Kənd təsərrüfatının siyahıyaalınması - 2015

Son illər iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da ciddi dinamik inkişafa nail olunmuşdur. Bu uğurlar həyata keçirilən düzgün siyasətin nəticəsidir. Aqrar  siyasətin işlənib hazırlanması kənd təsərrüfatına dair müfəssəl, dolğun və etibarlı statistik məlumatlara əsaslanmaqla mümkündür. Belə məlumatları isə yalnız kənd təsərrüfatının  siyahıyaalınmasının keçirilməsi nəticəsində əldə etmək olar.

Azərbaycanda kənd təsərrüfatının ümumi siyahıyaalınması ilk dəfə 1921-ci ildə keçirilmişdir. Sonrakı illərdə kənd təsərrüfatında kollektiv təsərrüfatların formalaşması  (kolxoz, sovxoz və s.) nəticəsində ümumi siyahıyaalmalara ehtiyac qalmamışdı. Müstəqillik illərində həyata keçirilən çoxsaylı islahatlar nəticəsində meydana çıxan yeni iqtisadi şərait kənd təsərrüfatında yenidən ümumi siyahıyaalmaların keçirilməsi zərurətini yaratmışdır. Bu baxımdan, 2005-ci ildə müstəqil Azərbaycan Respublikasında ilk kənd təsərrüfatı siyahıyaalması keçirilmişdir.

Kənd təsərrüfatının növbəti siyahıyaalmasının   gələn il - 2015-ci il iyun ayının 1-30-da keçirilməsi nəzərdə tutulmuşdur. 1,3 milyondan çox müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatı əhatə edəcək kənd təsərrüfatı siyahıyaalınmasının hüquqi əsaslarını “Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli sərəncamı, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı, “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli qərarı, habelə “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu və Dövlət Statistika Komitəsinin müvafiq əmr və göstərişləri təşkil edir.

Kənd təsərrüfatının siyahıyaalınmasının hazırlanıb keçirilməsı üzrə sənədlər  işlənərkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən tövsiyə olunan “Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramının 2010-cu il raundu və MDB ölkələrində keçirilən kənd təsərrüfatı siyahıyaalmaları nəzərə alınmaqla kənd təsərrüfatı siyahıyaalınması proqramının təkmilləşdirilməsinə dair tövsiyələr”, bir sıra dünya ölkələrinin bu sahədəki əməli təcrübəsi və yerli xüsusiyyətlər nəzərə alınmışdır. ƏKTT-nin tövsiyəsinə əsasən kənd təsərrüfatı siyahıyaalınmasının hər 10 ildən bir keçirilməsi məqsədəuyğun sayılmışdır. Əksər ölkələrdə, o cümlədən  MDB ölkələrində siyahıyaalma hər 10 ildən bir keçirilir. Almaniya və Hollandiyada kənd təsərrüfatının siyahıyaalınması hər 4, ABŞ və Kanadada isə hər 5 ildən bir keçirilir.

Siyahıyaalmanın keçirilməsində əsas məqsəd kənd təsərrüfatının strukturuna və vəziyyətinə, onun ehtiyat potensialının mövcudluğu və istifadəsinə dair dövlət informasiya ehtiyatlarının formalaşdırılması, müxtəlif regionlar üzrə müvafiq məlumatların əldə edilməsi, kənd təsərrüfatı sahəsində statistik uçot sisteminin təkmilləşdirilməsi, siyahıyaalmalararası dövrdə statistik göstəricilərin hesablanmasında baza məlumatları kimi istifadə olunan ətraflı informasiya alınması və aparılması nəzərdə tutulan müxtəlif seçmə müşahidələr üçün əsas meyarların müəyyənləşdirilməsindən ibarətdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq siyahıyaalmanın işlənib hazırlanaraq keçirilməsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və onun yerli orqanları tərəfindən yerinə yetirilməli və kənd təsərrüfatı siyahıyaalınmasının bütün zəruri məsələləri müvafiq təşkilat planında öz əksini tapmalıdır.

Bütün bunları nəzərə alaraq, Dövlət Statistika Komitəsi “2015-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi haqqında”  Nazirlər Kabinetinin  qərarını 2014-cü il  9 yanvar tarixli əmrlə statistika orqanlarına çatdıraraq onun  icrasını təmin etmək məqsədilə müvafiq tədbirlər planı hazırlayıb təsdiq etmiş, Dövlət Statistika Komitəsinin aparatında kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin tərkibində 2014-cü ilin may ayından  6 nəfər ştat vahidindən ibarət siyahıyaalma sektoru yaradılmışdır.

Tədbirlər planına uyğun olaraq siyahıyaalmanın keçirilməsi üzrə lazımi sənədlər Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Kənd Təsərrüfatı Akademiyasının, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun təklifləri nəzərə alınmaqla hazırlanmışdır. 2014-cü il sentyabr ayında Dövlət Statistika Komitəsində aidiyyəti dövlət orqanlarının  nümayəndələrinin iştirakı ilə bu sənədlər bir daha geniş müzakirə olunmuş, irad və təkliflər nəzərə alınmaqla 2014-cü il noyabr ayının 3-də müəyyən olunmuş qaydada təsdiq edilmişdir. Həmin sənədlər içərisində kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi üzrə təşkilat planı da yer almışdır.

Təşkilat planına  əsasən, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi, rayon (şəhər) statistika idarələri kənd təsərrüfatının siyahıyaalınmasına lazımi hazırlıq görməli, onun keçirilməsi üzrə  öz təşkilat planlarını hazırlamalı və bu planda siyahıyaalmanın rayonlaşdırılması, siyahıyaalmaya cəlb ediləcək müvəqqəti işçilərin sayının müəyyənləşdirilməsi, işə cəlb ediləcək işçilərin təsdiqi və onların təlimatlandırılması, kütləvi izahat və məlumatlandırma işlərinin aparılmasına dair tədbirlər planının hazırlanması, mebel və inventarla təmin olunmuş, telefon əlaqəsi yaradılmış məntəqələrin müəyyən edilməsi və digər  məsələlər öz əksini tapmalıdır.

Təsdiq edilmiş normativlərə uyğun olaraq bütövlükdə respublika üzrə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 100 təsərrüfata bir nəfər sayıcı hesabı ilə 12600 sayıcı, hər 10 sayıcıya 1 nəfər olmaqla 1260 təlimatçı-nəzarətçi  cəlb ediləcəkdir. Bu zaman, hər  sayıcı üçün 30, təlimatçı-nəzarətçi üçün 45 təqvim  günü müəyyən edilmişdir.

Siyahıyaalmanın müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən növbəti ildə Bakı şəhərində bütün rayon, şəhər statistika orqanları rəhbərlərinin iştirakı ilə seminar-müşavirənin keçirilməsi nəzərdə tutulmuşdur. Seminar-müşavirədən sonra təsdiq edilmiş qrafikə uyğun olaraq rayonlarda və ayrı-ayrı siyahıyaalma şöbələrində siyahıyaalma kadrları ilə üç günlük  seminarlar keçiriləcək və onların görəcəkləri işlər üzrə bilikləri yoxlanılacaqdır.

Siyahıyaalmanın keçirilməsi qaydalarını, tətbiq olunacaq  sənəd və məlumatların işlənməsi üzrə proqramı sınaqdan keçirmək məqsədilə Nazirlər Kabinetinin  qərarına uyğun olaraq cari ilin iyun ayında Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçirilmişdir.

Sınaq siyahıyaalınmasında rayonun dağ, dağətəyi və aran ərazilərindən 6 inzibati-ərazi dairəsi üzrə 2000 təsərrüfat əhatə olunmuş, siyahıyaalmaya  sayıcı,  nəzarətçi və  kompüter operatorları cəlb olunmuşdur.

Quba rayonunda sınaq siyahıyaalınmasının keçirilməsi zamanı  metodoloji kömək göstərmək məqsədilə komitənin mütəxəssisləri  vaxtaşırı rayona ezam edilmiş,  siyahıyaalmanın gedişi ilə tanış olmaq və müəyyən təcrübə əldə etmək məqsədi ilə bir sıra rayon statistika idarələrinin rəisləri Quba rayonunda olmuşlar.

Siyahıyaalma zamanı ən cox qarşıya çıxan problemlər (təsərrüfat başçısının evdə olmaması və ya sorğudan yayınması, sorğu formasındakı bəzi sualların düzgün başa düşülməməsi, sayıcılar arasında təsərrüfatların bərabər sayda paylanmaması və s.) aradan qaldırılmış, sayıcı və təlimatçılara verilən suallar yerində cavablandırılmışdır. Bundan əlavə, siyahıyaalma zamanı yerli əhali tərəfindən  sorğu vərəqəsinin  ikinci bölməsi üzrə əkin sahələrinin ölçü vahidinin təkmilləşdirilməsi, mal-qara və quşların cins tərkibinə görə bölgüsünə yenidən baxılması kimi təkliflər irəli sürülmüş, bu təkliflər müvafiq təşkilatların nümayəndələri ilə müzakirə edildikdən  sonra məqsədəuyğun hesab olunaraq sorğu formasının son variantında nəzərə alınmışdır.

Sınaq siyahıyaalınması başa çatdıqdan sonra sorğu formaları rayon statistika idarəsində qəbul edilmiş və məlumatların real vaxt rejimində kompüterlərə yığılmasına başlanmışdır. Bu zaman Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi tərəfindən  hazırlanmış müvafiq proqram təminatından istifadə olunmuş və məlumatlar birbaşa komitənin mərkəzi serverinə yüklənmişdir. Rayona göndərilmiş kompüterlər quraşdırılıb yoxlanmış, məlumatların kompüterə daxil edilməsi üçün işə qəbul edilmiş dörd nəfər kompüter operatoru təlimatlandırılaraq sınaq məqsədilə ayrı-ayrı məlumatların kompüterə yazılmasına başlanmış, işin gedişi zamanı proqramda aşkar edilmiş bəzi çatışmazlıqlar yerində aradan qaldırılmışdır.

Sınaq siyahıyaalınması 2015-ci  ildə aparılacaq ümumi siyahıyaalma üçün müsbət təcrübə olmuş, hazırlanmış sorğu formaları, proqram təminatı və s. təşkilat işləri sınaqdan keçirilmişdir.

Kənd təsərrüfatı siyahıyaalınmasının hazırlanıb keçirilməsi məsələləri Dövlət Statistika Komitəsi rəhbərliyinin və rayon (şəhər) icra hakimiyyətlərinin  daim diqqət mərkəzindədir. Siyahıyaalma ilə bağlı məsələlər vaxtaşırı Dövlət Statistika Komitəsinin kollegiyasında müzakirə edilir və işin daha səmərəli təşkili üçün müvafiq qərarlar qəbul edilir.

Siyahıyaalma ucdantutma qaydada kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfatlardan məlumatların sorğu yolu ilə alınması sorğu vərəqələri əsasında  aparılacaqdır.

1 nömrəli siyahıyaalma formasını kənd təsərrüfatı ilə məşğul olan bütün kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar-kollektiv-birgə təsərrüfatlar, kənd təsərrüfatı istehsalı kooperativləri, müxtəlif tipli səhmdar cəmiyyətləri, sort-sınaq, tədris-təcrübə təsərrüfatları, damazlıq və toxumçuluq təsərrüfatları, tədris müəssisələri, yardımçı kənd təsərrüfatları və digər təşkilatlar müvafiq uçot sənədləri və inventarizasiya sənədlərinə əsasən dolduraraq yerli statistika orqanlarına təqdim edəcəklər.

2 nömrəli siyahıyaalma forması siyahıyaalmaya cəlb edilmiş sayıcılar tərəfindən sorğu aparmaqla fərdi sahibkar, ailə kəndli təsərrüfatları, ev təsərrüfatları və bağ evi təsərrüfatları üzrə doldurulacaqdır.

Siyahıyaalmaya başlamazdan əvvəl təşkilat planına uyğun olaraq sayıcılar onlar üçün ayrılmış  sahələri gəzməklə bir daha dəqiqləşdirəcəklər. Siyahıyaalmanın keçirilməsi üçün onlara çanta, tələb olunan sayda sorğu vərəqələri, təlimat və göstərişlər, habelə dəftərxana ləvazimatları veriləcəkdir. Siyahıyaalmanın gedişi təlimatçı-nəzarətçi və yerli statistika orqanlarının nümayəndələri tərəfindən daim nəzarətdə saxlanılaraq  qarşıya çıxa biləcək çətinliklər operativ surətdə aradan qaldırılacaqdır.

Sayıcı məntəqəsi üzrə siyahıyaalma tam başa çatdıqdan sonra təlimatçı-nəzarətçi tərəfindən siyahıyaalma materialları  sayıcıdan hesabi və məntiqi qaydada yoxlanılaraq qəbul ediləcək və onlar rayon statistika idarələrinə təhvil veriləcəkdir. Rayon (şəhər) statistika idarələrində cəlb ediləcək  operatorlar tərəfindən siyahıyaalma materialları 2015-ci il iyul ayının 15-dən başlayaraq 6 ay müddətində kompüterlərə daxil ediləcəkdir.

Yerli statistika orqanları siyahıyaalma materiallarını işləyib qurtardıqdan sonra həmin materiallar hərtərəfli yoxlanılaraq ölkə üzrə yekun nəticələri almaq məqsədilə çıxış cədvəlləri hazırlanacaqdır.

Hər bir təsərrüfat üzrə fərdi məlumatlar məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün istifadə olunacaqdır. Siyahıyaalma məlumatları ölkənin kənd təsərrüfatındakı mövcud vəziyyəti düzgün və hərtərəfli qiymətləndirməyə imkan verəcəkdir.

Siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə,  gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı,   bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaqdır.

Bu məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin  müəyyənləşdirilməsində mütəxəssislər,  tədqiqatçı alimlər, iqtisadçılar və bütövlükdə  məlumat istifadəçiləri üçün, eləcə də müxtəlif növ statistik müşahidələrin aparılması üçün mühüm informasiya mənbəyi olmaqla bu sahədə düzgün qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacaq, eyni zamanda, kənd təsərrüfatı statistikasının beynəlxalq tələb və tövsiyələrə uyğunluğu təmin edilmiş olacaqdır.

Həmid BAĞIROV,
Dövlət Statistika Komitəsi sədrinin birinci müavini,
iqtisad elmləri namizədi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında