Bu il Azərbaycanda iqtisadi artımın 5,2 faiz olacağı gözlənilir

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülüb, nəticədə əhalinin rifahının yüksəlməsi davam edib. Bu davamlı inkişaf  ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının 11 ildən artıq bir müddətdə ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olub.

Bu gün ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Bu isə ölkəmizin  2015-ci ildə də yüksək sosial-iqtisadi göstəricilər əldə edəcəyini deməyə əsas verir.

Ekspertlərin ortamüddətli proqnozlarına görə, bu il iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım gözlənilir. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Ötən il olduğu kimi, 2015-ci ildə də ölkə əhalisinin sosial şəraitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.  Bu, Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli  “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə imzaladığı  Fərmanda da öz ifadəsini tapıb.  Xatırladaq ki, “Büdcə sistemi haqqında” qanuna, habelə respublikanın 2015-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan 2015-ci ilin dövlət büdcəsi son illərin dövlət büdcələri kimi sosial mahiyyət daşıması ilə daha çox diqqət çəkir.

Azərbaycan Prezidentinin 28 noyabr 2014-cü il tarixdə imzaladığı  “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Qanunla  2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən olunub. Dövlət başçısının həmin tarixdə imzaladığı Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunla isə gələn il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Yeri gəlmişkən, müqayisə üçün bildirək ki, yaşayış minimumu 2010-cu ildə 87 manat, 2011-ci ildə 102 manat, 2012-ci ildə 108 manat, 2013-cü ildə 116 manat, 2014-cü ildə isə 125 manat təşkil edib.

Son illər respublikamızda ehtiyac meyarının həddinin davamlı olaraq artımı da baş verib. Orta məbləğ 2010-cu ildə 65 manata, 2011-ci ildə 75 manata, 2012-ci ildə 84 manata, 2013-cü ildə 93 manata, 2014-cü ildə 100 manata çatıb, ümumilikdə son 10 ildə 21 dəfə artıb. Qeyd olunan sosial indekslərlə bərabər, minimum əməkhaqqının məbləğində də əhəmiyyətli dərəcədə artım baş verib. On ildə minimum əməkhaqqı 5,5 manatdan 105 manatadək artıb, pensiyaların orta aylıq məbləği 5,7 dəfəyədək yüksəlib.

Ötən il Azərbaycanda iqtisadi inkişaf da dinamik xarakter alıb. Sənaye sahələrində müsbət göstəricilər əldə edilib. Sənayeləşmə siyasətinin 2015-ci ildə də  davam etdiriləcəyi, istehsalın və ixracın diversifikasiyasının sürətləndirilməsi istiqamətlərində sistemli tədbirlərin həyata keçiriləcəyi, rəqabətqabiliyyətli və ixracyönümlü innovativ əsaslı texnologiya və malların istehsalının artırılacağı nəzərdə tutulur. Bununla yanaşı, dünya iqtisadiyyatının qloballaşması fonunda Azərbaycan  iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliliyin artırılması, enerji və resurslara qənaət edən ekoloji təmiz texnologiyaların istehsalının stimullaşdırılması diqqət mərkəzində olacaqdır.

Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, müasir texnoparkların yaradılması, iqtisadi rayonlar üzrə sənaye şəhərcikləri infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirlər görüləcəkdir.

Cari  ildə  Azərbaycan iqtisadiyyatında davamlı artım dinamikasının saxlanılması üçün zəruri tədbirlərin həyata keçirilməsi   nəzərdə tutulur. Bu məqsədlə 2013-cü ildə qeyri-neft sektorunda ayrı-ayrı sahələrin inkişafı üçün görülən kompleks tədbirlər bu  il ərzində də həyata keçiriləcəkdir. Belə ki, infrastruktur layihələrinin davam etdirilməsi və biznes mühitinin daha da  yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli istehsalın dəstəklənməsi, istehsal prosesində müasir texnologiyaların istifadəsinin və intensiv metodların tətbiqinin stimullaşdırılması, maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, bazara çıxarılan məhsul və xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması kimi tədbirlər davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında neft-qaz kompleksinin müstəsna rolu vardır. Hazırda  ölkənin neft-qaz kompleksinin qarşısında duran əsas vəzifə ulu öndər Heydər Əliyevin uzaqgörən neft strategiyasının reallaşdırılması nəticəsində qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda qarşıdakı dövrdə bu kompleksə daxil olan sahələrin müəyyənləşdirilmiş inkişaf istiqamətləri və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi cari ildə davam etdiriləcəkdir.

Qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması istiqamətində yürüdülən siyasətin əsas prioritetidir. Qeyri-neft sənayesi sahəsində həyata keçirilən şaxələndirmə tədbirləri, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, bu sahə üzrə rəqabətqabiliyyətli sahələrin müəyyənləşdirilməsi  istiqamətində aparılan təhlillər göstərir ki, son illərdə ölkə iqtisadiyyatında aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət nəticəsində qeyri-neft sənayesinin inkişafı,  onun ixracının genişləndirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu inkişafın davamlılığının təmin olunması, ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun qeyri-neft sahələrinin daha da inkişaf etdirilməsi məqsədilə 2015-ci ildə müvafiq tədbirlər reallaşdırılacaqdır.

Yeni sənaye müəssisələrinin qurulması, yerli təbii resurslara və kənd təsərrüfatı məhsullarına, eləcə də istehsalat və məişət tullantılarının emalına əsaslanan müəssisələrin yaradılması sürətləndiriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 21 dekabr 2011-ci il tarixli və  “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 5 noyabr 2012-ci il tarixli fərmanlarına əsasən salınacaq sənaye və texnologiyalar parklarında müasir texnologiyalı müəssisələrin fəaliyyətinə və rəqabətqabiliyyətli məhsul istehsalına təkan veriləcəkdir.

Enerjidaşıyıcıları və su təchizatının yaxşılaşdırılması, nəqliyyat və rabitə infrastrukturunun daha da inkişafı, biznes mühitinin əlverişliliyinin artırılmasına yönəldilən digər tədbirlərin görülməsi vasitəsilə regionların təbii imkanlarından maksimum səmərəli istifadə etməklə qeyri-neft sənayesinin inkişafı dəstəklənəcəkdir. Eləcə də qeyri-neft sənayesində innovasiya fəallığının yüksəldilməsi məqsədilə qanunvericilik bazası və stimullaşdırıcı mexanizmlər yaradılacaq, ixracın dəstəklənməsi və daxili bazarın qorunması vasitəsilə qeyri-neft sənayesinin inkişafı stimullaşdırılacaqdır.

2014-cü il yuxarıda qeyd edilən sahələrlə yanaşı, Azərbaycanın müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Cari ildə də bu məsələ mühüm vəzifə kimi qarşıda durur. 2015- ilin dövlət büdcəsində müdafiə xərclərinin əhəmiyyətli çəkisi bunun bariz ifadəsidir. Bu, ölkəmizin müharibə şəraitində yaşaması, ərazimizin 20 faizdən çox hissəsinin hələ də işğal altında olması ilə bağlıdır. Xatırlatmaq lazımdır ki, Azərbaycan Ordusunun büdcəsi 2003-cü ildə cəmi 150 milyon ABŞ dolları idisə, hazırda hərbi xərclərə 1 778,5 milyon manat  yönəldilməsi planlaşdırılır. Bu gün müstəqil Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş hazırlığı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun dinamik inkişaf meyillərini şərtləndirən başlıca amillərdən biri də məhz ölkənin uğurlu daxili və xarici siyasəti, eyni zamanda dünyada artan nüfuzudur.

Müstəqil respublikamızın son illər sosial-iqtisadi sahədə mühüm uğurlara imza atması, büdcə vəsaitlərinin ilbəil yüksək tepmlə çoxalması ölkə rəhbərliyinə ordu quruculuğu sahəsində daha sistemli və ardıcıl tədbirlər həyata keçirməyə imkan verib. Daha dəqiqi, dövlət büdcəsinin gəlirlərinə adekvat olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ayrılan vəsaitlər də artırılır. Bütün bunlar isə ordu hissələrinin müasir texnika, silah-sursat, əşya və qida təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, eyni zamanda, gənc əsgər və zabitlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə imkan yaradıb.

Ötən ilin yekunları Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycanın  bütün sahələrdə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması 2015-ci ildə də hökumətin həyata keçirdiyi inkişaf kursunun davamlı olacağından xəbər verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında