Ötən il turizmin inkişafında mühüm uğurlar qazanılmışdır

Son illər Azərbaycanda qeyri-neft sektorunun  inkişafına  xüsusi  diqqət yetirilir. Turizm  sahəsində əldə olunan uğurlar bunu   bir daha təsdiq edir. Bu sahədə  qəbul olunan  dövlət proqramları inkişaf üçün mühüm stimul yaratmışdır. Turizmin ötənilki inkişaf  tempi  yeni uğurlar qazanılmasına  şərait yaratmışdır.

Azərbaycanın turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə həm ölkəmizdə, həm də xaricdə ötən il bir sıra  tədbirlər keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin   həyata  keçirdiyi davamlı  tədbirlər nəticəsində  Azərbaycanın turizm  potensialı  geniş təbliğ olunmuşdur. İstanbul, Berlin, Moskva, Kiyev, Dubay, Almatı, Paris, London və s. şəhərlərdə keçirilən beynəlxalq turizm sərgilərində Azərbaycanın  turizm imkanları  geniş  şəkildə təqdim olunmuşdur.  Sərgilərdə ziyarətçilərə Azərbaycan turizmi ilə bağlı müxtəlif dillərdə reklam-çap məhsulları paylanıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrda Parisdə “Azərbaycan şəhərciyi” adlı sərgi və digər silsilə tədbirlər keçirilib. Tədbirlərdə nazirlik tərəfindən Azərbaycan mədəniyyətinin və turizminin təbliği də həyata keçirilib. Eyni zamanda ölkəmizin turizm imkanlarına dair reklam çarxları “Euronews”, “TV5 Monde”, “Rossiya 2”, və başqa telekanallarda nümayiş olunub.

Ən əsası isə beynəlxalq qurumlarla turizm sahəsində əməkdaşlığın  davam etdirilməsi olub. Artıq Mədəniyyət və Turizm Nazirliyi Rusiyada turizm nümayəndəliyi açıb.

 Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF-2014) keçirilib. Ötənilki sərgiyə 38 ölkədən 351 şirkət və təşkilat qoşulub, eyni zamanda Azərbaycanın 22 şəhər və rayonunun stendi yer alıb. Sərgi günlərində paytaxtımızda BMT-nin Dünya Turizm Təşkilatının Avropa Komissiyasının 57-ci iclası və “Səmərəli turizm klasterlərinin inkişafı” üzrə seminar keçirilib.

Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən iclasında Azərbaycan tərəfindən hazırlanmış “Münaqişə zonalarının təbliğinin və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnamə müzakirə edilib. Məsələyə qurumun növbəti iclasında baxılacaq.

Tvinninq layihəsi çərçivəsində Azərbaycanda turizm statistikasının mövcud vəziyyəti haqqında hesabata əsasən daxili turizm sahəsində müvafiq təhlillər aparılıb. Daxili turizm haqqında statistik məlumatların yığılması və daxili turizm perspektivinin araşdırılması məqsədilə 6 mərhələdən ibarət olacaq “Yerli turistlərin ölkə daxili səyahət tendensiyasının öyrənilməsi” mövzusunda bazar araşdırmasının ilk mərhələsi başlanıb.

Yerli vətəndaşların xarici ölkələrə səfər tendensiyalarının araşdırılması məqsədilə “ERA Research” marketinq şirkəti tərəfindən “Xarici turizmdən istifadə səbəblərinin öyrənilməsi” sorğusu keçirilib. Turizm sənayesi ilə işin təkmilləşdirilməsi, turizm sahəsində mövcud olan problemlərin müzakirə olunması və aradan qaldırılması məqsədilə dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə beş işçi qrupu yaradılıb. Qeyd olunan qruplar “Gəlmə turizmi və elektron viza”, “Getmə turizmi”, “Turizm təhsili”, “Bələdçilər” və “Müalicəvi turizm” mövzuları üzrə fəaliyyət göstərəcəklər.

2014-cü ilin yanvar-noyabr ayları ərzində 62 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 74 hüquqi və fiziki şəxsə isə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Hazırda Azərbaycanda 272 turizm şirkəti, 306 mehmanxana Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir. Bundan başqa, “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydası”na əsasən, 2014-cü il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilib və beləliklə, dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.

2013-cü ilin martından tətbiqinə başlanılan elektron turist viza sistemi bu il də tətbiq olunub. Bu günə qədər ölkəmizdə gəlmə turizmlə məşğul olan 55 turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən akkreditasiyadan keçirilərək bu sistemə qoşulub.

Ötən ilin turizm sahəsində ən mühüm yeniliklərindən biri Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə ölkə Prezidentinin dekabrın 22-də imzaladığı sərəncam oldu. Qeyd edək ki, hazırda ali təhsil ocağında 3 fakültə, 10 kafedra, 11 ixtisas üzrə bakalavr səviyyəsində 1527 nəfər, magistraturada 146, doktoranturada 55, ikinci ali təhsildə 27, ilk peşə ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 460 şagird biliklərə yiyələnir. 2015-ci il Azərbaycanda turizm təhsili üçün yeni inkişaf mərhələsi olacaq.

Bütün bunlar   bir daha təsdiq edir ki, ötən il  Azərbaycanda  turizmin inkişafı  bu sahənin  əsas məqsədlərə çatması üçün yeni imkanlar açacaq.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında