Dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada inamla irəliləyən Azərbaycan Respublikasınının iqtisadi uğurları ilbəil artır. Ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini müasir dövrün reallıqlarına uyğun həyata keçirən ölkə Prezidenti İlham Əliyevin uğurla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir.
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı yola saldığımız 2014-cü ildə də davam etmiş, ölkəmiz dünyanın inkişaf etməkdə olan dövlətlərinin sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmişdir. Ən əsası isə makroiqtisadi mühit göstəricisinə görə hazırda dünya ölkələri arasında 8-ci yerdə qərarlaşan Azərbaycan planetimizin ən yaxşı inkişaf potensialı və inkişaf siyasətinə malik olan dövlətləri sırasına qoşulmuşdur. Sevindirici haldır ki, Azərbaycan bu gün dünya birliyinə dinamik inkişaf edən, yüksək orta gəlirli ölkə kimi təqdim olunur. Ötən il dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda gedən inkişaf prosesini yüksək qiymətləndirmiş, ölkəmizin kredit reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışlar. Dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Heç şübhəsiz, dünya miqyasında ilk 40 ölkə sırasına daxil olmaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, düşünülmüş və bitkin siyasətin nəticəsidir.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna əhəmiyyəti olmuşdur. Belə ki, “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin çıxarılması Azərbaycanda neft hasilatının sürətli inkişafına təkan verməklə yanaşı, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə imkan yaratmışdır. Yola saldığımız 2014-cü il Azərbaycanın neft strategiyası üçün bir sıra əlamətdar hadisələrlə zəngin oldu. Belə ki, yanvar ayının 28-də “Qərbi Çıraq” platformasından ilkin neftin hasilatına başlanıldı. Bu, Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində atılmış son dərəcə mühüm bir nailiyyət kimi diqqət çəkir. Xatırladaq ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində əldə olunmuş zəngin təcrübəyə əsaslanan “Çıraq” neft layihəsinə başlamağa dair qərar 2010-cu ilin mart ayında verilmişdi. Ötən müddətdə layihə çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işləri uğurla yerinə yetirilmiş, Xəzər dənizində unikallığı ilə seçilən “Qərbi Çıraq” platforması quraşdırılmışdır.
2014-cü ilin ən mühüm hadisələrindən biri, heç şübhəsiz, “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunması idi. Xatırladaq ki, təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, ölkəmizin və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi dirçəlişinə imkan yaradan, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan bu saziş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin başlıca təminatına çevrilmiş, onun dünya birliyinə sıx inteqrasiyasını təmin etmişdir. Bu mənada “Əsrin müqaviləsi” beynəlxalq aləmdə böyük nüfuz qazanmış, regionun lider ölkəsi kimi dünyada yaxşı tanınan Azərbaycan dövlətinin sosial-iqtisadi yüksəlişinin təməl daşına çevrilmişdir. Ötən 20 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Bununla belə, Azərbaycanda neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır.
2014-cü ildə, həm də “Çıraq” yatağından neft hasilatına başlanmasının 17-ci ili tamam oldu. Ötən dövrdə ölkə üzrə neft hasilatı təqribən beş dəfəyə yaxın artmışdır. Ölkəmizdə ən yüksək illik neft hasilatı isə 2010-cu ildə qeydə alınmışdır. Xatırladaq ki, həmin il Azərbaycanda 50,7 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord göstərici hesab olunur. 2014-cü ilin on bir ayı ərzində Azərbaycanda qaz kondensatı da daxil olmaqla 38 milyon 525,4 min ton xam neft və 27 milyard 148,8 milyon kubmetr təbii qaz hasil edilmişdir. Bütövlükdə isə ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən 377 milyon ton neft və 105 milyard kubmetr qaz hasil edilmişdir.
Özünün zəngin karbohidrogen ehtiyatlarına arxalanan Azərbaycan Respublikası artıq uzun illərdir ki, bu sahədə müstəqil siyasət yürüdərək təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin yaradılmasına nail olmuşdur. Bu da ölkəmizin enerji təhlükəsizliyini təmin etmiş, Avropa və digər uzaq ölkələrin enerji təminatı istiqamətində yeni perspektivlər açmışdır. Xam neftin şimal istiqaməti üzrə ixracını nəzərdə tutan Bakı-Novorossiysk kəməri ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ilin mayında isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərləri istifadəyə verilmişdir. Xatırladaq ki, XXI əsrin ən nəhəng neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq neçə ildir ki, dünyada enerji təhlükəsizliyinin təminatı sahəsində uğurla fəaliyyət göstərir. İllik ötürücülük qabiliyyəti 60 milyon ton olan bu kəmərlə hazırda sutkada 1,2 milyon barel Azərbaycan nefti Aralıq dənizi vasitəsilə dünya bazarına çıxarılır. Onu da deyək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriləndən indiyədək dünya bazarına təqribən 275 milyon ton Azərbaycan nefti çıxarılmışdır. Bundan əlavə, ötən dövrdə adı- çəkilən kəmərlə Türkmənistan və Qazaxıstan neftinin nəqli də davam etdirilmişdir. Bu həm də Azərbaycanın regionun tranzit ölkəsinə çevrilməsinə imkan yaratmışdır.
Yola saldığımız 2014-cü il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçün də uğurlu olmuşdur. Belə ki, şirkət neft hasilatının sabitləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirmiş, müasir texnologiyalardan istifadə edilməklə köhnə yataqlarda neft istehsalının artırılması üçün geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmirlərin sayını xeyli artırmışdır. Bundan əlavə, il ərzində şirkətin qazmaçıları tərəfindən dənizdə və quruda 127 milyon 346 metr qazma işi həyata keçirmişlər. Ötən il, həmçinin neftin və qazın hasilatı, neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də şirkətin ixrac öhdəliklərinə tam əməl olunmuşdur. 2014-cü ilin iyul ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə artaraq 24 milyard 442 milyon manata çatmışdır. Bundan əlavə, ötən il şirkət öz tarixində ilk dəfə olaraq büdcəyə rekord səviyyədə –1 milyard 825 milyon manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) etmişdir.
Son illər dünyada “mavi yanacağa” tələbat getdikcə artmaqdadır. Məhz buna görədir ki, Azərbaycanda qaz hasilatının yüksəldilməsi istiqamətində ciddi işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, 2004-2014-cü illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq 5,5 milyard kubmetrdən təqribən, 30 milyard kubmetrə çatdırılmışdır. Bu artımın başlıca səbəbi “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatının uğurla davam etdirilməsi ilə bağlıdır. Yeri gəlmişkən, Azərbaycan 2006-cı ildən etibarən dünyanın dəniz akvatoriyaları üzrə ən iri qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının işlənməsi layihəsi üzrə aparılmış işlər nəticəsində beynəlxalq bazarlarda özünü həm də yeni, alternativ təbii qaz mənbəyi, etibarlı “mavi yanacaq” təchizatçısı kimi təqdim etməyi bacarmışdır. Qısa müddətdə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir. 2014-cü ilin doqquz ayında “Şahdəniz” yatağından təqribən 7 milyard 250 milyon kubmetr qaz və 1 milyon 72 min ton kondensat hasil olunmuşdur. Hasilata başlanıldığı vaxtdan ötən ilin oktyabr ayının 1-dək isə bu yataqdan 55 milyard kubmetr qaz və 14,2 milyon ton kondensat çıxarılmışdır.
Ötən ilin ən əlamətdar hadisələrindən biri də, heç şübhəsiz, Azərbaycanın iqtisadi həyatı, eləcə də Avropanın enerji bazarı üçün son dərəcə mühüm hadisə sayılan “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması sahəsində atılan addım oldu. Xatırladaq ki, sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünün qeyd olunduğu gündə bir sıra Qərb ölkələrinin dövlət və hökumət başçılarının, eləcə də energetika sahəsində məsul şəxslərin iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bununla da, Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə alan və Qərbin də yaxından dəstəklədiyi daha bir qlobal enerji layihəsinin icrasına başlanıldı. Prezident İlham Əliyev ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Bu il sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd etmişik. Simvolik haldır ki, məhz 2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın uzun illər ərzində apardığı enerji siyasəti nəticəsində, qətiyyətli siyasət nəticəsində bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2", TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim milli maraqlarımızı, iqtisadi və siyasi maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq əməkdaşlıq məsələlərində olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə götürüb və bu missiyanı şərəflə yerinə yetirəcəkdir”.
Əslində Avropanın enerji xəritəsini zənginləşdirəcək “Cənub” qaz dəhlizi layihəsinin təməli hələ 2007-ci ildə “Şahdəniz” qazının ixracını həyata keçirən Bakı-Ərzurum (Cənubi Qafqaz) boru kəmərinin istismara verilməsi ilə qoyulmuşdur. Çünki həmin hadisə ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısı kimi tanınmağa başlanmışdır. 2012-ci ilin yayında isə Azərbaycan qazının Türkiyənin qərb sərhədlərinə nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəmərinin tikintisi ilə bağlı Azərbaycan–Türkiyə hökumətlərarası saziş imzalanmışdır.
“Cənub” qaz dəhlizinin son ünvanı isə Qərbi Avropadır. Bu layihənin həyata vəsiqə alması heç də təsadüfi deyildi. Belə ki, Avropanın “mavi yanacağa” olan tələbatının artdığı bir şəraitdə Azərbaycanın potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə daha çox cəlb etməsi yeni layihələrə yol açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq meydanına çevrilmiş Azərbaycan Respublikası enerji sahəsində Qərbin fəal əməkdaşlıq edə biləcəyi bir ölkə kimi də yüksək inam və etimad qazanmışdı. Həmin inamın nəticəsi idi ki, Qərb özünün təbii qaza olan tələbatının ödənilməsində əsas tədarükçü kimi məhz Azərbaycanı seçdi. Elə 2013-cü ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də məhz bunun nəticəsi idi. Beləliklə də, XXI əsrdə Avropanın enerji xəritəsini zənginləşdirəcək yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı zəmin yarandı. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminə həsr olunmuş təntənəli mərasimdə demişdir: “Son illər Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Yəni, bugünkü mərasim sadəcə olaraq görülən işlərin zirvəsidir. Əgər əvvəlki illərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün ”Cənub" qaz dəhlizindən söhbət belə gedə bilməzdi".
“Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 25 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.
Bakı şəhərinin yaxınlığında yerləşən Səngəçal terminalında təməli qoyulan “Cənub” qaz dəhlizinin mühüm tərkib hissələrindən birini Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi təşkil edir. Cənubi Qafqaz boru kəmərinın genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də “Şahdəniz-2" layihəsi üçün qərarın verilməsi ilə eyni zamanda qəbul edilmişdir. 2014-cü ildə kəmərın genişləndirilməsi layihəsi üzrə podrat müqavilələri imzalanmışdır. Həmin müqavilələrə Cənubi Qafqaz boru kəməri layihəsi çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, layihənin Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması işləri, eləcə də layihənin iki çay keçidi (biri Azərbaycanda, digəri Gürcüstanda) üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir. Bundan əlavə, ötən müddətdə boru kəməri üçün lazım olan boruların örtüklənməsi işləri üzrə müqavilə də imzalanmışdır.
“Cənub” qaz dəhlizi öz yoluna Türkiyə ərazisindən keçən Trans-Anadolu (TANAP) boru kəməri ilə davam edəcək. Xatırladaq ki, TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avrop Birliyi ölkələrində bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. XXI əsrin layihəsi sayılan “Cənub” qaz dəhlizi Trans-Adriatik boru kəməri (TAP) ilə tamamlanır. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilmişdir.
Seçim haqqında qərar konsorsium tərəfindən 2013-cü ilin yayında elan edilmişdir. TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Bundan əlavə, gələcəkdə kəmərin gücünün 20 milyard kubmetrədək artırmaq mümkün olacaq. Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verən “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır.
Göründüyü kimi, hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəldən Azərbaycan bu məqsədlə nəqliyyat marşrutlarının şaxələndirməsini də uğurla həyata keçirir. Bu isə Azərbaycanın regionda və Avropada etibarlı tərəfdaş kimi əhəmiyyətini qat-qat artırır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.