2014-cü il respublikamızın müstəqillik tarixinə uğurlarla zəngin növbəti il kimi daxil olacaq

Əvvəlki illərdə olduğu kimi, bu il də sosial-iqtisadi həyatda nəzərə çarpan müsbət irəliləyişlər ölkə Prezidenti İlham Əliyevin düşünülmüş düzgün siyasi kursunun məntiqi nəticəsi kimi qiymətləndiriləcək, ölkəmizin tərəqqisi, əhalinin rifah halının daha da yaxşılaşması, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli və dövlətçilik maraqlarının təmin olunması kimi mühüm hadisələrlə yadda qalacaq.

Başa vurmaqda olduğumuz ildə əldə edilən uğurların əsasında hansı amillər dayanır? Xatırladaq ki, 2014-cü il, əsasən, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılıb. İstehsal obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesinə xüsusi əhəmiyyət verilib. Respublikada sosialyönümlü siyasət həyata keçirilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması istiqamətində ardıcıl tədbirlər reallaşdırılıb. Bütün bunlarla yanaşı, enerji strategiyasının yeni konturları müəyyənləşdirilib, regionun, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu gücləndirilib.

Yuxarıda sadalanan uğurlara statistik göstəricilər fonunda nəzər salaq. 2014-cü il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Hesabat dövrünün 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Hazırda Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi ölkə vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Cari ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb. Bu göstəricilərə görə isə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini geridə qoyub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əmək haqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub. Bu isə onu göstərir ki, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər çox yaxşı nəticə verib.

Azərbaycanda sənayeyə yeni yanaşmalar uğurla tətbiq edilib, sənaye potensialı daha da gücləndirilib, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb. Bunun nəticəsində cari ildə sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sənayesi isə 1,9 dəfə artıb. Ölkədə 2 milyon iş yeri açılıb.

Respublikamızda hazırda dövlət proqramları böyük uğurla icra edilir. Genişmiqyaslı infrastruktur layihələri hazırlanır, özəl sektorun inkişafına dövlət qayğısı göstərilir, ən müasir texnologiyalara əsaslanan müəssisələr açılır, iqtisadiyyata investisiya qoyuluşu genişlənir. Sənaye parkları və sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər mühüm önəm daşıyır. Hazırda Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması işləri davam etdirilir. Hər iki sənaye parkında artıq rezidentlərin qeydiyyatına başlanılıb.

Sənayenin inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bir çox sahədə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalıb. Qida sənayesi ilə yanaşı, tikinti materialları istehsalı sahəsində də daxili tələbin ödənilməsi istiqamətində mühüm işlər görülüb, yeni istehsal gücləri istifadəyə verilib.

Bu il Azərbaycanda sahibkarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsində ölkədə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb. Məşğulluqda özəl sektorun payı 74 faizə, vergi daxilolmalarında isə 72,4 faizə yüksəlib. Ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 82,5 faizə çatıb. Bu il sahibkarlığın inkişafına əvvəlki ilə nisbətən daha çox - 295 milyon manat güzəştli kredit verilib. Bu kredit hesabına 5570-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib. Bu layihələrin reallaşdırılması 12500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Ötən illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6 faiz artırıb. Güzəştli kreditlərin 77 faizi respublikanın regionlarının, 23 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, iri fermer təsərrüfatları, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”lər, çörək zavodları, quşçuluq və intensiv bağçılıq təsərrüfatları, yem zavodları, tikinti materiallarının istehsalı müəssisələri, mis emalı, istixana konstruksiyaları və meyvəqurutma avadanlıqlarının istehsalı, meyvə və tərəvəz emalı müəssisələri və iqtisadiyyatın digər prioritet sahələri üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emal və aqrar sektora xidmət infrastrukturu müəssisəsi 2014-cü ildə istifadəyə verilib. O cümlədən, 2014-cü il “Sənaye ili”ndə 27 yeni sənaye müəssisəsinin yaradılması yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilib. Beləliklə, görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlar xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb.

Bu il ölkədə nəhəng infrastruktur layihələri də davam etdirilib, bir çox mühüm layihələr isə başa çatdırılıb. Onların arasında Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin bərə terminalını, “Arpaçay-1” və ”Arpaçay-2” su elektrik stansiyalarını, Taxtakörpü və Şəmkirçay su anbarları və digər bu kimi böyük obyektləri xüsusi qeyd etmək olar. Həmçinin hazırda Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası, “Ağ şəhər” və s. nəhəng layihələrin icrası davam etdirilir.

Bütün bu layihələrin arasında illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteyner olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Çünki Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri əlverişli coğrafi mövqeyə malik olan respublikamızın tranzit potensialının inkişaf etdirilməsidir.

Yeri gəlmişkən, 2013-cü ilin sentyabrında istifadəyə verilən Gəmiqayırma zavodu, gələn il başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu və Beynəlxalq Dəniz Ticarət Limanı Asiya ilə Avropa arasında yükdaşıma sahəsində Azərbaycanın tranzit imkanlarını tam şəkildə gerçəkləşdirməyə imkan yaradacaq.

Cari ildə Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər davam etdirilib, bölgələrdə yüzlərlə sosial- iqtisadi obyektlər istifadəyə verilib, aparılan abadlıq-quruculuq işləri nəticəsində şəhər və rayonların siması müasirləşib. Qarşıdan gələn növbəti 2-3 il ərzində isə bu proqramlar çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur layihələrinin başa çatdırılması nəzərdə tutulur. Regionlarda 82 min daimi olmaqla 100 mindən artıq yeni iş yeri yaradılıb. Ümumilikdə, son 10 ildə açılan iş yerlərinin sayı 1,3 milyona çatıb.

Bir sözlə, regionların, habelə Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları rayon və qəsəbələrin iqtisadi potensialının sürətlə artmasına, infrastruktur təminatının daha da yaxşılaşmasına, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirib.

Bu gün, hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir sosial obyektlər istifadəyə verilir. Son 11 il ərzində 3 minə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilib, 40-dan artıq olimpiya idman kompleksi istismara verilib. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlayıb.

2014-cü ildə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sənayesi uğurla inkişaf edib. Dekabrın əvvəlində “Bakutel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində ”Azersky” müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verilib. Bu, artıq Azərbaycanın orbitə çıxarılmış ikinci peykidir. Xatırladaq ki, “Azersky” peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi və digər geniş tətbiq sahələri var.

Bu il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. Xatırladaq ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb. Bundan sonra 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu (TANAP) qaz layihəsinə dair saziş bağlanıb, 2013-cü ildə isə Trans-Adriatik (TAP) layihəsi əsas ixrac marşrutu kimi müəyyən edilib. Bütün bunlar 2013-cü il dekabrın 17-də “XXl əsrin layihəsi” adlandırılan “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarının qəbul edilməsinə şərait yaradıb.

“Şahdəniz-2” və ”Cənub” qaz dəhlizi layihələri Azərbaycanın neft strategiyasına yeni nəfəs verməklə yanaşı, həm də dünyanın enerji xəritəsini dəyişdirəcək və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yeni bir vəziyyətin yaranmasına səbəb olacaq.

Bu il qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib. Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabulda 101 ailəlik, həmçinin Gəncədə və Beyləqanda yeni və müasir qəsəbələrin məskunlaşdırılması prosesi yekunlaşıb. Ümumiyyətlə, 2001-2014-cü illər ərzində bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınıb, 220 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Beynəlxalq iqtisadi və maliyyə institutlarının bu il açıqladıqları rəy və proqnozlar da Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanmasından xəbər verir. “Standard & Poor’s”, “Fitch Ratings”, “Moody’s” kimi aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqlərini bir daha təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

Kənd təsərrüfatı istehsalçılarının vergilərdən azad edilməsi, subsidiyaların verilməsi, Taxtakörpü və Şəmkirçay su anbarları, Yuxarı Mil kanalının birinci mərhələsi və digər nəhəng layihələrin həyata keçirilməsi, istehsalçıların lizinq əsasında texnika, gübrə və toxumla təmin olunması, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi və digər tədbirlər nəticəsində 10 ildə aqrar sektor 1,4 dəfə artıb.

Əvvəllər əksər ərzaq məhsullarını idxal edən ölkəmiz hazırda bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edir, həmçinin onları ixrac edir. Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir.

Son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir. Ölkənin iqtisadi inkişafının dayanaqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyllərinin mənfi təsirinin qarşısının alınmasında prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub.

Əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 faiz təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59 faizə çatıb və iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir.

İsrailin “Birinci radio” radiostansiyasına müsahibəsində beynəlxalq münasibətlər sahəsində ekspert, Hayva Universitetinin doktorantı Arye Qut M.Kriçevski deyib ki, Prezident İlham Əliyev çoxşaxəli fəaliyyət ilə Azərbaycan xalqının məhəbbətini və hörmətini qazanıb.

İlham Əliyev hazırda əsası ümummillilider Heydər Əliyev tərəfindən qoyulan siyasi strategiyanı uğurla davam etdirir. Ermənistan ilə münaqişəyə, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinə baxmayaraq, ikili standartlardan əziyyət çəkən, çox mürəkkəb və kövrək geosiyasi əhatədə yerləşən ölkə cənab İlham Əliyevin bilavasitə və çoxşaxəli fəaliyyəti sayəsində sivilizasiyalararası və dinlərarası dialoqun həqiqi nümunəsi olmaqda davam edir.

Arye Qut M.Kriçevski, həmçinin bildirib ki cənab İlham Əliyev Azərbaycanın paytaxtı Bakını beynəlxalq məkana, beynəlxalq humanitar əməkdaşlıq üçün “intellektual Davosa”, habelə 2015-ci il Birinci Avropa Oyunlarının paytaxtına çevirib və bu fakta görə təkcə Azərbaycan deyil, həm də əslən Azərbaycandan olub, onun hüdudlarından kənarda yaşayan bütün insanlar qürur hissi keçirirlər.

Arye Qutun fikrincə, müstəqil, güclü, sabit və müasir Azərbaycan İlham Əliyevin Vətəni və xalqı qarşısındakı böyük və əzəmətli fəaliyyətinin gerçək nəticəsidir. Dövlət başçısının  son 11 ildə xarici və daxili siyasətdə əldə etdiyi uğurlar obyektiv amillərlə bərabər, Prezidentin lider və diplomat kimi şəxsi keyfiyyətləri ilə də bağlıdır. Dövlət başçısının ardıcıl siyasəti nəticəsində “güclü iqtisadiyyat-güclü dövlət”, “güclü ordu - güclü dövlət” prinsipi təmin olunur. İlham Əliyevin bu illər ərzində gördüyü bütün işləri sadalamağa ehtiyac yoxdur. Prezident vəzifəsində 11 illik fəaliyyəti dövründə ölkənin simasını əsaslı şəkildə dəyişdirdiyini qətiyyətlə demək üçün müasir Bakının küçələrindən keçmək, ölkənin regionlarını gəzib-dolaşmaq kifayətdir. Həqiqətən, Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri sayəsində bu gün Azərbaycan regionun ən qüdrətli lider dövlətinə çevrilib. Bu regionda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında