Azərbaycanda turizmin inkişaf perspektivləri

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın isə 6 faizini təşkil edir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.

Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.

Kadr hazırlığı diqqət mərkəzindədir

Azərbaycanda turizm sahəsindəki davamlı inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan ehtiyac da sürətlə artmışdır. Bu ehtiyacın təmin olunması məqsədilə hələ Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli qərarı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdır. Azərbaycan Turizm İnstitutu (ATİ) 15 sentyabr 2006-cı il tarixində 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlamışdır. Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1527 nəfər, magistraturada 146 nəfər, doktoranturada 69 nəfər, ikinci ali təhsildə 27 nəfər təhsil alır. Bundan başqa, ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində (BTPM) 12 ixtisas üzrə 460 şagird sahənin tələbatına uyğun peşələrə yiyələnir. Beləliklə, ATİ sistemində bütövlükdə 2229 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır.

Ölkəmizdə yeni iş yerlərinin açılması ilə yüksək intellektli mütəxəssislərə tələbat artdıqca, təbii olaraq, ali təhsildə keyfiyyətin əhəmiyyəti də gündəmə gəlir. Bir neçə ildir ki, ölkə ali təhsil ocaqlarında tədrisin Boloniya prosesinin tələbləri əsasında həyata keçirilməsinə başlanılıb. Bu yenilik digər ali təhsil ocaqlarında öncə eksperiment kimi tətbiq edildiyi halda, ATİ Boloniya prosesini həyata keçirən ilk təhsil müəssisələrindən biri olmuşdur. Tədrisin bu prinsiplər əsasında təşkili ATİ-nin Avropa təhsil müəssisələri ilə sərbəst əməkdaşlığına şərait yaradıb. Belə ki, ATİ Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və magistr hazırlığı sahəsində ikili diplom proqramını uğurla həyata keçirməklə yanaşı, Avropanın digər ali məktəbləri ilə də sıx əməkdaşlıq etməkdədir.

Ölkənin digər ali təhsil ocaqlarından fərqli olaraq, ATİ tələbələrinin öz nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur. ATİ tələbələrinin əksəriyyəti Türkiyə, İsrail, Şimali Kipr Türk Cümhuriyyəti, Almaniya, Yunanıstanda yay tanışlıq və istehsalat təcrübəsi keçir. 

ATİ-ni indiyədək 1064 məzun bitirib, lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin sayı 10 min nəfərdən çoxdur. Həmin işçilərin əlavə təhsil proqramı və qısamüddətli kurslar vasitəsilə ixtisas artırmasına, yenidən hazırlanmasına (ixtisas dəyişməsinə) nail olmaq üçün müvafiq işlər görülür. Bununla bərabər, bacarıqlı xidmət personalının hazırlanması üçün 2008-ci ildə ATİ-də Təlim Mərkəzi yaradılmışdır. Mərkəz tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə də “Bələdçi”, “Turoperator və turagent” və “Qeydiyyat-ön büro” peşə istiqamətləri üzrə kurslar təşkil olunmuşdur. Bələdçi kurslarını bitirmiş şəxslər üçün Beynəlxalq Turizm Bələdçiləri Federasiyası ilə birlikdə HOT 1 təlimi təşkil edilmiş və beynəlxalq sertifikatlar almışlar.

Bu günədək ATİ-ni 1031 bakalavr və 33 magistr bitirmişdir. Onlardan 97 nəfəri (94 bakalavr və 3 magistr) ATİ ilə yanaşı, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır.

Ölkənin sürətli iqtisadi inkişafının davamlılığının təmin edilməsi strategiyası çərçivəsində “Qara qızılı insan kapitalına çevirmək” ideyası çərçivəsində atılmış son mühüm addım olan Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ölkədə təhsilin bütün pillələrində ciddi və köklü dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulub.

Məhz bu tədbirlər çərçivəsində ATİ-də müasir tələblərə cavab verən kadrların hazırlanması prosesinin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 22 dekabr 2014-cü il tarixində ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaranmışdır. Bu, ölkə Prezidentinin təhsilə, turizm sektorunun inkişafına, ümumiyyətlə, ölkədə müasir menecment təcrübəsinin tətbiqinə verdiyi böyük dəstək olmuşdur.

Azərbaycan Turizm və Menecment Universiteti ATİ-nin varisi olaraq mövcud ixtisaslar qalmaqla, yeni ixtisasların açılması ilə yaxın 5-10 ildə beynəlxalq tələblərə cavab verən, öz akademik şəhərciyi olan, beynəlxalq akkreditasiyadan keçmiş 25-dən çox ixtisas üzrə təxminən 6-8 min tələbəsi olan “tədris-təlim-təcrübə-tədqiqat” modelinə əsaslanan turizm və digər xidmət sahələrində aparıcı dövlət ali təhsil müəssiəsinə çevrilməyi nəzərdə tutur.

Eyni zamanda, turizmin inkişafı üçün mövcud olan dəyərləri qorumaq, bütün regionlarda turizmin balanslaşdırılmış səviyyədə inkişafını təmin etmək, düzgün idarəetmə və turizm ehtiyatlarından səmərəli istifadə mexanizmlərini qurmaq üçün respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən, rəqabətədavamlı turizm xidməti sahələrinin yaradılması zərurəti nəzərə alınaraq, yaxın 10 ildə ölkədə yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması nəzərdə tutulur. Məhz bu ehtiyacı ödəmək, regionlarda inkişafı peşəkarlarla davamlı etmək üçün işlər görmək lazımdır.

Turizm sənayesinin inkişafı ilə bağlı aparılmış tədqiqatların nəticələrinə görə, 2020-ci  illərdə turizm təhsilinin müxtəlif səviyyələri üzrə ixtisaslaşmış təxminən 70-75 min nəfərə ehtiyac olacaqdır. Bu ehtiyacı ödəmək üçün kompleks tədbirlər görüləcəkdir.

Təbliğat vasitəsi kimi elektron marketinqin rolu artır

Son vaxtlar elektron vasitələrin mühüm və effektiv marketinq kanalına çevrilməsi turizm sahəsində ondan daha geniş istifadə edilməsi üçün zəmin yaratmışdır. Tədqiqatlar göstərir ki, inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron marketinq üsullarından daha geniş istifadə olunur və bu, daha böyük potensiala malikdir. Bunları nəzərə alaraq, elektron vasitələrlə Azərbaycanın turizm potensialının xarici ölkələrdə reklamının aparılması təbliğat siyasətimizin prioritetlərindən biri hesab olunur.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış www.azerbaijan.travel rəsmi milli turizm portalı son illər ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları (uniquesellingpoints), turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və təbliğat vasitəsi rolunu oynamışdır. Bu internet saytı 2013-cü ildə Azərbaycan, ingilis, rus və çin dillərində yaradılmışdır. 2014-cü il ərzində saytın türk və fransız versiyaları təhvil verilmiş, alman versiyası isə gələn ilin əvvəlində istifadəyə veriləcəkdir. Beləliklə, ölkəmizin rəsmi turizm internet portalı bu ildən etibarən 7 dildə fəaliyyət göstərəcək. Qeyd etmək lazımdır ki, 2014-cü il ərzində sayta Azərbaycan, Rusiya, Böyük Britaniya, Ukrayna, ABŞ və digər ölkələrdən təxminən 600000 nəfər istifadəçi daxil olmuşdur.

Bununla yanaşı, gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman və rus saytlarında müvafiq elektron banerlər yerləşdirilmiş, onlayn müsabiqələr keçirilmişdir.

Qeyd olunan dövr ərzində Mədəniyyyət və Turizm Nazirliyinin turizm üzrə facebook səhifəsində ölkəmizin turizm potensialı haqqında məlumat və xəbərlər, habelə müvafiq şəkillər yerləşdirilmişdir. Hazırda nazirliyin turizm üzrə facebook səhifəsi izləyicilərin sayına görə (like-lar üzrə) dövlət qurumları tərəfindən yaradılmış müvafiq səhifələr sırasında 4-cü yerdədir.

“Euronews” telekanalının rəsmi saytı olan euronews.net səhifəsində Azərbaycanın reklamı ilə bağlı kiçik baner yerləşdirilib və bu baner vasitəsilə 48 559 istifadəçi www.azerbaijan.travel ttp://www.azerbaijan.travel vebsaytına daxil olub və ümumilikdə, bu müddətdə sayta daxil olan 8 milyona yaxın insan Azərbaycan haqqında məlumatlanmışdır. Maraqlıdır ki, ötən ilin əvvəlindən indiyədək bu baxımdan ən yüksək göstərici əldə edilmişdir.

Yeri gəlmişkən, Azərbaycan banerinin Avropada 64 faiz, Asiyada 11,3 faiz, Şimali Amerikada 10,2 faiz, Yaxın Şərqdə isə 5,9 faiz izləyicisi olub.

Bundan əlavə, dünyanın nüfuzlu turizm portalı olan “HolidayCheck.com” da Azərbaycanın turizm potensialına dair alman dilində mikrosayt yaradılmışdır. Saytda ölkəmiz haqqında ümumi məlumat, sağlamlıq, çimərlik, mədəniyyət haqqında məlumatlar yerləşdirilmişdir. Mikrosayta 1 ay müddətində 719 226 baxış olmuşdur.  

Elektron marketinq vasitələrinin ənənəvi üsullardan daha effektiv və nisbətən ucuz olmasını nəzərə alaraq e-marketinq sahəsində tədbirlərin çoxaldılmasını məqsədəuyğun hesab edirik.

Azərbaycanın mədəniyyət və turizm potensialının xaricdə təbliğ və təşviq olunması, ölkəmizdə keçirilən mühüm tədbirlərin digər dövlətlərdə işıqlandırılması, əcnəbi turist axınının çoxaldılması məqsədilə biz bəzi populyar televiziya kanalları (CNN, Euronews, habelə rus,fransız, türk televiziya kanalları...) ilə əməkdaşlıq edirik.

2014-cü ildə CNN kanalı ilə əməkdaşlıq çərçivəsində Avropa, Yaxın Şərq və Afrika ölkələrində Azərbaycana həsr olunmuş video-çarxlar 960 dəfə nümayiş etdirilmişdir.

Qeyd olunan dövr ərzində “Euronews” televiziya kanalında Azərbaycan turizm potensialına həsr olunmuş videoçarxların nümayişi ilə yanaşı, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlar tərəfindən təşkil olunmuş konfrans, festival və başqa tədbirlərə həsr olunmuş verilişlər hazırlanmışdır.

Rusiyada, fransız dilli ölkələrdə və Türkiyədə turizm potensialımızın təbliğ olunması məqsədilə Fransanın TV5 Monde, France 24,Rusiyanın CTC, “Rossiya 1”, “Moya planeta” və digər kanallarda və Türkiyənin CNN Türk, “World Travel Channel”, TRT 1, “Kanaltürk” kanallarında müvafiq videoçarx kampaniyaları və verilişlərin yayımı həyata keçirilmişdir.

Həmçinin Rusiyanın televiziya kanallarında ölkəmizə həsr olunmuş verilişlər göstərilmişdir. Novruz bayramına həsr edilən filmin istehsalı və “Rossiya 2, “Moya planeta” telekanallarında nümayiş etdirilməsi məqsədilə “Rossiya” telekanalının əməkdaşları üçün ölkəmizə səfər təşkil olunmuşdur.

Respublikamızın turizm potensialını əks etdirən filmin istehsalı və “Rossiya 2" və ”Moya planeta" telekanallarında yayımlanan “Za kadrom” televiziya layihəsində nümayişi məqsədilə Bakı şəhərində və regionlarda çəkilişlər aparılmışdır.

Ümumiyyətlə, 2014-cü ildə xarici populyar televiziya kanallarında aparılan təbliğat kampaniyaların coğrafiyası genişləndirilmişdir.

Azərbaycana viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn əcnəbi turistlərin işini asanlaşdırmaq məqsədilə dövlət başçımızın  müvafiq sərəncamı ilə 2013-cü ilin mart ayından onlara elektron turist vizalarının verilməsi tətbiq olunur.

Ölkəmizdə elektron turist vizasının tətbiqi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə lisenziya almış turizm şirkətlərinin gəlmə turizm növünə marağını artırmışdır. Hazırda elektron turist vizasının verilməsi ilə bağlı nazirlik tərəfindən 55 turizm şirkəti akkreditasiyadan keçmişdir.

2013-cü il ərzində turizm şirkətləri tərəfindən elektron turist vizası vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 6,147 nəfər təşkil etmişdir. 2014-cü ilin yanvar-dekabr ayında bu rəqəm 16,735 nəfər olmuşdur.

Vətəndaşların rahatlığının təmin edilməsi, şəffaflığın artırılması və yeni texnologiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm və mehmanxana fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması və müraciətlərin edilməsi üçün nazirliyin rəsmi internet səhifəsində xüsusi portal (http://www.e-services.mct.gov.az) yaradılmışdır. Bu portal vasitəsilə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün edilən müraciətlərə baxılaraq, lisenziyaların rəsmiləşdirilməsi həyata keçirilir.

Qış turizminin geniş infrastrukturu yaradılır

Məlum olduğu kimi, ölkəmizdə davamlı turizmə nail olmaq üçün qış turizm bazasının yaradılması və mövsümlük anlayışının aradan qaldırılması zərurəti yaranmışdır.

Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasındakı “Şahdağ” Yay-Qış Turizm Kompleksi dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənəcəkdir. Kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılmış və 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulmuşdur. Bu nəhəng obyektin tikintisi zamanı ölkə başçısının görülən işlərlə yerində tanış olması məqsədilə həyata keçirdiyi səfərlər dövlət tərəfindən turizmə göstərilən qayğının bariz nümunəsidir.

“Şahdağ” Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Dünyada ən mükəmməl layihələrdən biri olan “Şahdağ” Yay-Qış Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açmışdır.

 Kompleks Azərbaycan tarixində ilk dağ-xizək kurortudur. Ölkə Prezidenti cənab İlham Əliyev Qusar rayonuna səfərləri çərçivəsində kompleks ərazisində həm 2012-ci ildə, həm 2013-cü ildə bir neçə hotelin açılışında iştirak etmişdir.

Azərbaycanda qış turizm sənayesinin yaradılması və inkişaf etdirilməsi məqsədilə “Şahdağ” Yay-Qış Turizm Kompleksinin ilkin mərhələdə istifadəyə verilmiş hissəsində 2012-2013-cü ilin qış mövsümündən qonaqların qəbuluna başlanılmışdır. İndiyədək  təxminən iki yüz minə yaxın yerli və əcnəbi turist kompleksə səfər etmişdir.

Onu da deyək ki, bir neçə il öncəyə kimi Azərbaycan vətəndaşları qış mövsümündə turizm məqsədilə digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahdağ” Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.

Özəl sektorun uğurlu addımları

Azərbaycan turizm bazarının formalaşması və inkişaf tarixi 2001-ci ildən başlayıb desək, daha doğru olar. Məhz həmin ilin 4 iyul tarixində ulu öndər Heydər Əliyevin sərəncamı ilə bu sahəyə nazirlik statusu verildi. Ötən illər ərzində dövlətin hərtərəfli dəstəyi nəticəsində Azərbaycanın turizm sənayesinin inkişafına başlanmışdır. Təsadüfi deyil ki, 2001-ci ildə respublikamızda cəmi 3 turizm şirkəti olduğu halda, hazırda bu rəqəm 276-dır. Bu şirkətlərin 35 faizi gəlmə və daxili turizm, 65 faizi isə getmə turizm növü ilə məşğul olur.

2014-cü il ərzində 79 mehmanxana və mehmanxana tipli obyektə xüsusi razılıq (lisenziya) verilmişdir. Hazırda bu obyektlərin sayı 304-dür. Bunlardan 134-ü Bakı şəhərində, 170-i isə respublikamızın regionlarında fəaliyyət göstərir.

2014-cü ilin I yarımilliyinin məlumatlarına əsasən, otaqların sayı 16,876 (inişilin müvafiq dövrü ilə müqayisədə 7,1 artıq), birdəfəlik tutum isə 34,731 (6,1 faiz artıq) olmuşdur.

Mehmanxana və mehmanxana tipli obyektlərdə çalışan işçilərin sayı 8,118 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur. 2014-cü ilin I yarısında göstərilən mehmanxana xidmətindən əldə olunan gəlir isə təqribən 80 milyon manat təşkil etmişdir.

2013-cü ilin müvafiq dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5 faiz artım müşahidə olunmuşdur. Bu da ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasının, sahibkarların bu sahəyə marağının artmasının və turizmin davamlı olaraq inkişafının göstəricisidir.

Azərbaycanın turizm şirkətlərinin və mehmanxanalarının birgə fəaliyyətini özündə birləşdirən və hazırda 300-ə yaxın üzvü olan Azərbaycan Turizm Assosiyası fəaliyyət göstərir. Bu təşkilatın əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir.

Bununla yanaşı, 2014-cü ilin əvvəlindən etibarən Azərbaycan Konqreslər Bürosu (AKB) fəaliyyət göstərir. Ölkəmizə biznes tədbirlərinin cəlb olunması vasitəsilə Azərbaycanda işgüzar  turizmin inkişaf etdirilməsi məqsədilə fəaliyyətə başlayan təşkilat (MİCE) dövlət və özəl sektorlarının partnyorluq modeli üzrə yaradılmışdır. Belə ki, AKB Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsü nəticəsində təsis edilmişdir.

2014-cü ildə turizm sahəsində yaradılan təşkilatlardan biri də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasıdır. Bu təşkilatın fəaliyyət istiqaməti Azərbaycanda sağlamlıq turizminin inkişafına töhfə vermək, bu sahədə geniş potensialı olan ölkəmizi bu turizm növü kimi də tanıtmaqdır.

*  *  *  *

Beləliklə, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. Əldə edilən nəticələr, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektorun apardığı birgə siyasət öz səmərəsini verir.

Vüqar ŞİXƏMMƏDOV,
Mədəniyyət və Turzim Nazirliyinin
informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında