Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunan iclasında hər zamankı kimi qətiyyətli və birmənalı mövqeyi ilə istər beynəlxalq ictimaiyyətə, istərsə də, Azərbaycan cəmiyyətinə işğal altında olan torpaqlarımızın azad edilməsi yolları ilə və ölkəmizin xarici siyasət kursu və iqtisadiyyatımızla bağlı mühüm mesajlar verdi.
Dövlət başçısı ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulduğunu bildirərək, bunun 16 milyardının daxili sərmayə olduğunu vurğuladı. Bu da çox böyük göstəricidir. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Əlbəttə, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır iqtisadi vəziyyəti nəzərə alsaq, qeyd etməliyik ki, 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur.
Bundan əlavə, dövlət başçısı birmənalı şəkildə bildirdi ki , Azərbaycanın dövlət kursunu qəbul etməyənlər düşünürlər ki, nə olursa olsun, nə baş verirsə versin, Azərbaycan mütləq hansısa dövlətin yanında olmalıdır. Hətta Azərbaycanın maraqlarının əksinə olsa belə. Lakin Prezident açıq şəkildə, istər xarici qüvvələrə, istərsə də yerli olmalarına rəğmən ürəkləri, başqalarının uğurları üçün atanlara da açıq şəkildə mesac verdi ki, Azərbaycan müstəqil dövlətdir və ölkənin maraqlarına nə cavab verirsə, o da reallaşacaqdır. “Erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var? Erməni ordusunun orada nə işi var? Nə üçün onlara bunu bizdən başqa heç kim açıq-aydın şəkildə demir? Bu məsələ ilə məşğul olan vasitəçilər buna nə üçün biganə yanaşırlar?” Bax, bunlar ritorik suallardır. Biz bilirik nə üçün. Amma yenə də biz bu sualları hər bir tədbirdə, hər bir forumda verməliyik. Dövlət məmurları, ictimai xadimlər, deputatlar, adi vətəndaşlar, vətəndaş cəmiyyətinin üzvləri bu sualları verməlidirlər. Qoy bu suallara, ikili standartlar siyasətinə, ermənipərəst siyasətinə görə cavab versinlər.Yoxsa bu qədər riyakarlığa artıq dözmək çətindir. Hesab edirəm ki, artıq burada diplomatik dillə danışmağa da heç ehtiyac yoxdur. “Cənab Prezidentin bu sitatını xatirladaraq bir daha bizlərə vətəndaş cəmiyyətinin nümayəndələrinə etdiyi çağırışa diqqəti cəlb etmək istəyirəm. Tutduğumuz vəzifədən asılı olmayaraq, hər birimiz ölkəmizin maraqlarını beynəlxalq səviyyədə qorumalıyıq. Bu ilk öncə bizim vətəndaşlıq borcumuzdur.
Bu günə kimi beynəlxalq təşkilatların və bəzi siyasətçilərin, ikili standartlarının yetərincə şahidi olmuşuq. Bu gün də təəssüf ki, bu proses davam edir. Nəyə görə hər dəfə söz azadlığı, demokratiya kimi məsələlər gündəliyə gələndə bəzi Qərb ölkələrinin yadına düşürük. Halbuki, Azərbaycanda azad mətbuat, azad internet var. Lakin işğalçılıq, talançılıq, qaçqınlar mövzusu ortaya gələndə Ermənistan yada düşmür, Ermənistanın işğalçı, qeyri-konstruktiv mövqeyi pislənilmir.
Ötən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığımızdan söhbət açan Prezident İlham Əliyev üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycanın fəal iştirak etdiyini və təşkilatların fəaliyyətinə öz dəyərli töhfəsini verdiyini açıqladı: “Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi. Yəni, Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini verir. Biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz.”
Dövlət başçımızın toxunduğu bir məqam xüsusilə qürurverici idi: “Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik.” Bu qətiyyətli sözləri ilə ölkə rəhbəri düşmənlərimizə və onların havadarlarına bir növ kəskin mesajlar verdi. Azərbaycan xalqı bu mesajların hər birini alqışlayır və dəstəkləyir.
Vüsalə HÜSEYNLİ,
Demokratik İslahatçı
Gənclər Birliyinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.