Azərbaycanın sənaye potensialı artır

2010-cu ilin 8 ayında ölkədə 18,3 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur
Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi cari ilin əvvəlindən davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı bir qədər də artmışdır. İlin ötən dövrü ərzində əldə edilmiş nailiyyətlərin, tərəqqinin əyani təcəssümü olan makroiqtisadi göstəricilər ölkəmizin inkişaf sürətinə görə dünya öncülləri sırasındakı mövqeyinin qorunub saxlanmasını təmin etmişdir. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir. Ötən ilin aprel ayında qəbul olunmuş ikinci regional inkişaf proqramının icrası bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir. Bütün bunlar isə ölkədə iqtisadiyyatın dinamik və tarazlı inkişafını təmin etmişdir.
Dövlət Statistika Komitəsinin 2010-cu ilin yanvar-avqust aylarının sosial-iqtisadi inkişafına dair məlumatında bildirilir ki, hesabat dövründə Azərbaycanda 26,2 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz və ya müqayisəli qiymətlərlə 830,9 milyon manat çoxdur.
Cari ilin səkkiz ayında ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 55,1 faizi sənaye sahələrində, 4,7 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 6,8 faizi tikinti kompleksində, 7,9 faizi ticarət, pullu xidmət və ictimai iaşə sahələrində, 6,3 faizi nəqliyyatda, 2 faizi rabitədə, 10,7 faizi digər xidmətlər və sosial sahələrdə yaradılmış, 6,5 faizi isə məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Hesabat dövründə ölkənin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artmışdır. Ötən səkkiz ay ərzində ölkədə adambaşına 2939 manatlıq (3657,7 ABŞ dolları), yaxud 2009-cu ilin eyni dövründəkindən 2,7 faiz çox əlavə dəyər istehsal olunmuşdur.
Göründüyü kimi, dünyada davam etməkdə olan maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etmişdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhranın yaratdığı böyük çətinliklər ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzülə uğrasa da, işsizlik artsa da, Azərbaycanda yeni istehsal sahələri yaradılmış, iqtisadiyyat artmışdır. Həm dövlət investisiyaları, eləcə də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmişdir.
2010-cu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatının əsasını təşkil edən mühüm sənaye sahələrində də inkişaf tendensiyası müşahidə olunmuşdur. Belə ki, ölkə sənayesi iqtisadiyyatda ən böyük xüsusi çəkiyə malik olmaqla ÜDM-in artım sürətini təmin etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 18,3 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Sənaye məhsulunun 14 milyard manatlığı və ya 76,5 faizi mədənçıxarma, 3 milyard 343,9 milyon manatlığı və ya 2 faizi emal, 856,8 milyon manatlığı və ya 4,7 faizi isə elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 105,3 milyon manatlığı və ya 0,5 faizi su təchizatı bölməsində yaradılmışdır. Göründüyü kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və son 5-6 ildə onun real həcmi təqribən 2,6 dəfə artmışdır. Ölkə Prezidenti İlham Əliyev bu amili son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasəti ilə əlaqələndirmişdir.
Onu da qeyd etmək lazımdır ki, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adı çəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.
Neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da inkişaf tendensiyası sürətlənir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətə davamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır.
2010-cu ilin yanvar-avqust aylarında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 82 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,4 faizi sənaye mallarının, 6,6 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur.
Hesabat dövründə istehsal olunmuş sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilmişdir. Bununla yanaşı, 2010-cu ilin sentyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərin qalan qalıqlarıda nəzərə alınmaqla 208,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Ehtiyatların daha çox hissəsi - 77 faizi Bakı şəhərinin payına düşmüşdür. Qalan hissəsi isə Sumqayıt (5,5 faiz), Gəncə (2,2 faiz), Mingəçevir (0,8 faiz) və respublikanın digər rayonlarının sənaye müəssisələrinin anbarlarında qalmışdır. Bundan əlavə, anbarlarda başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,7 milyon manat məbləğində digər mallar da olmuşdur.
Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, yanvar-avqust aylarında mədənçıxarma və ya hasilat sənayesində 14 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Hesabat dövrü ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan müəssisələr tərəfindən 28,6 milyon ton xam neft və 6,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir. Bu da 2009-cu ilin eyni dövrünün səviyyəsini müvafiq olaraq 2,8 faiz və 1,4 faiz üstələmişdir. Bütövlükdə isə ötən səkkiz ay ərzində ölkə üzrə 34 milyon 254,9 min ton xam neft və 17 milyard 630,3 milyon kubmetr təbii qaz (11 milyard 208,8 milyon kubmetri əmtəəlik qaz) hasil olunmuşdur. Neft və qaz hasilatlarında müvafiq olaraq 2,2 faiz və 12,1 faizlik artım qeydə alınmışdır.
Ötən il ölkəmizdə qızıl istehsalına başlanılmasını da əlamətdar hadisə kimi dəyərləndirmək olar. Azərbaycan Beynəlxalq Mədən Şirkəti tərəfindən cari ilin səkkiz ayı ərzində 1,2 ton qızıl hasil edilərək təmizlənməyə göndərilmişdir. Onu da deyək ki, dünya bazarında qızılın qiymətinin kəskin bahalaşdığı bir şəraitdə mədənçıxarma bölməsinin bu sahəsinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.
2010-cu ilin yanvar-avqust aylarında mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 2 milyon 302,1 min ton çınqıl, qırma daş, xırda çay daşı, 810 min ton tikinti qumu, 249,6 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilmişdir. Duzun hasilatı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 3,4 min tona çatmışdır.
Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları ( ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 3 milyard 343,9 milyon manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın daha çox hissəsi qida məhsullarının payına düşmüşdür. Belə ki, səkkiz ayda mühüm növ qida məhsullarından sayılan makaron, ət, süd, kərə yağı, cem və marmeladlar, həmçinin duru bitki yağları istehsalı xeyli artmışdır.
Emal sənayesinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən ötən dövr ərzində 35,5 milyon manatlıq məhsul istehsal olunmuşdur. Yanvar-avqust aylarında pambıq lifi, pambıq iplik, xalça və xalça məmulatları, kişi və oğlanlar üçün kostyum, corab məmulatları istehsalında daha çox artım qeydə alınmışdır.
Emal sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində isə səkkiz ay ərzində 9, 2 faiz artım müşahidə olunmuşdur. Hesabat dövründə ölkədə 817,5 min ton avtomobil benzini, 399,8 min ton ağ neft, 1,7 milyon ton dizel yanacağı, 149,2 min ton neft bitumu və 51,2 min ton sürtkü yağları istehsal olunmuşdur.
Adı çəkilən bölmənin kimya sənayesində, rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə isə səkkiz ay ərzində 147,4 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından lak-boya məmulatlarının, polietilenin, rezin və plastmas məmulatlarından isə bərk polietilen boruların, borucuqların və qolların istehsalı xeyli artmışdır.
Yanvar-avqust aylarında tikinti materialları sənayesində 251,4 milyon manatlıq məhsul istehsal edilmişdir . Müəssisələr tərəfindən 845,6 min ton sement, 30,8 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 22 min ton asfalt və 627,6 min ton hörmə üçün hazır beton qarışığı istehsal olunmuşdur.
Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə cari ilin yanvar-avqust aylarında 114,6 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Adı çəkilən bölmənin maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində isə 97,7 milyon ton manatlıq məhsul buraxılmışdır.
2010-cu ilin səkkiz ayında ölkədə 395 ədəd "Belarus" tipli traktor, 329 ədəd "Lifan" markalı minik avtomobili, 477 ədəd "MAZ" markalı yük avtomobili istehsal edilərək satışa çıxarılmışdır. Bu dövrdə Azərbaycanda kompyuter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul buraxılışının həcmi 61,7 milyon manat təşkil etmişdir.
Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar, kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 856,8 milyon manatlıq məhsul istehsal olunmuş, xidmətlər göstərilmişdir. Cari ilin səkkiz ayında ölkədə 11,9 milyard kVt-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 22,6 faizi su elektrik stansiyalarının, 77,4 faizi isə elektrik stansiyalarının payına düşmüşdür.
2010-cu ilin yanvar-avqust aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin hər beş nəfərindən üçü dövlət bölməsinə, ikisi isə qeyri-dövlət bölməsinə məxsus müəssisələrdə çalışmışdır. Sənaye işçilərinin orta aylıq əməkhaqqı 449,5 min manat təşkil etmişdir. Qeyri-dövlət müəssisələrində işçilərin əmək haqqı 570,6 manat olmuşdur ki, bu da dövlət müəssisələrində işləyənlərin əmək haqqından 1,6 dəfə yüksəkdir.
Yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, ikinci regional inkişaf proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi , eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və s. amillər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında