Neft hansı səviyyəyədək ucuzlaşacaq?

Neftin qiymətinin ucuzlaşması ABŞ şirkətlərinin müflisləşməsinə yol açır. Artıq ilk qurban da məlumdur. Qiymətlərin aşağı düşməsi ənənəvi neft hasılatını da təhlükə altına alır, lakin Dünya Bankının mütəxəssisləri iddia edirlər ki, yaranmış vəziyyət dünya iqtisadiyyatına müsbət təsir göstərəcək. Neftin ucuzlaşmasından ilk növbədə Avropa ölkələrinın, Çin və Yaponiyanın qazanacağı iddia edilir. Ancaq “qara qızıl”ın yaxın aylar ərzində bahalaşacağı da istisna olunmur.

Dünya Bankının açıqladığı hesabatda neft qiymətlərinin aşağı düşməsinin artıq ABŞ-a zərbə vurduğu qeyd olunur. Hesabatda yazılır ki, “qara qızıl”ın ucuzlaşması qeyri-ənənəvi neft hasilatını da təhlükə altına alır. Söhbət şist neft hasilatından gedir. Son dörd il ərzində neft qiymətlərinin sabit qaldığını vurğulayan Dünya Bankının mütəxəssisləri düşünürlər ki, cari ildə “qara qızıl”ın qiyməti gözlənildiyindən aşağı olacaq. Amma beynəlxalq maliyyə təşkilatı bunu da qeyd edir ki, neftin qiyməti 2016-cı ildə artım nümayiş etdirməyə başlayacaq. Dünya Bankının mütəxəssisləri konkret qiymətləndirmələrini açıqlamırlar. Lakin  “Goldman Sachs” investisiya bankı “qara qızıl”ın qiymətlərilə bağlı proqnozlarını açıqladı və maliyyə qurumunun proqnozlarında ciddi düzəlişlər etdiyi məlum oldu.

“Goldman Sachs” investisiya bankının mütəxəssisləri düşünürlər ki, yaxın aylarda “Brent” markalı neftin qiyməti 42 dollaradək ucuzlaşacaq. Bu isə bankın ötən il verdiyi proqnozdan  demək olar iki dəfə (80 dollar) aşağı deməkdir. Bundan başqa, neftin bir barrel qiymətinin qarşıdakı altı ay üçün 43 dollardan 85 dollaradək, il ərzində isə 70 dollardan 90 dollaradək endirildiyi də bildirilir. “Goldman Sachs”  investisiya şirkətinin mütəxəssislərinin fikrincə,  dünya bazarlarında neft ehtiyatları artacaq. Bankın icmalında bu da yazılır ki, neftin saxlanması  və daşınması üçün sərbəst imkanların olması əlavə “qara qızıl”ın bazarlarda bu dəfə daha uzun müddətə qalmasına şərait yaradacaq.

Dünya Bankı da qiymətlərin aşağı düşməsini təklifin tələbdən çox olması, geosiyasi gərginliyin azalması və OPEK təşkilatının siyasi məqsədlərinin dəyişməsilə əlaqələndirir. Xatırladaq ki, dünya neft bazarının 40 faizinə nəzarət edən OPEK təşkilatı ötən il keçirilmiş sammitində neft hasilatını azaltmayacağını bildirmişdi. Təşkilat hesab edir ki, bazar öz-özünü tənzimləməlidir. Ancaq belə görünür, tənzimləmə prosesi hələ uzun müddət davam edəcək. Proses uzandıqca, qurbanlar da artacaq. Ucuzlaşma artıq ilk qurbanlarını gün işığına da çıxarır. Belə ki, bir neçə gün öncə ABŞ-da şist nefti hasilatı ilə məşğul olan şirkətin müflisləşməsi barədə xəbər yayıldı. Söhbət Texas ştatında fəaliyyət göstərən “WBHEnergy” şirkətindən gedir. Müvafiq dövlət qurumlarına müraciət edən şirkət rəhbərliyi müflisləşmənin səbəbi kimi neft qiymətlərinin aşağı düşməsini göstərir. “WBHEnergy” şirkəti 50 milyon dollar borc yarandığını və indiki şəraitdə fəaliyyətini davam etdirə bilməyəcəyini bildirir.

Lakin “Goldman Sachs” investisiya bankı Birləşmiş Ştatlarda şist neft sənayesində ciddi böhranın başlayacağını gözləmir. Belə hesab edilir ki, şist sənayesinə sərmayələrin qoyuluşu ABŞ-ın WTI markalı neftinin illik müqavilələrinin 55 dollar civarında olacağı təqdirdə dayana bilər. Ancaq hazırda bu markalı neft üzrə illik müqavilələr 65 dollar səviyyəsindədir. Qeyd etmək yerinə düşərdi ki, WTI və “Brent” markalı neft növləri arasında qiymət fərqi hazırda təqribən 2 dollar təşkil edir. Bəzi mütəxəssislər fərqin getdikcə artacağını proqnozlaşdırırlar. Belə düşünülür ki, neft bahalaşa bilər, ancaq qiymətlərin 100 dolları keçəyi yaxın aylarda müşahidə olunmayacaq. Səudiyyə Ərəbistanını şahzadəsi Əbu Valid ibn Təlal isə, ümumiyyətlə, konkret danışır. O, neftin bir daha 100 dollar olacağına inanmadığını açıqlayır. Məşhur işadamı hesab edir ki, bir barrel neftin 100 dollardan yüksək olması süni amillərlə bağlı idi. Əbu Valid ibn Təlal Səudiyyə Ərəbistanının və ABŞ-ın Rusiyaya qarşı “təxribat” etməsi barədə iddialara da inanmadığını vurğulayır. Onun sözlərinə görə, neftin ucuzlaşması Səudiyyə Ərəbistanına da mənfi təsir göstərir: “Əgər Səudiyyə Ərəbistanı bu addımı atsaydı, ilk növbədə öz ayağına atəş açmış olardı”.

Mübahisəli olsa da, Dünya Bankının mütəxəssisləri hesab edirlər ki, ucuz neft dünya iqtisadiyyatına müsbət təsir göstərir. İlk növbədə Avropa ölkələrinin, Çin və Yaponiyanın mənfəət qazandıqları iddia olunur. Amma mütəxəssislər bildirirlər ki, neft ucuzlaşmasından sonra Avropa Birliyi ölkələrində iqtisadi artım müşahidə edilmir. Bununla belə, “Köhnə Dünya”nın yaxın perspektivdə neft qiymətlərinin ucuzlaşmasından qazanacağı heç kimdə şübhə oyatmır. Asiya- Sakit okean regionu ölkələri barədə də eyni sözləri demək olar. İri neft istehlakçısı olan Çin  və Yaponiya “qara qızıl”ın qiymətinin aşağı düşməsi sayəsində xərcləri azaltmağı və iqtisadiyyata milyardlarla dollar gəlir gətirməyi planlaşdırır. Bununla yanaşı, Dünya Bankı neftin ucuzlaşmasından yaranmış imkanları maliyyə buferlərinin gücləndirilməsi üçün istifadə etməyi məsləhət görür. Amma beynəlxalq maliyyə təşkilatının hesabatında belə bir fikir də vurğulanır ki, hazırda iqtisadiyyatın fiskal stimullaşdırma imkanları 2008-ci il ilə müqayisədə təqribən üç dəfə aşağıdır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında