Son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafı dünyanın əksər ölkələrinin və beynəlxalq nüfuzlu təşkilatlarının diqqətini cəlb edib. Artıq sosial-iqtisadi inkişafın Azərbaycan modeli beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilir, bəyənilir. Yola saldığımız 2014-cü il də ölkəmiz üçün bu baxımdan əhəmiyyətli və yaddaqalan oldu. Belə ki, ötən il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, eləcə də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşdü. Bütün bu nailiyyətlərin təməlində isə, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi strategiyanın Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun davam etdirilməsi dayanır.
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli giriş və yekun nitqlərində səsləndirilən fikirlər Azərbaycanın dinamik inkişaf yolu ilə inamla irəliləməsinə, ölkəmizin çox böyük inkişaf potensialına malik olmasına əminliyi bir daha artırdı. Artıq inkaredilməz faktdır ki, son illər dünyada davam edən və bir çox ölkələrdə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycanın dinamik inkişafı davam etmiş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla yerinə yetirilmişdir. Ötən ilin əvvəlində dövlət başçısının ölkədə ümumi daxili məhsulun, xüsusən də qeyri-neft sektorunun artırılması ilə bağlı qarşıya qoyduğu vəzifə tam yerinə yetirilmiş, iqtisadiyyatımız təxminən 3 faiz artmışdır. İl ərzində Azərbaycanda inflyasiya cəmi 1,4 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 4,8 faiz artmışdır. Bu da dünyada qlobal maliyyə böhranının davam etdiyi bir şəraitdə olduqca yüksək göstəricidir. Bütövlükdə isə, beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artmışdır. Bütün bunlar, heç şübhəsiz, son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlərin bariz nümunəsi, aparılan siyasətin təzahürüdür.
Sevindirici haldır ki, hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Prezident İlham Əliyev hökumətin iclasındakı giriş nitqində yola saldığımız ilin ölkəmiz üçün uğurlarla zəngin olduğunu diqqətə çatdıraraq demişdir: “2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir”.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyulmuş, ölkəmiz özününün enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, bir sıra Avropa ölkələrinin də enerji təminatına mühüm töhfələr verməyə başlamışdır. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən şaxələndirmə siyasəti qeyri- neft sahələrinin də sürətli inkişafına səbəb olmuşdur. Təkcə onu qeyd etmək yetərlidir ki, son beş ildə ölkə iqtisadiyyatının artımı, əsasən, qeyri-neft sahələrinin inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatmışdır. Elə ötən il ölkəmizdə qeyri-neft sektorunun əvvəlki ilə nisbətən 7 faiz, qeyri-neft sahələrindən dövlət büdcəsinə daxilolmaların isə 19,5 faiz artması da dünya üzrə yüksək göstərici sayılır.
Son illər neft gəlirlərinin kəskin artımı fonunda Azərbaycanın maliyyə imkanlarının xeyli genişlənməsi ölkədə müasir infrastruktur təminatının yaradılmasına, çoxsaylı layihələrin icrasına, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə və regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsinə səbəb olmuşdur. Yeri gəlmişkən, hazırda ölkəmizin iqtisadi strategiyasında sənayeləşmə siyasəti, xüsusilə qeyri-neft sənayesinin, habelə informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının və turizmin inkişafı əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
Qeyd etdiyimiz kimi, son illər Azərbaycanın maliyyə imkanlarının xeyli dərəcədə artması ölkədə investisiya qoyuluşuna müsbət təsir göstrəmişdir. Keçən il Azərbaycan iqtisadiyyatına qoyulmuş 27 milyard dollar həcmində investisiyanın 16 milyard dollarının məhz daxili investisiyaların payına düşməsi də bunun bariz nümunəsidir. 2014-cü ildə dövlət investisiyaları hesabına Heydər Əliyev Beynəlxalq Aeroportu yenidən qurulmuş, Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilmiş, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilmişdir. Ötən il, həmçinin Yer səthini müşahidə edən peykimizin orbitə buraxılması Azərbaycanda kosmik sənayenin sürətli inkişaf yolunda olduğunu bir daha təsdiq etdi.
Yola saldığımız 2014-cü il, həm də Azərbaycanda sənayenin sürətli inkişaf dövrü kimi tarixə düşmüşdür. Belə ki, dövlət başçısı İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermiş, il ərzində ölkəmizdə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal imkanları xeyli genişləndirilmişdir. Bunun da hesabına ölkədə 100 mini daimi olmaqla 123 min yeni iş yeri açılmışdır. “Sənaye ili” çərçivəsində istifadəyə verilmiş illik istehsalı 2 milyon ton təşkil edən “Norm” sement zavodu ölkənin bu sahədə idxaldan asılılığını tamamilə aradan qaldırmaqla yanaşı, ixrac imkanlarını da artırmışdır. “Azərbaycan Polad İstehsalı Kompleksi” Səhmdar Cəmiyyətinin formalaşdırılması, “Daşkəsənfilizsaflaşdırma” müəssisəsinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması istiqamətində reallaşdırılan işlər, həmçinin ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün həyata keçirilən işlər isə Azərbaycan sənayesinin inkişafında yeni və sürətli inkişaf mərhələsinin əsasını qoymuşdur. Heç şübhəsiz, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcəkdir.
Məlum olduğu kimi, on bir il əvvəl birinci regional inkişaf proqramının qəbul edilməsi ilə olkəmizdə tarazlı sosial-tərəqqinin əsası qoyuldu. Ötən illər ərzində Azərbaycanın dövlət başçısı İlham Əliyevin regionlara müntəzəm səfərləri, bir sıra iri infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirakı və həmin layihələrin icrasını xüsusi nəzarətdə saxlaması ölkəmizin tarazlı inkişafını təmin etmiş, bölgələrin sosial-iqtisadi mənzərəsinin büsbütün dəyişməsinə, yeniləşməsinə gətirib çıxarmışdır. Sevindirici haldır ki, ölkə Prezidentinin tapşırıq və tövsiyələri regionların, eləcə də Bakı qəsəbələrinin inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamışdır. Bundan əlavə, sosial sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Hazırda Azərbaycanda mövcud olan əlverişli biznes mühiti ölkə iqtisadiyyatının başlıca hərəkətverici qüvvələriindən sayılan sahibkarlığın inkişafına da əlverişli imkan yaratmışdır. Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində Azərbaycanda özəl bölmə dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki, 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir.
Nazirlər Kabinetinin iclasında ötən il əldə olunmuş uğurlarla yanaşı, 2015-ci ildə ölkə qarşısında duran mühüm vəzifələr, həlli vacib məsələlər müəyyənləşdirildi. Bu məsələlər iclasa sədrlik edən ölkə Prezidenti İlham Əliyevin yekun nitqində öz konkret ifadəsini tapdı. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, dövlət başçısının 2015-ci ilin dünya iqtisadiyyatı üçün çox ağır il olmasına baxmayaraq, əvvəlki dövrlərdə aparılan siyasətin, şaxələndirmənin, düşünülmüş iqtisadi islahatların, ictimai-siyasi sabitliyin bu ili də uğurla başa vuracağımıza əminliyi xeyli artırır. Azərbaycanın özünü dünyanın bir parçası kimi çoxdan təsdiq etdiyini, ölkəmizin açıq iqtisadiyyat, açıq siyasət, açıq qapılar siyasəti apardığını diqqətə çatdıran dövlət başçısı 2015-ci ildə, hər şeydən əvvəl, iqtisadi inkişafın artım sürətinin qoruyub saxlamağın vacibliyini önə çəkdi. Qeyri-neft sektorunun inkişafının yenə də iqtisadi siyasətimizin prioritet istiqaməti olacağını vurğulayan Prezident İlham Əliyev regional inkişaf proqramının icrasının, sahibkarlığın inkişafının, özəl bölməyə dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsinin, sənayeləşmə siyasətinin, xarici investisiyaların cəlb edilməsinin, eləcə də neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsinin bu il də davam etdiriləcəyini qarşıya mühüm vəzifə kimi qoydu.
Hazırda dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsinin 2015-ildə Azərbaycanın gəlirlərinin azalmasına səbəb olacağını bildirən Prezidentimiz dövlət strukturlarının da özlərini məsuliyyətli aparmalarını, israfçılığa yol verilməmələrini tövsiyə etməklə yanaşı, prioritet olmayan layihələrə razılıq verilməyəcəyini qeyd etdi. Bununla belə, 2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələrin tam şəkildə icra ediləcəyini diqqətə çatdıran İlham Əliyev bu il ünvanlı sosial yardımların verilməsinin, əhalinin pul gəlirlərinin artırılmasının, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasının davam etdiriləcəyini söylədi. Eyni zamanda, infrastruktur layihələri, ilk növbədə, içməli su ilə bağlı olan layihələr, habelə qazlaşdırma, elektrik xətlərinin təmiri və çəkilişi prosesi davam edəcək.
Son illər ölkəmizin ərzaq təhlükəsizliyinin təminatı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin məlum iclasında bu vacib məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “...Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq, biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir”.
2015-ci il ölkəmizdə sənayenin inkişafı ilə bağlı mühüm tədbirlərin görülməsi iqtisadi siyasətimizin prioriteti olacaqdır. Cari ildə bu məqsədlə bir sıra pilot layihələrin icrası nəzərdə tutulur. Artıq ölkəmizdə metallurgiya kompleksinin yaradılması ilə bağlı işlər aparılır. Azərbaycanın təbii resurslarının, zəngin filiz yataqlarının olduğunu söyləyən Prezident İlham Əliyev bu imkanlardan, resurslardan maksimum dərəcədə istifadə edərək hazır məhsul istehsalına nail olmağı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Bununla yanaşı, mühüm infrastruktur layihələrinin icrasının başa çatdırılmasına baxmayaraq, bu istiqamətdə işlər davam etdiriləcəkdir ki, bu da ölkənin dayanıqlı inkişafının təmin edilməsini və yeni iş yerlərinin yaradılmasını sürətləndirəcək.
Eyni zamanda, bu il ölkəmizdə ekologiya və nəqliyyat sahəsində də bir sıra yeni layihələrin icrasının prioritet olacağını bildirən dövlət başçısı bununla bağlı konkret tövsiyə və tapşırıqlarını verdi. Bu sırada Bakıda yeni yaşıllıqların salınması, paytaxt ətrafındakı mövcud göllərin abadlaşdırılaraq istirahət guşələrinə çevrilməsi ilin vacib layihələri kimi müəyyənləşdirildi. Nəqliyyat sahəsində görüləcək əsas işlərə isə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması, ölkəmizin hava nəqliyyatı sahəsindəki imkanlarının daha da artırılması, gəmiçiliyin inkişaf etdirilməsi, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və s. daxildir. Eyni zamanda, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığını, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin uğurla icra olunduğunu deyən cənab İlham Əliyev 2015-ci ildə “Cənub” qaz dəhlizi layihəsinin də tam şəkildə icra ediləcəyinə əminliyini ifadə etdi.
Heç şübhəsiz, 2015-ci il üçün qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi iqtisadiyyatımızın davamlı inkişafını təmin edəcək, ölkəmizin beynəlxalq nüfuzunu bir qədər də artıracaq. Bütövlükdə isə Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: Gələcəyə baxış” adlı inkişaf konsepsiyası ölkəmizin uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi isə Azərbaycana böyük perspektivlər vəd edir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.