Gədəbəylilərin içməli su təchizatı yaxşılaşdırılır

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir beynəlxalq maliyyə qurumu ilə su və kanalizasiya layihələrinin icrasına başlamışdır. Azərbaycan Hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilmişdir.

Təməlqoyma mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov regionların inkişafına böyük diqqət göstərən  Prezident İlham Əliyevin qayğısı nəticəsində son illər Gədəbəydə yüksək inkişaf və tərəqqinin  müşahidə olunduğunu, rayonun elektrik enerjisi və “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmşıdır. Natiq bu layihənin uğurlu icrasının Gədəbəy şəhəri və ətraf kəndlərdə yaşayan əhalinin içməli su ilə təminatını yaxşılaşdıracağını bildirmişdir.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir. Qeyd olunmuşdur ki, ölkə başçısının  ölkəmizin hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Bu gün təməli qoyulan layihənin keyfiyyətli icrasını təmin etmək üçün yeni texnologiyalardan və avadanlıqlardan istifadə olunacaq.

İslam İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev təmsil etdiyi maliyyə qurumunun Gədəbəy, Astara, Daşkəsən, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulmasına 200 milyon dollar kredit ayırdığını və 2015-ci ildə daha bir neçə şəhərdə işlərə bağlanılacağını diqqətə çatdırmışdır. 

Xatırladaq ki, “Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 11500 nəfərin içməli su təchizatı və kanalizasiya  xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına  hesablanmışdır. Gələcəkdə rayonun Yenikənd, Düzyurd, Arıqdam, Söyüdlü və Qaradağ kəndlərinin 12 min sakini də bu layihə çərçivəsində içməli su ilə təmin olunacaqdır. Ümumilikdə layihədən 23 mindən artıq insan faydalanacaqdır.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə isə su mənbəyi olaraq Südlübulaq seçilmişdir. Layihəyə uyğun olaraq su mənbəyindən şəhərə 14,8 kilometr uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyef baxımından hündür nöqtələrində ümumi tutumu 5500  kubmetr olan 7 ədəd anbar tikiləcəkdir. Şəhər ərazisində 79,4 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana ev birləşmələri veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərin tullantı sularının idarə edilməsi üçün 66,2 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,5 kilometr uzunluğunda kanalizasiya kollektoru, 2050 ədəd kanalizasiya quyusu tikiləcək.

Tullantı sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu layihələndirilmişdir. Layihənin icrasının isə 2016-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında