Qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu artmaqdadır

Qloballaşan dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar gələcəyi nəzərdə tutan düşünülmüş strategiyaya malikdir. Bu gün tam cəsarətlə demək olar ki, Azərbaycan məhz belə dövlətlərdəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, xalqın maddi rifahının yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası 11 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Son 11 ildə Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. İqtisadi inkişafın artım sürətinə görə, Azərbaycan dünyada lider mövqeyinə çıxmış və onu inamla qoruyub saxlamaqdadır. Həmçinin ölkədə demokratik dəyərlərə yiyələnməklə liberal prinsiplərə əsaslanan unikal iqtisadi inkişaf modeli yaradılmışdır. Təsadüfi deyildir ki, hazırda Azərbaycan iqtisadi inkişaf modelinə görə dünyada nümunə göstərilir.

Respublikamızda liberal iqtisadi sistemin qurulması, sahibkarlıq üçün hərtərəfli şəraitin yaradılması,zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Həyata keçirilən iqtisadi islahatlarla paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb.

2014-cü il də bu mənada uğurlu olub. Ümumiyyətlə, hər ilin sonu, adətən, iki məqamla diqqəti çəkir. Bir tərəfdən, təqvim ilinə yekun vurulur, digər tərəfdən yeni ilin hədəfləri, vəzifələri müəyyənləşir. Dünənin uğurları sabahın daha böyük nailiyyətləri üçün təmələ çevrilir. Yola saldığımız ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Məlum olduğu kimi, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və onun innovasiyalar əsasında inkişafının təmin edilməsidir. Cari ildə sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb.

On ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasındadır.  Bu dinamika 2014-cü ildə də qorunub saxlanıb, üstəlik, bəzi istiqamətlərdə daha ciddi artım müşahidə olunub.

İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft sektorunda müşahidə olunan sürətli artım əyani şəkildə təsdiq edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr tam həcmdə yerinə yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.

Dövlət başçısının da dəfələrlə bəyan etdiyi kimi, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Bu ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyur. Son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3600 manata, orta aylıq əməkhaqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub.

Təsadüfi deyil ki, “Standard & Poor’s”,  “Fitch Ratings”, “Moody’s” kimi dünyanın aparıcı beynəlxalq reytinq agentlikləri ölkəmizə verilən investisiya səviyyəli kredit reytinqlərini bir daha təsdiqləyiblər. Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yerə yüksəlib və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

Son 10 ildə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib. Artıq bir neçə ildir ki, ÜDM istehsalında qeyri-neft sektorunun çəkisi 50 faizdən çoxdur və 2014-cü ildə bu nisbət 59 faizə çatıb.

Səmərəli iqtisadi strategiya həm də sosial siyasətin uğurluluğunu təmin edir. Ötən il vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, əməkhaqlarının və pensiyaların artırılması, onların əmanətlərinin kompensasiya şəklində qaytarılması əhəmiyyətli nəticələr kimi dəyərləndirilməlidir. Cari ilin birinci yarısında sosial-iqtisadi sahədə əldə olunan nəticələr də sevindiricidir.

Prezident İlham Əliyev zamanın çağırışlarına adekvat olaraq daxili və xarici siyasətdə zəruri, davamlı, uğurlu qərarlar qəbul etməklə respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına nail olmuşdur. “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər”, – deyən Azərbaycan Prezidenti İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir.

Ümummilli lider Heydər Əliyevin 2000-ci ilin aprel və may aylarında yerli və xarici iş adamları ilə görüşməsi, bundan sonra özəl sektorun qanunla tənzimlənməsi üçün hüquqi bazanın yaradılması bu gün də öz səmərəsini verməkdədir. Azərbaycanda sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Ölkədə innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət yetirilir. Çünki bu sahənin inkişafı paytaxt Bakı ilə yanaşı, bölgələrin tərəqqisi, yeni emal müəssisələrinin və iş yerlərinin yaradılması və ümumilikdə Azərbaycanın hərtərəfli inkişafı deməkdir. Qeyri-neft sektoru həm dövlət tərəfindən verilən dəstək, həm də özəl bölmənin fəaliyyəti nəticəsində daha da genişlənir.

Yeri gəlmişkən, Bakı şəhəri və onun ətraf qəsəbələrinin, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bu sahənin inkişafına yeni təkan vermişdir. Belə ki, dövlət proqramlarının icrası bölgələrin sosial-iqtisadi mənzərəsini tamamilə dəyişmiş, əhalinin işgüzar fəallığı daha da artmış, sahibkarlığın sürətli inkişafı təmin edilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev, hər sahədə olduğu kimi, biznes mühitinin formalaşmasında, sahibkarlara dövlət tərəfindən dəstək, diqqət və qayğı göstərilməsində də ulu öndərin kursunu qətiyyətlə davam etdirir. Məhz bunun nəticəsidir ki, özəl bölməyə, biznes mühitinə əngəl törədən əlavə müdaxilələr, qeyri-qanuni yoxlamalar aradan qaldırılmışdır. Həmçinin dövlət tərəfindən ayrılan kreditlərin məbləği də ildən-ilə artırılır. Ötən müddətdə dövlət başçısı istər Bakıətrafı qəsəbələrə, istərsə də bölgələrə mütəmadi səfərlər etmiş, infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmuş, tapşırıq və tövsiyələrini vermiş, müxtəlif məsələlərin həlli ilə bağlı 250- dək sərəncam imzalamışdır.

Xüsusilə vurğulanmalıdır ki, ölkə rəhbərinin müəyyənləşdirdiyi “Sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır” strateji xətti regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının da başlıca istiqamətlərindən olmuşdur. Bu prinsipə uyğun olaraq, son 11 ildə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”  3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, bu sahənin inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.  Dövlət başçısı demişdir: “Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir”.

Ölkə iqtisadiyyatında neft amilindən asılılığın azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı hazırda digər sahələrin tərəqqisi ilə müşayiət olunur. Qeyri-neft sektorunda əldə olunan artım Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür və qarşıya qoyulmuş əsas məqsəd də bu sahədə artıma nail olmaqdır. Bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorunun yaranmasına gətirib çıxaracaqdır. Sahibkarlığın inkişafına dövlət dəstəyinin davamlılığı 2015-ci ildə də ölkə qarşısında duran vəzifələrin icrası üçün daha yaxşı şərait yaradacaqdır.

Əlihüseyn ƏSKƏROV,
“Kənan-insaat və ticarət” MMC-nin
baş direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında