Paytaxtda bal yarmarkası keçirilir

Artıq neçə illərdir ənənə halını alan bal satış sərgisi bu il də paytaxt sakinlərinə müxtəlif regionlardan gətirilən məhsullarla tanış olmaq imkanı verir.
Sentyabrın 20-də Bakının Xətai rayonunda bal satış sərgisinin açılışı olmuşdur.
Açılış mərasimində kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış edərək bildirmişdir ki, "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən bu tədbirin hər il keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bal yarmarkası xüsusilə Bakı sakinlərində böyük maraq doğurur. Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına 51 şəhər və rayondan 800-dən çox arıçı gəlmişdir. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda arıçılığın da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi damazlıq işinin yaxşılaşdırılmasına, yerli arı cinslərinin və populyasiyalarının qorunub saxlanmasına və təkmilləşdirilməsinə, yeni cinslərin yetişdirilməsinə və son nəticədə arıçılıq məhsulları istehsalının artmasına səbəb olacaqdır. Bal yarmarkasının keçirilməsinin məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq, inkişaf etdirmək, arıçılıq sahəsində təcrübə mübadiləsi aparmaq, arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır.
A. Aslanov vurğulamışdır ki, son məlumata görə, Azərbaycanda 163 min 991 arı ailəsi vardır. Hər arı ailəsindən orta hesabla 10-11 kiloqram bal alınır. Lakin bu il havaların həddindən artıq yağışlı keçməsi nəticəsində bal istehsalı xeyli azalmışdır. Nəticədə cari ildə təxminən 900 ton bal istehsalı gözlənilir. Ölkəmizdə arıçılıqla 6 mindən çox adam məşğul olur. Respublikamızda arı ailəsinin sayını təqribən 5 dəfə, onun məhsuldarlığını isə 2 dəfə artırmaq mümkündür. Son 5 ildə Azərbaycanda arı ailələrinin sayı 68 min 276 ədəd və ya 71,3 faiz artmışdır.
Diqqətə çatdırılmışdır ki, arıçılıqda bir sıra problemləri həll etməklə onu daha da inkişaf etdirmək mümkündür. Bunlardan birincisi arıçılıqda bazar iqtisadiyyatı prinsiplərinə söykənərək, elmi əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda mövcud arı təsərrüfatlarının 80-90 faizi primitiv üsullarla, köhnə qaydalarla idarə olunur. Arı məhsullarından əsasən bal istehsal olunur, digər məhsulların (arı zəhəri, arı südü, mum, çiçək tozu və s.) istehsalına fikir verilmir. Arıların saxlanma metodları, istehsal texnologiyası aşağı səviyyədədir. Damazlıq-seleksiya işləri isə, demək olar ki, aparılmır. Gəlirli, bazar iqtisadiyyatının tələblərinə cavab verən, rəqabət qabiliyyətli arıçılığın inkişaf etdirilməsi çox vacibdir.
A. Aslanov qeyd etmişdir ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ölkəmizdə arıçılığın inkişaf etdirilməsi sahəsində beynəlxalq təşkilat olan İFAD-ın layihəsini həyata keçirir. Agentliyin xətti ilə layihənin reallaşdırıldığı Lerik, Qəbələ, Daşkəsən, Gədəbəy, Yardımlı və Xızı rayonlarında arıçılıq daha da inkişaf etdirilmişdir. Çalışırıq ki, ekoloji cəhətdən təmiz arıçılıq məhsullarının ixracına nail ola bilək. Çünki Azərbaycan balına olan tələbin kökündə onun yüksək keyfiyyəti durur. Azərbaycanda "Peşəkar arıçılar", "Qızıl pətək", "Dağ arıçıları" ictimai birlikləri fəaliyyət göstərir. Ötən il Respublika Arıçılar İttifaqı yaradılmışdır. Birliklər və ittifaq geniş iş aparırlar. Nazirlik arıçılığın inkişaf etdirilməsinə ciddi fikir verir. Bal yarmarkası 10 gün davam edəcəkdir.
Digər çıxış edənlər də ölkədə arıçılığın inkişafından danışmışlar.
Sonra bal satış-sərgisi ilə tanışlıq başlanmışdır.
Qeyd edək ki, laboratoriya müayinəsindən sonra yarmarkaya çıxarılmış balın 1 kiloqramı 15 manatdan yuxarı deyildir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında