinəsi 2014” (“E-Government Survey 2014”) adlı hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” (E-government Development Index) üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dərc olunmuş “İnformasiya cəmiyyətinin ölçülməsi 2014” hesabatına əsasən, Azərbaycan “İKT İnkişaf İndeksi”nə görə  əvvəlki mövqeyindən 1 pillə irəliləyərək 166 ölkə arasında 64-cü yerə, “İKT Qiymət Səbəti” İndeksinə görə isə əvvəlki mövqeyindən 2 pillə irəliləyərək 166 ölkə arasında 56-cı yerə yüksəlib.

Bunlarla yanaşı, müsair texniki tələblərə uyğun və yüksək etibarlılıq səviyyəsinə və informasiya təhlükəsizliyi standartlarına cavab verən “Data Mərkəz”in yaradılması üzrə işlərə başlanılıb. “Data Mərkəz”in qurulacağı sahə texniki tələblərə uyğun olaraq hazırlanıb, texniki avadanlıqlar gətirilib, daxili kabelləşmə işləri yekunlaşmaq üzrədir.

İKT sahəsi üzrə özəl sahibkarlığın inkişaf etdirilməsi, innovativ biznesin stimullaşdırılması, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi istiqamətində ötən il bir sıra tədbirlər görülüb. RYTN-in İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən 2014-cü ilin dövlət büdcəsindən  ayrılmış 5 milyon manat vəsait hesabına İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün müsabiqələr keçirilib. Belə ki, 2014-cü il  aprelin 2-dən mayın 2-dək  I qrant müsabiqəsi keçirilmiş və təqdim olunmuş 194 layihədən maliyyələşdirilməsi qərara alınmış 31-dən 25-i üzrə vəsait artıq fond tərəfindən ayrılıb. II qrant müsabiqəsi 2014-cü il oktyabrın 15-dən noyabrın 15-dək  keçirilib, müsabiqəyə 129 layihə təqdim olunub. Fondun Müşahidə Şurası tərəfindən layihələr ekspertiza olunur. 

“Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər hesabat dövründə də davam etdirilib. Parkın tikintisi məqsədi ilə torpaq ayrılması haqqında akt, inşaat pasportu, dövlət reyestrindən çıxarış və digər zəruri sənədlər alınmış, eləcə də ərazinin topoqrafik planı və poliqon nöqtələrinin təsis edilməsi işləri görülüb. Parkın infrastrukturunun qurulması məqsədilə hazırda abadlaşma işləri həyata keçirilir. Cəlb edilmiş məsləhətçi şirkətlərlə birlikdə ərazidə yerləşdiriləcək binalar və infrastruktur üçün texniki tələblər, tenderin şərtlər toplusu və qiymətləndirmə metodu hazırlanıb. “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC tərəfindən innovativ layihələrin dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ilkin pilot layihə olaraq “PiCampus” Biznes İnkubasiya Mərkəzi yaradılıb və hazırda mərkəzdə 37 startapçı fəaliyyət göstərir. Startaplara fəaliyyət üçün əlverişli xidmət şəraiti yaradılıb. Biznes İnkubasiya Mərkəzinin daxilində 4 yeni şirkət qurulub. “YT Park” MMC-nin Müşahidə Şurası yaradılıb.

“YT Park” MMC-nin gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində görüləcək işlərin müəyyən olunması məqsədi ilə xarici məsləhətçi şirkətlə birgə MMC-nin İnkişaf Planı hazırlanmaqdadır. “YT Park” MMC Fransanın Nitsa şəhərində yerləşən “Sofia Antipolis” Texnoparkı, “Microsoft” şirkəti və Bakcell şirkəti ilə əməkdaşlıq sazişləri imzalamış, habelə MMC “İnnovasiya zonaları və Elm Parkları” Beynəlxalq Asossiasiyasına (IASP) üzv qəbul olunub.

Respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, respublika ərazisində yayımlanan TV və FM kanallarının yayım vəziyyətinin yoxlanılması, ölkənin efir məkanına qonşu ölkələrdən qanunsuz müdaxilə hallarının qarşısının alınması, tezlik spektrinin radiomonitorinqinin aparılması və qeydiyyatsız istifadə edilən radio elektron vasitələrin aşkarlanması üzrə müvafiq texniki tədbirlər görülmüşdür. Sərhədyanı ərazilərdə mobil rabitə siqnallarının tənzimlənməsi məqsədilə qonşu ölkələrlə aparılmış müzakirələr nəticəsində tezlik kanalları razılaşdırılıb. Ötən dövrdə poçt xidmətlərinin həcmi də artıb, maliyyə xidmətlərinin tətbiq coğrafiyası genişlənib. 2014-cü ildə əvvəlki illə müqayisədə ümumi məktub korrespondensiyalarının sayı 11,3 faiz, beynəlxalq daxil olan kiçik paketlərin sayı 64,5 faiz, pul köçürmələrinin sayı 11,8 faiz artıb. Hazırda 15 ATM avadanlığı və 106 POS-terminal vasitəsi ilə əhaliyə maliyyə xidməti göstərilir və il ərzində 8000 ədəd “MasterCard” loqolu beynəlxalq ödəniş kartı emissiya edilmiş və müştərilərə təqdim edilmiş belə kartların sayı  11 minə çatdırılıb.

Beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın  inkişaf etdirilməsi istiqamətində də işlər davam etdirilib. Belə ki, Koreyanın Busan şəhərində 2014-cü il oktyabrın 20-dən noyabrın 7-dək  keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) konfransında Azərbaycan ilk dəfə olaraq BTİ-nin Şurasına üzv seçilib. 2014-cü il  dekabrın 2-dən 5-dək keçirilən 20-ci “BakuTel-2014” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında ümumilikdə dünyanın 23 ölkəsindən 250 şirkət məhsul və xidmətləri nümayiş etdirib.  Sərgi-konfrans çərçivəsində bır sıra beynəlxalq və yerli səviyyəli tədbir və görüşlər keçirilib. 

 “Bakı 2015” I Avropa Oyunlarına hazırlıq işləri də davam etdirilib. Yarış və təşkilatı məkanlara 180 kilometrdən çox optik kabel çəkilmiş və əlavə 76 kilometr optik kabelin çəkilişi davam etdirilir. Oyunlarda istifadə ediləcək radio tezliklərin operativ ayrılması məqsədilə müvafiq sayt yaradılıb və Oyunlarla əlaqədar respublikaya gətiriləcək radioelektron avadanlıqların testi üçün müvafiq cihazlar alınıb. Mütəmadi olaraq, Oyunlara hazırlıq üzrə rabitə layihələrinin vaxtında icrasına nəzarət etmək məqsədilə Əməliyyat Komitəsi və RYTN-in nümayəndələrinin iştirakı ilə görüşlər və müzakirələr keçirilir. Eyni zamanda, Gənclər və İdman Nazirliyi və RYTN arasında Oyunların təşkili məqsədilə Əməkdaşlıq Haqqında Protokol imzalanıb. I Avropa Oyunlarına həsr olunmuş markaların ilk növləri hazırlanıb və Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirdə nümayiş etdirilib. Oyunların səmərəli idarə edilməsi məqsədilə digər aidiyyəti qurumların məsul nümayəndələrinin daxil olduğu İnteqrasiya qrupu yaradılıb.

Ötən il vətəndaşlarin müraciətlərinə baxılmasına da xüsusi diqqət yetirilib və icraya ciddi nəzarət olunub. 2014-cü il ərzində vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərin sayı əvvəlki illə müqayisədə 82 ədəd artaraq 2 297 ədəd, ali hakimiyyət orqanlarından daxil olan ərizələrin sayı əvvəlki illə  müqayisədə 58 ədəd azalaraq 522 ədəd təşkil edib. Eyni zamanda, respublika Prezidentinin tapşırığı ilə əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə əsasən, respublikanın 11 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüş keçirilib və bu görüşlərdə 444 vətəndaş qəbul olunub. Keçirilmiş görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll edilib, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb və  həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşrıqlar verilib.

Artıq 2015-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün sahələr üzrə müvafiq tədbirlər və icra planları təsdiq edilib,  icrasına başlanılıb və nazirliyin müvafiq şöbələri tərəfindən icraya ciddi nəzarət olunur.  Kosmik sahənin inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturun yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması nəzərdə tutulur. Bununla yanaşı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsulların hazırlanması üzrə Yüksək Texnologiyalar Parkının təməlinin qoyulması və fəaliyyətinin təşkili, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üzrə “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin  fəaliyyətinin təşkili də  qarşıda duran  vəzifələrdir.

 Bu il “Data Mərkəz”in istifadəyə verilməsi, respublikada mərkəzləşmiş avtomatik radiomonitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası üzrə stansiya və idarəetmə mərkəzinin tam istifadəyə verilməsi, rəqəmli yayımın ölkə ərazisini tam əhatə etməsi və analoq yayımın dayandırılması,

I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi  nəzərdə tutulur. Vidadi ZEYNALOV,

Vidadi ZEYNALOV
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında