Milli maraqlara əsaslanan enerji diplomatiyası

Tarixi təcrübə sübut edir ki, hər bir dövlətin inkişaf səviyyəsini müəyyən edən başlıca amillərdən biri də məhz milli lider amilidir. Milli lider fenomeninin elmi əsaslar üzərində müəyyənləşdirdiyi mükəmməl strategiya istər ölkənin iqtisadi inkişaf potensialının hərəkətə gətirilməsinə, istərsə də mövcud təbii sərvətlərin hər bir vətəndaşın mənafeyinə uyğun realizə edilməsinə ciddi əsaslar formalaşdırır. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində özü üçün əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük ehtiramla anılır.
Əsrlər boyu zəngin təbii sərvətləri ilə bütün dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan məhz, Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmişdir. Hələ 70-80-ci illərdə - respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur.
Respublikamızda son dərəcə ağır və böhranlı ictimai-siyasi vəziyyətin hökm sürdüyü zamanda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi və arzusu ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyev müdrik siyasətçi kimi yaxşı bilirdi ki, Azərbaycanın dünya miqyasında layiqli yerini tutması və dinamik iqtisadi inkışafı heç də sırf təbii sərvətlərin zənginliyinə söykənmir. Böyük strateq çıxışlarında daim vurğulamışdır ki, tarixdə neftlə zəngin bir çox dövlətlərin uğursuz siyasətin nəticəsi kimi müstəqilliklərini itirərək metropoliyaya çevrilməsi, qeyri-stabillik şəraitində yaşaması, ağır sosial-iqtisadi problemlərlə, aclıq və səfalətlə üzləşməsi ilə bağlı çoxsaylı misallar mövcuddur. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft amili üzərində qurulması və neft gəlirlərinə güvənməyin nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində neft diplomatiyası sahəsində yürüdülən naşı və yarıtmaz siyasətin fəsadlı nəticələri bu qənaətin həqiqiliyini bir daha təsdiqləyir. SSRİ-nin süqutundan sonra iqtisadi potensialına görə müstəqil yaşamaq imkanına malik üç respublikadan biri sayılan Azərbaycan müstəqillik əldə etdikdən sonra təbii sərvətlərinə sahib çıxmaq, Xəzərin özünə aid sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək baxımından əsaslı problemlərlə üzləşmişdi. 1991-1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat rəhbərliyinin apardığı uğursuz siyasət nəticəsində daxildə ictimai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla əməkdaşlıqdan çəkindirirdi. Bir illik hakimiyyəti dövründə AXC-Müsavat iqtidarının apardığı uğursuz danışıqların nəticəsi kimi hazırlanmış layihə isə dövlətin və xalqın mənafelərinə qətiyyən cavab vermirdi. Bu qüvvələr qısamüddətli hakimiyyətləri dövründə hazırladıqları ilk neft müqaviləsində ümumi payın düz 60 faizini yalnız bir şirkətə - Böyük Britaniyanın "BP" şirkətinə verilməsini nəzərdə tutmuşdular. Saziş layihəsində bir tərəfdən Azərbaycanın payı yolverilməz dərəcədə aşağı həddə göstərilmiş, eyni zamanda hasil olunacaq səmt qazının respublikamıza satışı nəzərdə tutulmuşdu. Cənab İlham Əliyev 1999-cu ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü ilə bağlı keçirilən mərasimdəki çıxışında bu məsələ ilə bağlı demişdir: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa, bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir".
1993-cü ilin iyunundan etibarən ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun möhkəmləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxardı. Heydər Əliyev Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmağa başladı. İqtisadi problemlər məngənəsində sıxılan Azərbaycanın məhdud maliyyə imkanları ilə zəngin neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının qeyri-mümkünlüyünü düzgün qiymətləndirən Heydər Əliyev çıxış yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında görürdü. AXC-Müsavat hakimiyyəti dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, ulu öndərimiz böyük diplomatik məharət və prinsipiallıq nəticəsində bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq oldu.
1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən cənab İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi isə xalq və dövlət naminə düzgün seçim olmaqla, ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan cənab İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsınin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən cənab İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək, Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Bu hadisə bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ən çətin, mürəkkəb situasıyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir.
Azərbaycan rəhbərliyi həmin illərdə həqiqətən də heç bir səhvə yol vermədən aparıcı Qərb şirkətləri ilə aparılan danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə iri miqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüş, buna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etmişdir. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazışin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu qlobal enerji müqaviləsi eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi. Regionda digər qlobal enerji və kommunıkasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı. "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzərdə maraqları təmin olunmuş bəzi aparıcı Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artdı, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində tamamilə yeni mərhələnin başlanğıcı qoyuldu. Bu müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi. Yeni neft strategiyasının uğurları Azərbaycanın Avratlantik məkana inteqrasiya prosesini sürətləndirdi, respublikamıza sərmayə qoyulması sahəsində ciddi dönüş yaratdı.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtısadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrildi. Lakin ulu öndər Heydər Əliyevin iradəsi, prinsipial və qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edildi.
1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı, 1997-ci ilin oktyabr ayında həmin xətt istıfadəyə verildi. 1997-ci ildə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalandı. 1999-cu ilin 17 aprelində müstəqil respublikamızın tarixində daha bir əlamətdar hadisə yaşandı - Azərbaycan, Gürcüstan və Ukrayna Prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Bununla belə, həmin kəmərlər də Azərbaycanın getdikcə artan ehtiyaclarını tam ödəmək iqtidarında deyildi. "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatının çoxalması əsas ixrac boru kəmərinin qısa zamanda inşasını da zərurətə çevirdi. Ulu öndər Heydər Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını hələ ötən əsrin 90-cı illərinin ortalarında vermiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdi. Azərbaycan xalqının mənafelərini daim uca tutan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də böyük diplomatik ustalıqla həmin kəmərin alternativsizliyini "Əsrin müqaviləsi"ndə iştirak edən şirkətlərə, habelə onların təmsilçisi olan dövlətlərə qəbul etdirə bilmişdi.
1998-ci ilin 29 oktyabrında ümummilli liderin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan Prezidentləri BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzaladılar. BTC-nin reallaşması "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisə oldu. 2002-ci ilin sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin təməlqoyma mərasimi keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmış, bu hadisə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının əməli nəticəsi olmaqla, bu strategiyanı uğurla davam etdirən Prezıdent İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi nəticəsi oldu. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olundu. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi!
Əgər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin vaxtında tikintisinə başlanmasaydı, bu gün Azərbaycan və "Əsrin müqasiləsi"nin digər iştirakçıları çıxılmaz vəziyyətə düşə bilərdilər. Çünki mövcud olan Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin buraxılış imkanları yalnız ildə 10 milyon ton həcmindədir. Bu baxımdan istismara verilmiş BTC Azərbaycanın istehsal etdiyi milyonlarla ton neftin dünya bazarlarına çıxarılması baxımından əvəzsiz rol oynayır.
2010-cu ildə Azərbaycanda neft hasilatının 50 milyon tona çatacağı proqnozlaşdırılır. Müqayisə üçün bildirək ki, Azərbaycan sovet ittifaqı dövründə - yalnız 1941-ci ildə 23,5 milyon ton neft hasil etmişdi. Bakı-Tbilisi-Ceyhan kəmərinin tam istifadəyə verilməsi bütün bunlarla yanaşı, Xəzərdə zəngin ehtiyatlara malik Qazaxıstan neftinin Qərb bazarlarına nəqli baxımından da müstəsna əhəmiyyət daşıyır.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artırmışdır. Son 3 ildə Polşada, Ukraynada, Gürcüstanda, Litvada, Bakıda keçirilən enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları bir daha vurğulanmışdır. Bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya prezidentlərinin, habelə Macarıstanın Baş nazırınin iştirakı ilə AGRİ ("Azerbaijan-Georgia-Romania Interconnector") layihəsi ilə bağlı anlaşma memorandumunun imzalanması da respublikamızın neft və qaz kəmərlərinin şaxələndirilməsi sahəsində ardıcıl və məqsədyönlü siyasət yeritdiyini göstərir. Məlumat üçün bildirək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanmışdır. Sentyabrın 15-də isə Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsi çərçivəsində birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumu və yeni şirkətin nizamnaməsinin layihəsi imzalanmışdır. AGRİ layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaqdır.
Dövlət başçısı İlham Əliyev AGRİ layihəsi ilə bağlı keçirilən sammitdəki dərin məzmunlu nitqində imzalanan anlaşma memorandumunu yüksək dəyərləndirmişdir: "...Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gürcüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və Qara dənizin hövzələrini birləşdirdik. Əminəm ki, bu görüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni layihələr yeni imkanlar açacaq, ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır".
İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan 2006-cı ildən böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2010-cu ildə dövlət büdcəsinin 2003-cü ildəki 1,3 milyard dollardan 15 milyard dollara yüksəlməsi, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 24,4 milyard dollara çatması ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri kimi dəyərləndirilməlidir.
Azərbaycan Prezidenti iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq, 2003-cü ildən respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır, tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir: "Biz öz siyasətimizi elə aparmalıyıq ki, guya Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində və ilk növbədə, qeyri-neft sektorunda mövcud strukturlar inkişaf etdirilməlidir. Biz yalnız bu yolla Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirə bilərik" - deyən dövlət başçısı neft gəlirlərini digər strateji sahələrə yönəltməklə, qeyri-neft sektorunun, istehsal sahibkarlığının, sənayenin inkişafına, infrastrukturun müasirləşməsinə çalışır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Prezident İlham Əliyev bu əvəzsiz təbii sərvətin ixracından qazanılan böyük vəsaitlərin, ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini, elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini zəruri sayır.
Böyük Britaniyanın mədən və hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş Azərbaycanda eyni zamanda neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya işlənib hazırlanmışdır. Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, infrastruktur sahələrinin genişmiqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur.
Neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Neft strategiyasının uğurlu göstəricilərindən biri də 2010-cu ilin iyun ayında dövlət büdcəsinin mədaxil və məxaric hissəsində nəzərəçarpacaq dəyişiklıyin edilməsidir. Büdcəyə dəyişiklik nəticəsində sosial xərclərlə yanaşı, dövlət əsaslı kapital qoyuluşlarının həcminin artırılması da iqtisadiyyatın davamlı və tarazlı inkişafı məqsədinə yönəlmişdir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artması da neft gəlirlərinin sosial rifah amilinə xidmət etdiyini göstərir.
Məlumat üçün bildirək ki, 2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin altı ayında dövlət büdcəsindən sosial müdafiə və sosial təmıinat xərclərinə 14,8 faiz çox vəsait yönəldilmişdir. Eyni zamanda ötən müddətdə icra olunmuş dövlət büdcəsi xərclərinin 1 milyard 363 milyon manatı və ya 27,7 faizi sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyə təminatına yönəldilmişdir. Bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 83 milyon manat və ya 6,5 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqram və tədbirlərin, əmək haqlarının, pensiyaların, təqaüdlərin stabil maliyyələşməsi təmin edilmişdir. Eyni zamanda ölkə başçısının cari ilin sentyabr ayında imzaladığı sərəncamlarla təhsil, səhiyyə işçilərinin əmək haqları, yaşa görə əmək pensiyalarının baza hissəsi orta hesabla 10 faiz artırılmışdır. Bundan başqa, ali məktəblərin tələbə və doktorantlarına, peşə məktəblərinin şagirdlərinə verilən aylıq təqaüdlərin əhəmiyyətli dərəcədə artması da sosial siyasətin səmərəliliyini əyani surətdə əks etdirir.
Sosial sahədə həyata keçirilən siyasətin effektivliyi özünü həm də yoxsulluğun səviyyəsinin ildən-ilə azalmasında göstərir. Əgər 2003-cü ildə ölkə əhalisinin yarısı yoxsul vəziyyətdə yaşayırdısa, hazırda bu kateqoriyadan olan vətəndaşlar 11 faiz təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında yoxsulluğun, işsizliyin səviyyəsinin aşağı salınmasının hökumət üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha vurğulamışdır: "...Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əmək haqlarının minımum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əmək haqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar".
Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Təsadüfi deyildir ki, 2010-cu ildə də büdcə xərclərinin əsas istiqamətləri sırasında birinci yeri yenə də dövlət əsaslı vəsait qoyuluşları tutur. Bu da kifayət qədər çətin bir mərhələdə büdcənin investisiya yönümlüyünün qorunub saxlanıldığını göstərir. Dövlət başçısı İlham Əliyevin hökumətin son iclasında vurğuladığı kimi, məhz bu kimi vacib layihələrin həyata keçirilməsi Azərbaycanı qlobal böhranın mənfi təsirlərindən hifz etmişdir: "...Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına iş yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu "Holland xəstəliyi" ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik".
2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay su anbarı, Bakı məişət tullantıları zavodu, Sumqayıt texnoparkı, "Cənub" Elektrik Stansiyası kimi qlobal layihələrin maliyyələşdirilməsi diqqət mərkəzindədir. "Ekologiya ili" çərçivəsində Bakıda ekoloji mühitin yaxşılaşdırılması, paytaxtda yeni körpülərin, yolötürücülərin, piyada keçidlərinin tikintisi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin inşası da nəzərdə tutulan işlər sırasındadır.
Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev neft gəlirlərindən səmərəli istifadə etməklə, iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işilə doğruldur. Ulu öndər bu gün aramızda olmasa da, onun layiqli davamçısı - cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə təsəlli tapır, gələcəyə böyük qürur və əminliklə baxırıq. Həm də ona görə ki, ulu öndər Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni ştrixlərlə zənginləşdirən, onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli liderimiz var. Prezident İlham Əliyevin yeritdiyi uğurlu enerji siyasəti nəticəsində mövcud problemlərin tədricən aradan qalxması vətəndaşlarda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır. Hər bir vətəndaş ürəkdən əmindir ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət yaxın illərdə onun həyatında əhəmiyyətli dəyişikliklərin baş verməsinə, bir sözlə, insan amilinin yüksəlişinə xidmət edir.

{nl}

Rafael CƏBRAYILOV, Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında