Əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

Dövlətimizin başçısı İlham Əliyev mütəmadi olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirir, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları dövlətimizin başçısının yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər.

Ölkə Prezidenti bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə qeyd edir, bunu respublikanın hər yerində həyata keçirilən geniş infrastruktur layihələri ilə və bilavasitə əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlərlə təsdiq edir.

Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç də hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın iradəsi əsasında seçkilərdə uğur qazanaraq dövlətə rəhbərlik etmək şansı qazanırlar. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir.

Bütövlükdə, görülmüş işlərə dair hesabatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır”-deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir.

Azərbaycan Prezidenti öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə, həssaslığa  malik lider olduğunu parlaq şəkildə əks etdirir.

Dövlət başçımızın idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. “Əsl siyasət konkret real iş görməkdir” devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlib. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında Azərbaycanın birinci yerə layiq görülməsi, “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi uğurlu sosial-iqtisadi siyasətin göstəricisidir. BMT yanında İnkişaf və Artım Komissiyası son məruzəsində qeyd edib ki, 1950-ci ildən sonra belə sürətli inkişafa 13 ölkə nail olub. Bu, Azərbaycanın böyük uğurudur. Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa Qonşuluq Barometri” sorğusunda bildirilir ki, 1000 respondentdən 92 faizi Azərbaycan hökumətinə inanır.

Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını demişdir.

Ölkəmizdə  sosial siyasətə mühüm önəm verilməsi dövlət büdcəsinin tərtibi zamanı özünü qabarıq büruzə verir.  Bu, Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində də  diqqət mərkəzində saxlanılıb. Gələn il üçün  hazırlanmış ali maliyyə sənədinin strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması da əsas yer tutur. Bu, təsadüfi deyil. Çünki  son illər respublikamızda  əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanın  milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir. 2015-ci ildə sosial xərclər üçün dövlət büdcəsində 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılır və bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Sosialyönümlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əməkhaqlarına, 1 milyard 845 milyon manatının təqaüd və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınmasına yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə 24,7 milyon manat, əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.

“2015-ci il üçün yaşayış minimumu haqqında” və “2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları da dövlətimizin sosialyönümlü büdcəsini əks etdirir. 2015-ci ildə yaşayış minimumu ölkə üzrə 131 manat,  əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar və uşaqlar üçün 108 manat olacaq. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulub. Müqayisə üçün bildirək ki, yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 102, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə isə 125 manat təşkil edib.

Son illər respublikamızda ehtiyac meyarının həddinin də davamlı olaraq artımı baş verib. Orta məbləğ 2010-cu ildə 65 manat, 2011-ci ildə 75 manat, 2012-ci ildə 84 manat, 2013-cü ildə 93 manat, bu il isə  100 manata çatmış, ümumilikdə son 10 ildə 21 dəfə artmışdır. Qeyd olunan sosial indekslərlə bərabər, minimum əməkhaqqının məbləğində də əhəmiyyətli dərəcədə artım baş verib. On ildə minimum əməkhaqqı 5,5 manatdan 105 manatadək artıb, pensiyaların orta aylıq məbləği 5,7 dəfəyədək yüksəlib.

Sosialyönümlü siyasətin tərkib hissəsi olaraq gələn il sosial ipoteka kreditinin məbləğinin də 25 faiz artırılaraq 50 milyon manata çatdırılması gözlənilir. Faktiki olaraq vətəndaşlar 2015-ci ilin dövlət büdcəsi hesabına 50 milyon manatlıq sosial ipoteka kreditlərindən, İpoteka Fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi hesabına təxminən 80 milyon manatdan əlavə kreditlərdən, respublika banklarının 90 milyon manata yaxın kommersiya ipotekalarından faydalanma imkanlarına malik olacaqlar. 2015-ci ildə ipoteka proqramı çərçivəsində dövlət büdcəsi və digər mənbələrlə birlikdə 250 milyon manata yaxın vəsaitin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılması gözlənilir.

Sosialyönümlü xərclər sırasında təhsilə ayrılan xərclərin dinamik artımı da Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı irəli sürdüyü konsepsiyanın mahiyyətindən irəli gəlir. Təhsilin bütün sahələr üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamaq imkanı yaradıb. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalan bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırıb, dövlət investisiyalarının həcmcə artımını təmin edib, bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açıb.

Hazırda “Azərbaycan Respublikasının təhsil islahat proqramı” və “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazanın gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 243 milyon manat təşkil edən təhsil xərcləri 2013-cü ildə 1,5 milyard manata yüksəlib. 2014-cü ilin dövlət büdcəsindən isə təhsil xərclərinə 1 milyard 653,4 milyon manat vəsait ayrılıb  və bu da 2013-cü ilə nisbətən 123 milyon manat və ya 8 faiz çoxdur.

2015-ci ilin dövlət büdcəsində isə təhsil üçün 1711,2 milyon manat olmaqla 2013-cü ilin göstəricisinə nisbətən 273,5 milyon manat və ya 19 faiz, 2014-cü ilin dövlət büdcəsinə nisbətən 57,7 milyon manat və ya 3,5 faiz çox vəsait proqnozlaşdırılıb. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 8,1 faiz təşkil edəcək.

Hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında