Nazirlər Kabinetinin iclasında 2011-ci il və sonrakı üç il üçün dövlət, icmal büdcələrinin layihələri, iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmişdir

Sentyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilmişdir.
2011-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının müvafiq qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin qlobal maliyyə böhranı şəraitində qorunub saxlanması, ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi zəminində, həmçinin dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilmişdir.
Layihə hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq surətdə büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilmişdir.
Dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla, ümumi daxili məhsulun (ÜDM) 31,7 faizi həcmində nəzərdə tutulur.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur.
2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır.
Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aiddiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınmışdır.
2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən beynəlxalq təşkilatların, habelə bank və maliyyə qurumlarının proqnozları, bu proqnozlara təsir edə biləcək hallar təhlil edilmişdir. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları müsbətdir. Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün ÜDM-in real artım tempi 3,8 faiz, onun qeyri-neft sektoruna aid hissəsi 7,2 faiz, neftin bir barrelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi isə 5 faiz həcmində nəzərdə tutulur.
İclasa yekun vuran Baş nazir Artur Rasizadə qeyd etmişdir ki, ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar qazanacağına əminlik yaradır.
İclasın sonunda Nazirlər Kabineti dövlət büdcəsi layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında