bp və ARDNŞ arasında hasilatın pay bölgüsünə dair saziş imzalanıb

Dekabrın 22-də bp və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayaz sulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişinə imza atıblar.

Xatırladaq ki, yeni saziş Azərbaycan hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir. Sazişi Azərbaycan Respublikası hökuməti adından Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Rövnəq Abdullayev demişdir: “bp ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər - Azərbaycan hökuməti, ARDNŞ və bp üçün əlamətdar hadisədir. Bununla əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək.”

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell isə demişdir: “bp şirkəti ARDNŞ ilə birlikdə Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda yeni bir dövrün başlanğıcıdır. Yeni tərəfdaşlıq bp-nin dünyanın digər yerlərində dayaz sulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə Azərbaycan hökumətinə və ARDNŞ-ə təşəkkürümüzü bildiririk.”

Xatırladaq ki, sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında