Son illər ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ən son texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir.
Hazırda ölkəmizin quru və dəniz əraziləri üzrə 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyalardan istifadə edilməklə, ətraf mühitə ziyan vurmadan və digər amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat və istismar qazma işləri aparılır. Qazma işləri Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə isə Bakı və Abşeron arxipelaqında həyata keçirilir.
Dövlət Neft Şirkəti rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması qazmaçıları ölkəmizin iqtisadi qüdrətinin artırılması və neft sənayesinin inkişafı naminə daha böyük əzmlə çalışmağa sövq edir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2014-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 8506 metr qazma işi həyata keçirilmişdir. Xatırladaq ki, bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4289 metr və ya iki dəfə çoxdur. Ay ərzində görülmüş ümumi qazma işlərinin 8062 metri istismara, 444 metri isə kəşfiyyata aid olmuşdur. Bütövlükdə isə ötən ilin yanvar-dekabr aylarında şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən 127346 metr qazma işi həyata keçirilmişdir ki, bunun da 124718 metrini istismar, 2628 metrini isə kəşfiyyat qazması təşkil etmişdir.
Son illər Azərbaycanın dəniz yataqları arasında öz zənginliyi ilə seçilən “Neft Daşları” yatağında da qazma işlərinə diqqət getdikcə artırılmışdır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev adıçəkilən yataqda neft hasilatının 1 milyon 200 min tona çatdırılmasını ölkə neftçilərinin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Son illər ölkə Prezidentinin tapşırığını əldə rəhbər tutan Dövlət Neft Şirkəti tərəfindən “Neft Daşları” yatağında yeni stasionar özüllər inşa olunur, mövcud özüllərdə əsaslı təmir və genişləndirmə işləri həyata keçirilir, çoxsaylı quyular qazılır. Məlum olduğu kimi, ötən ilin payızında dünya üzrə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşlatrı” yatağının istismara verilməsinin 65 ili tamam oldu. İlin əvvəlki dövründə olduğu kimi, yubiley ərəfəsində də burada qazma işləri sürətlə davam etdirilib. Belə ki, oktyabr ayında “Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2149 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu 1883-1880 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Bundan bir qədər əvvəl isə “Neft Daşları” yatağındakı 2150 nömrəli platformadan 2151 nömrəli quyuda qazma işlərinə başlanılmışdır. Xatırladaq ki, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1720 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutka ərzində 10 ton neft hasil etmək mümkün olacaq.
“Möcüzələr adası”nda daha bir quyu 2585 nömrəli platformadan qazılır. “Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan 2604 nömrəli quyunun layihə dərinliyi isə 2250 metrdir. Yeri gəlmişkən, bu quyu öz məhsuldarlığı ilə seçilir. Belə ki, mütəxəssislərin proqnozlarına görə, sözügedən quyudan sutkada 30 ton neft hasil olunacaq.
Ötən ilin son ayında “Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2151 nömrəli quyu qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkiüstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1656 metrdir. “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmış quyu 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir. İlin son günlərində isə buradakı 2150 nömrəli platformadan 2152 nömrəli quyuda qazma işlərinə başlanılıb. Xatırladaq ki, geoloqlar layihə dərinliyi 1700 metr olan həmin quyudan sutkada 10 ton neft hasil olunacağını proqnozlaşdırırlar.
Dövlət Neft Şirkəti üzrə neftin 65 faizindən çoxunun hasil olunduğu “Günəşli” yatağında da il ərzində qazma işləri uğurla davam etdirilib. Ötən il yatağın dayaz sulu hissəsindəki 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinə başlanılıb. Xatırladaq ki, layihə dərinliyi 3100 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 min kubmetr qaz hasil ediləcək. Bu isə “Günəşli” yatağının neft və qaz ehtiyatları ilə zənginliyini bir daha sübut edir. 353 nömrəli quyuda istismar işləri “Azneft” İstehsal Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək. Ötən il “Günəşli” yatağının dayaz sulu hissəsində
SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən də qazma işləri xeyli intensivləşdirilmişdir. Belə ki, müəssisə ilin birinci rübündə burada 351 nömrəli quyunu 29 günə qazaraq layihə dərinliyinə çatdırmışdır. Onu da deyək ki, layihə dərinliyi 3100 metr quyu olan Fasilə lay dəstəsinə ən sürətlə qazılmış quyulardandır. Bundan əlavə, müəssisə may ayında “Günəşli” yatağındakı 13 saylı stasionar dəniz özülündən qazıntısına
başlanmış 352 saylı quyuda qazma işlərini rekord müddətdə – cəmi 26 gün ərzində heç bir hadisəyə yol vermədən, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə yekunlaşdırmağa müvəffəq olmuşdur. Layihə dərinliyi 2950 metr təşkil edən həmin quyu Fasilə lay dəstəsinə ən sürətlə qazılmış quyudur. Məlumat üçün qeyd edək ki, sifarişçi tərəfindən Fasilə lay dəstəsinə qazılan quyuların qazma ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilsə də, əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlamağa müvəffəq olmuşdur.
Müəssisə, həmçinin ötən ilin üçüncü rübündə “Günəşli’’ yatağındakı 13 saylı stasionar dəniz özülündən 33 saylı quyuda da qazma işlərini uğurla başa çatdırmışdır. Xatırladaq ki, 33 saylı quyuda qazma işlərinə 2014-cü il iyulun 26-da başlanılmışdır. Qirməkiüstü qumlu lay dəstəsinə qazılan quyuda noyabr ayının 6-da qazma işləri yekunlaşdıqdan sonra quyuya istismar kəmərləri endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmışdır. Faktiki dərinliyi 3527 metr olan həmin quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə sutkalıq 45 ton neft və 158 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
SOCAR-AQŞ-nin “Günəşli” yatağının dayaz sulu hissəsindəki 11 saylı stasionar dəniz özülündən qazdığı 307 saylı quyunun layihə dərinliyi isə 3400 metrdir. Həmin quyuda da tikinti işləri təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan vaxtından əvvəl yekunlaşdırılmışdır. Xatırladaq ki, hər dörd quyunun sifarişçi ARDNŞ-in “Azneft” İstehsalat Birliyidir.
Yeri gəlmişkən, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Ümid’’ və “Qərbi Abşeron’’ yataqlarında da qazma işlərinin 2014-cü ildən başlayaraq SOCAR-AQŞ tərəfindən aparılması rəsmən təsdiqlənmişdir. “Ümid’’ yatağında qazma işləri ”SOCAR-ÜMİD’’ MMC-nin sifarişi əsasında aparılacaq. Yaxın gələcəkdə SOCAR-AQŞ adıçəkilən yataqda ZJ-70 tipli qurğu ilə qazma işlərinə başlayacaq. Hazırda “Ümid’’ yatağında 1 saylı stasionar dərin dəniz özülündən 14 saylı kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir. Həmin kəşfiyyat quyusu “Ümid’’ yatağının neft-qaz ehtiyatlarını öyrənmək məqsədilə qazılır. Ümumilikdə, “Umid’’ yatağında 1 saylı özüldən orta dərinliyi 6700 metr olan üç quyunun qazılması gözlənilir.
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz dəniz özülündən isə orta dərinliyi təxminən 1000 metr olan 10 quyunun qazılması planlaşdırır. Onu da qeyd edək ki, ARDNŞ-in “Azneft” İstehsalat Birliyi tərəfindən sifariş edilən bu quyuların horizontal qazılması planlaşdırılır. Qazma sahəsində indiyədək yüksək nailiyyətlərə imza atan
SOCAR-AQŞ hər iki yataqda Avropa, ABŞ və Yaponiya istehsalı olan texnika və texnologiyaların tətbiqinə üstünlük verməyi nəzərdə tutur.
Kompleks Qazma İşləri Tresti ötən ilin dördüncü rübündə “Darvin bankası” yatağındakı 740 nömrəli platformadan 741 nömrəli quyuda qazma işlərinə başlayıb. “Azneft” İB-nin “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməkialtı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1220 metrdir. Quyu istismara verildikdən sonra sutkada 5 ton neft verəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, oktyabr ayında trestin qazmaçıları “Pirallahı adası-quru” yatağında ilk horizontal quyunu neftçilərə təhvil veriblər. “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılmış 1211 nömrəli quyu 1030-914 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Xatırladaq ki, bu, müasir texnika və texnologiyalardan istifadə edilməklə trest tərəfindən qazılan ilk horizontal quyudur.
Azərbaycanın quru sahələrindən 165 ilə yaxındır ki, neft çıxarılır. Bununla belə, quruda balans neft ehtiyatları hələ çoxdur. Bu vaxta qədər Azərbaycanda təxminən 1 milyard ton neft hasil edilidiyini söyləyən Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə hesab edir ki,qurudakı yataqlarda təxminən bir o qədər də neft ehtiyatımız var. Hazırda mövcud texnika və texnologiyanın həmin ehtiyatları çıxarmaq imkanında olmadığını diqqətə çatdıran akademik bununla belə quruda yeni yataqların kəşfini vacib hesab edir. Hələlik isə qurudakı köhnə yataqlarda qazma işləri davam etdirilir. Bu yaxınlarda Kompleks Qazma İşləri Tresti tərəfindən “Pirallahı adası-quru” yatağındakı 1178 nömrəli quyuda qazma işlərinə başlamışdır. Xatırladaq ki, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qırməkialtı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 590 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 4-5 ton neft hasil olunacağı nəzərdə tutulur.
Yeri gəlmişkən, son illər Dövlət Neft Şirkəti tərəfindən bir sıra perspektivli strukturlarda geoloji-kəşfiyyat və struktur-axtarış işlərinə də diqqət xeyli artırılıb. Bu da təsadüfi deyil. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş ‘’Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı’’ çərçivəsində neft və qaz hasilatının artırılması və bu məqsədlə yeni yataqların açılması kimi aktual məsələlər Dövlət Neft Şirkətinin qarşısında qoyulmuş prioritet vəzifə kimi qoyulmuşdur. Bu baxımdan “Eldaroyuğu” sahəsində 1 nömrəli struktur-axtarış quyusunda aparılan qazma işləri diqqəti cəlb edir. Xatırladaq ki, sözügedən sahə Kür və Qabırrı çaylararası neftli-qazlı zonasının şərq hissəsində Samux rayonu ərazisində yerləşir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, sahənin məhsuldarlıq ehtimalı böyükdür və burada bir sıra kəşfiyyat quyularının qazılmasına, geofiziki kəşfiyyat işlərinin aparılmasına zərurət yaranmışdır. Artıq “Eldaroyuğu” sahəsində 2D seysmik kəşfiyyat və qravimaqnitometrik işlər yekunlaşdırılmış, alınmış materialların emalına başlanılmışdır.
Sahədəki 1 nömrəli struktur-axtarış quyusu Kompleks Qazma İşləri Tresti tərəfindən Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinə qazılır. Qazma işlərinin aparılmasında məqsəd sahənin geoloji quruluşunun, Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinin litoloji və kollektorluq xüsusiyyətlərinin, eləcə də neft-qazlılığını öyrənməkdir. Layihə dərinliyi 1000 metr olan quyunun cari ilin yanvar ayında təhvil verilməsi nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” istehsalat bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qazanbulaq-Ziyadxan” sahəsində 3D seysmik kəşfiyyat işlərini başa çatdırıb. Hazırda əldə edilmiş məlumatlar qiymətləndirilir. Məlumat üçün bildiririk ki, işlər “Qazanbulaq-Ziyadxan” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşıyır. Gəncə neftli-qazlı rayonunda yerləşən “Qazanbulaq-Ziyadxan” sahəsinin 100 kvadratkilometrlik ərazisində həyata keçirilmiş bu tədbirlər axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.