Heç kəsə sirr deyil ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin ediıməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Məsələn, qeyri-neft sektorunda öz strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihə ötən il reallaşdırılıb. Bu, Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü su elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalıdır. Hazırda həmin layihənin icrası ölkəmizin şimal bölgəsindəki bir neçə rayonla bərabər, Abşeron yarımadasındakı minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaradır. Bundan əlavə, layihənin başa çatması əhalisi sürətlə artan Bakının su təminatına da etibarlı zəmindir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu sahənin əhəmiyyətinə toxunaraq deyib: “Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr - Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq - əlbəttə ki, biz bu barədə düşünürük və yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik”.
Dövlət başçısının bu il noyabrın 15-də Şəmkirçay su anbarının açılış mərasimində iştirak etməsi də bu sahənin ölkə üçün əhəmiyyətini bir daha göstərir. Qeyd edək ki, Şəmkirçay su anbarının tikilməsi ideyası ümummilli lider Heydər Əliyevə məxsusdur. Ulu öndər bu ideyanı həyata keçirmək üçün hələ 1981-ci ildə layihənin texniki-iqtisadi əsaslandırılması sənədlərini hazırlatdırmışdı. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin bu xoşməramlı ideyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildi.
Xatırladım ki, sözügedən layihənin icrası böyük kapital qoyuluşu tələb edirdi. Təsadüfi deyil ki, tikintinin layihəyə uyğun icrasına 700 milyon manatdan çox vəsait xərclənib. Bu, Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda həcminə görə həyata keçirilən ən böyük layihədir.
Şəmkirçay su anbarının tikintisinə isə 2008-ci ildən başlanılıb. Ötən dövr ərzində burada nəhəng inşaat işləri görülüb, müxtəlif avadanlıqlar quraşdırılıb. Su anbarının mərkəzi bəndinin daha möhkəm və etibarlı olması üçün daş-qaya materiallarından istifadə edilib. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Su anbarı bəndin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən, orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının suyunu bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq.
Şəmkirçay su anbarı ölkəmizin iqtisadi və sosial inkişafına böyük töhfə verəcək strateji bir layihədir. Xüsusilə, aqrar sektorda məhsul istehsalının böyük həcmdə artmasına təkan verəcək. Prezident İlham Əliyev Şəmkirçay su anbarının açılışında layihənin əhəmiyyəti barədə deyib: “Şəmkirçay su anbarı, su elektrik stansiyası, su kanalları vahid bir kompleks təşkil edir. Bu infrastruktur obyektlərinin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, sahibkarlığın inkişafına çox böyük dəstək verəcək. Bu su anbarının fəaliyyəti nəticəsində 54 min hektar torpaqda suvarma yaxşılaşacaq, 17 min hektar torpaq isə yenidən suvarılacaq. Yəni bu, kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyət daşıyan obyektdir. Fermerlər bundan səmərəli şəkildə istifadə etməlidilər. Əminəm ki, belə də olacaq. Yeni suvarılacaq sahələrdə bəri başdan düzgün planlaşdırma işləri aparılmalıdır ki, orada hansı məhsullar yetişdiriləcək, o məhsullar hansı bazarlara ixrac olunacaq. Yəni hesab edirəm ki, biz bu məsələlərə indidən kompleks şəkildə yanaşmalıyıq və əslində artıq müəyyən işlər görülmüşdür. Bu gün Şəmkir rayonunda böyük aqroparkın təməli qoyulacaq və əgər bu su anbarı tikilməsəydi, əlbəttə ki, o aqropark da tikilməzdi. Çünki oraya da çox böyük həcmdə investisiya qoyulacaq və əsas şərt suvarılacaq ərazilərdir”.
Göründüyü kimi, bu layihənin icrası aqrar sektorun inkişafında böyük dönüşə səbəb olacaq. Daha doğrusu, ölkəmizin qərb bölgəsində aqrar sektorda məhsul istehsalının həcminin dəfələrlə artmasına imkan verəcək. Açılacaq yeni imkanlar kənd təsərrüfatı məhsullarına olan daxili tələbatımızı ödəməklə bərabər xaricə məhsul ixrac etməyə də gücümüz çatacaq. Layihənin icrası regionun inkişafına, əhalinin məşğulluğuna və sosial rifahının da artmasına müsbət təsir göstərəcək. Qeyri-neft sektorunda xüsusi çəkisi böyük olan aqrar sahənin inkişafı, eyni zamanda, ümumi iqtisadiyyatın balanslı inkişafına da zəmin yaradacaq, ölkənin məhsul istehsalı və ixrac potensialında aqrar sektorun payı artacaq.
Şəmkirçay su anbarı barədə belə geniş söhbət açmağım təsadüfi deyil. Bu məsələyə diqqət yetirməyimin səbəbi əsasən onunla bağlıdır ki, Şəmkirçay su anbarı Şəmkir, Göygöl və Samuxla yanaşı, bizim rayonun da su təminatını yaxşılaşdıracaq. Goranboyun kənd təsərrüfatının inkişafı, əlbəttə, bu layihənin icrası nəticəsində daha da sürətlə gedəcək.
Yeri gəlmişkən, rəhbərlik etdiyim idarənin fəaliyyəti barədə də fikirlərimi qısa şəkildə bildirmək istərdim. Goranboy Subartezian Quyularının Istirması Idarəsi 2014-cü ildə rayonun ərazisində fəaliyyət göstərən 791 ədəd subartezian quyusunun və 4 ədəd nasos stansiyasının istismarını təmin edib. Subartezian quyular vasitəsilə 23 min hektar əkin sahəsinin suvarılması nəzərdə tutulduğuna baxmayaraq, bu ilin yayında havaların isti və quraq keçməsi vəziyyəti çətinləşdirdi, təbii su mənbələrində suvarma suyunun həcmi kəskin azaldı. Belə də isə faktiki olaraq 31 min 500 hektar sahənin suvarılması məcburiyyəti ilə üzləşdik. Çətinliyə baxmayaraq, bütün imkanları səfərbər edərək əkin sahələrinə 150 milyon kubmetr 3 suvarma suyu verilib və bu sahələrin 4 dəfə suvarlması təmin olunub.
Hazırda 4 ədəd nasos stansiyası Səfikürd, Borsunlu, Qızılhacılı və Boluslu nasos stansiyaları mənbəyini Yuxarı Qarabağ kanalından götürən boru kəməri vasitəsi ilə 5 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Bu ilin 10 ayı ərzində həmin sahələrə 18 milyon kubmetr suvarma suyu verilib ki, bu da 5 min hektar sahənin 3 dəfə suvarılması deməkdir.
Subartezian quyularının və nasos stansiyalarının fasiləsiz iş rejimini təmin etmək məqsədi ilə idarə tərəfindən bir sıra əsaslı və cari təmir işləri aparılıb. Belə ki, 92 ədəd subartezian quyusunda sayğac və idarəetmə şitlərini yerləşdirmək üçün əlavə çəpərləmə işləri aparılıb, 193 ədəd subartezian quyusunun nasos aqreqatı təmir olunub. Əlavə investisiya hesabına 10 ədəd subartezian quyusu təmir olunub.
Boluslu nasos stansiyası əlavə investisiya hesabına tamamilə yenidən qurulub. Stansiyasının elektrik avadanlıqları yenilənib, işçilər üçün yeni 3 otaqlı bina tikilib və zəruri məişət avadanlıqları quraşdırılıb. Stansiyanın ətrafı tamamilə çəpərə alınıb, yaşıllıqlar salınıb. Borsunlu nasos stansiyasının II və III pilləsində işçilər üçün xidməti bina təmir olunub. Bundan başqa, Boluslu və Borsunlu nasos stansiyalarının 720 millimetrlik boru kəmərlərində hissə-hissə 2 kilometr məsafə təmir olunub. Bunun nəticəsində boru kəmərlərinin məhsuldarlıqları 10-15 faiz artıb. Səfikürd, Borsunlu, Qızılhacılı nasos stansiyalarında müxtəlif markalı nasoslar əsaslı təmir olunub. Rayonda suvarma suyuna olan tələbatı nəzərə alıb Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il 14 ədəd subartezian quyusu qazılaraq istismara verilib. Hazırda daha 15 subartezian quyusu qazılır ki, onların gələn ilin yanvar ayında istismara verilməsi nəzərdə tutulur.
İdarənin nasosların təmiri sexində də əsaslı təmir işləri aparılıb. Sexin dam örtüyü təzələnib, otaqların qapı və pəncərələri yenilənib. Daxili elektrik xətləri və işıqlandırma sistemləri yenidən təmir olunub. Sexdə yeni gözətçi binası tikilib. İdarənin həyətində ulu öndər Heydər Əliyev guşəsi yaradılıb. Əraziyə asfalt örtük salınıb.
Rauf TEYYUBOV,
Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.