Son illər iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, sənayenin yüksək texnologiyalar əsasında dinamik şəkildə şaxələndirilməsi, ölkədə rəqabət qabiliyyətli sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi Azərbaycanın dinamik inkişafına təkan verib. Məhz bunun nəticəsidir ki, əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ilin ötən aylarında da ölkə iqtisadiyyatında artım tendensiyası davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 10 ayı ərzində ölkə üzrə ümumi daxili məhsul istehsalı 2,8 faiz artaraq 49,2 milyard manata çatıb. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın başlıca hədəfi sayılan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin də müsbət nəticələri getikcə daha çox hiss olunur. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkənin qeyri-neft sektorunda 6,6 faizlik artım qeydə alınıb ki, bu da dünya üzrə olduqca yaxşı göstərici hesab sayılır.
2014-cü ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 70,4 faizi mədənçıxarma bölməsində istehsal edilmişdir. İlin ötən dövründə ölkəmizdə 38,4 milyon ton neft, 17 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil olunmuşdur. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4 faizini təşkil etmiş, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilmişdir.
Cari ilin ötən dövründə Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Bütövlükdə isə, son yeddi ildə ölkədə sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır. Bu da heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir.
Hesabat dövründə ölkənin qeyri-neft sənayesində əhəmiyyətli inkişaf baş vermişdir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır.
Əgər bir neçə il bundan əvvəl Azərbaycanda enerji təhlükəsizliyinin təminatı prioritet sayılırdısa, artıq ölkənin malik olduğu zəngin neft və qaz ehtiyatlarından düzgün və səmərəli şəkildə istifadə olunması, ən başlıcası isə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının ardıcıl şəkildə icra edilməsi nəticəsində bu məsələ öz müsbət həllini tapmışdır. Artıq uzun illərdir ki, Azərbaycan hətta digər ölkələrin də enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. İndi qarşıya qoyulmuş mühüm vəzifə ölkənin ərzaq təhlükəsizliyinin təminatına nail olmaqdan ibarətdir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu mühüm hədəfə çatmaq üçün bütün zəruri tədbirlər həyata keçirilir. Son illər neft gəlirlərindən səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Onu da deyək ki, hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın mühüm kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edir. Ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş vermiş, yerli istehsal hesabına daxili bazarda məhsul bolluğu müşahidə olunmuşdur.
Ölkəmizin özünü ərzaq məhsulları ilə tam təmin etmək, həmçinin xaricə məhsul ixrac etmək üçün bütün imkanı var. Təsadüfi deyil ki, bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarında satılması üçün yaxşı əməkdaşlıq potensialının mövcudluğunu vurğulamışdır. Bunun üçün isə, ilk növbədə, bitkiçilik və heyvandarlığı inkişaf etdirmək, burada intensiv metodlara daha çox üstünlük vermək lazımdır. Elə dövlətimizin başçısı da bu sahənin prioritet olduğunu dəfələrlə bəyan etmişdir. Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. 2014-cü ilin ötən dövründə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, aqrar sahədə bir sıra layihələr gerçəkləşdirilmişdir.
Azərbaycanda aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə diqqət getdikcə artırılır. Bu məqsədlə”Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kifayət qədər maliyyə vəsaitləri ayrılır. Təkcə onu qeyd etmək kifayətdir ki, aqrar sahənin daha da təkmilləşdirilməsi üçün gələn ilin büdcəsindən əlavə 55 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Son illər iqtisadiyyatın şaxələndirilməsini özünün sosial-iqtisadi tərəqqinin prioriteti elan edən Azərbaycanda özəl bölmənin inkişafına xüsusi önəm verilir, sahibkarlığa dövlət dəstəyi getdikcə gücləndirilir. Artıq ölkəmizdə bazar iqtisadiyyatının başlıca hərəkətverici qüvvəsi olan geniş sahibkarlar ordusu mövcuddur. Bu gün Azərbaycan dövləti özəl bölmənin inkişafı ilə bağlı öz iradəsini nümayiş etdirir, ölkəmizdə iş adamlarına daim diqqət göstərilir, onlara güzəştli kreditlərin, texnikanın lizinq yolu ilə verilməsi, fermerlərə subsidiyaların ayrılması, bütövlükdə kənd təsərrüfatını, eləcə də sahibkarlığı stimullaşdıran dövlət proqramlarının qəbul olunması və onların müvəffəqiyyətlə icra olunması ölkədə sahibkarlığın inkişafına münbit şərait yaradıb. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən on ildə ölkəmizdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın layihələrinin maliyyələşdirilməsinə 1,2 milyard manat güzəştli kredit verilib. Həmin layihələrin işlək mezanizmə çevrilməsi nəticəsində ölkədə 110 minədək yeni iş yeri yaradılıb.
Yeri gəlmişkən, Azərbaycan dövlətinin özəl bölmənin inkişafı və dəstəklənməsi ilə bağlı həyata keçirdiyi davamlı və ardıcıl tədbirlər məntiqi cəhətdən bir-birini tamamlayır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, güzəştli kreditlərin verilməsi və digər tədbirlərin nəticəsidir ki, hazırda ölkəmizdə güclü özəl sektor formalaşmışdır. Təkcə 2013-cü ildə Azərbaycanda yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan 7879 hüquqi şəxs qeydiyyata alınmışdır ki, bu da əvvəlki dövrlə müqayisədə yaradılan müəssisələrin sayından 40,5 faiz çoxdur. Bütövlükdə isə son 10 ildə ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ümumi daxili məhsul istehsalında xüsusi çəkisi artmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ÜDM-in həcmində özəl sektorun payı 83 faiz təşkil edir. Bununla belə, aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 faiz arasında dəyişir.
Azərbaycanda sahibkarlığın inkişaf göstəricilərinin dinamikası, heç şübhəsiz, bu sahədə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. “Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” deyən Prezident İlham Əliyev ötən illərdə Azərbaycanda iş adamlarının əsl himəyadarı kimi çıxış etmiş, özəl bölməyə hər cür diqqət və qayğı göstərmişdir. Elə bu il mart ayının 3-də “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanı da sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisidir. Xatırladaq ki, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən bu mühüm konseptual sənəd Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsas olmaqla yanaşı, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı fərmanla 2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. Heç şübhəsiz, bu mühüm sənəd sənaye sahəsində də sahibkarlığın inkişafına genişmiqyaslı təkan verəcəkdir.
Yeri gəlmişkən, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyi üzrə dünya miqyasında 148 ölkə arasında 38-ci yerdədir və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birincidir. “Doing Business 2014” hesabatında isə Azərbaycan 189 ölkə arasında 70-ci yerə yüksəlmişdir.
Son illər dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatının sadəcə neft amili üzərində qurulmadığını birmənalı olaraq sübut etmişdir. Məlum olduğu kimi, hazırda dünyanın neft bazarında sürətli ucuzlaşma tendensiyası müşahidə olunur. Bunun isə Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yaradacağı gözlənilmir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu zərərli tendensiyanın qarşısının alınması üçün hazırlanmış qabaqlayıcı tədbirlər, müxtəlif ssenarilər neftin qiymətinin hətta 60 dollar olacağı təqdirdə belə, Azərbaycan iqtisadiyyatı sabit inkişafını davam etdirəcək. Elə Azərbaycanın Maliyyə naziri Samir Şərifov da bu yaxınlarda jurnalistlərə müsahibəsində bildirib ki, qısa müddət ərzində neftin qiymətinin 40 faizdən çox ucuzlaşması, xammal bazarlarında hökm sürən qeyri-sabitlik və qeyri-müəyyənlik hökumət tərəfindən də qiymətləndirilir, araşdırılır və buna uyğun olaraq müvafiq tədbirlər görüləcək. Onun sözlərinə görə, neftin ucuzlaşmasının bilavasitə dövlət büdcəsinin gəlirlərinə bir o qədər də mənfi təsiri gözlənilmir. Neftin qiymətinə yenidən baxılması büdcə gəlirləri üçün ən vacib məsələ deyil. Çünki dövlət büdcəsinin gəlirləri müəyyən mənada sığortalanıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun xüsusi çəkisi getdikcə yüksəlir, şaxələndirmə tədbirlərinin, sahibkarlığın inkişafının, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması nəticəsində adıçəkilən sahənin dinamik inkişafı davam edir. Elə son illər ÜDM-in artımının, əsasən, qeyri-neft sektoru hesabına təmin edilməsi də bunu təsdiqləyir. Belə ki, son üç ildə qeyri-neft sektorunda təqribən 10 faizlik, qeyri-neft sənayesində isə orta hesabla 8 faizlik artıma nail olunmuşdur. Qeyri-neft sektorunun ÜDM-də payı 2011-ci ildəki 48,8 faizdən 2013-cü ildə 56,6 faizə yüksəlmişdir. Bütün bu nailiyyətlərin dünyada baş verən maliyyə böhranı fonunda qazanılması isə Azərbaycan iqtisadiyyatının dayanıqlığını bir daha sübut edir. Artıq iqtisadi sahədə keçid dövrünü uğurla başa vuran Azərbaycan hazırda malik olduğu iqtisadi potensiala və bu sahədə həyata keçirilən səmərəli islahatların uğurlu nəticələrinə görə nəinki postsovet məkanında, bütövlükdə, dünya miqyasında mühüm rolu olan dövlətə çevrilmişdir.
Hazırda Azərbaycan iqtisadi inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur. Milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun gücləndirilməsi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi bu mərhələnin əsas səciyyəvi cəhətləridir. Yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yenilərinin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələrinin təşkili, regionlarda sənaye potensialının gücləndirilməsi, aqrar bölmənin, turizmin və digər vacib sahələrin inkişaf etdirilməsi Azərbaycanın iqtisadi gücünü və beynəlxalq nüfuzunu bir qədər də artıracaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.