Gələn ilin dövlət büdcəsi davamlı inkişafa təminat yaradacaq

Azərbaycan Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə 22 dekabr 2014-cü il tarixli  fərman imzalayıb.

Xatırladaq ki, “Büdcə sistemi haqqında” qanuna, habelə respublikanın 2015-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq hazırlanmış 2015-ci ilin dövlət büdcəsi son illərin dövlət büdcələri kimi sosial mahiyyət daşıması ilə daha çox diqqət çəkir.

Son 11 il ərzində Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi olaraq dövlət büdcəsi gəlirlərinin illik artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil etmişdir və bu da regionda ən yüksək göstəricilərdən sayılır. Hazırda respublikamızın 2014-cü ilin dövlət büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edir.

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. Bu qanunda qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kimi məsələlər daha çox diqqət çəkir.

Gələn ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyil. Son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir. 2015-ci ildə sosial xərclər üçün dövlət büdcəsində 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılır və bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Sosialyönümlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əməkhaqlarına, 1 milyard 845 milyon manatının təqaüd və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınmasına yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə 24,7 milyon manat, əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.

Azərbaycan Prezidentinin 28 noyabr 2014-cü il tarixdə imzaladığı  “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Qanunla  2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən olunub. Dövlət başçısının həmin tarixdə imzaladığı Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında Qanunla isə gələn il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Yeri gəlmişkən, müqayisə üçün bildirək ki, yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 102, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə isə 125 manat təşkil etmişdir.

Son illər respublikamızda ehtiyac meyarının həddinin də davamlı olaraq artımı baş vermişdir. Orta məbləğ 2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü ildə 93, 2014-cü ildə 100 manata çatmış, ümumilikdə son 10 ildə 21 dəfə artmışdır. Qeyd olunan sosial indekslərlə bərabər, minimum əməkhaqqının məbləğində də əhəmiyyətli dərəcədə artım baş vermişdir. On ildə minimum əməkhaqqı 5,5 manatdan 105 manatadək artmış, pensiyaların orta aylıq məbləği 5,7 dəfəyədək yüksəlmişdir.

Sosialyönümlü xərclər sırasında təhsilə ayrılan xərclərin dinamik artımı da Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı irəli sürdüyü konsepsiyanın mahiyyətindən irəli gəlir. Təhsilin bütün sahələr üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamaq imkanı yaradıb. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalan bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırıb, dövlət investisiyalarının həcmcə artımını təmin edib, bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açıb.

Hazırda “Azərbaycan Respublikasının təhsil islahat proqramı” və “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazasının gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 243 milyon manat təşkil edən təhsil xərcləri 2013-ci ildə 1,5 milyard manata yüksəlib. İnvestisiya xərcləri isə 5 milyon manatdan 420,9 manata çatıb. 2014-cü ilin dövlət büdcəsindən isə təhsil xərclərinə 1 milyard 653,4 milyon manat vəsait ayrılıb  və bu da 2013-cü ilə nisbətən 123 milyon manat və ya 8 faiz çoxdur.

2015-ci ilin dövlət büdcəsində isə təhsil üçün 1711,2 milyon manat olmaqla 2013-cü ilin göstəricisinə nisbətən 273,5 milyon manat və ya 19 faiz, 2014-cü ilin dövlət büdcəsinə nisbətən 57,7 milyon manat və ya 3,5 faiz çox vəsait proqnozlaşdırılıb. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 8,1 faiz təşkil edəcək.

“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır”, - deyən ölkə başçısı respublikamızda sosial dövlət prinsipinin uğurla reallaşdırmasını belə ifadə edib: “Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir”.

Hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmyə müsbət təsir göstərir.

Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də bu sahədə inkişaf indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin genişləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlmiş sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında