Dəniz neftçilərinin bayram sovqatı
Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Neftçilər Günü" peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür. Bu il ölkə neftçiləri peşə bayramlarını onuncu dəfədir ki, qeyd edirlər. Yüksək dövlət qayğısına əməli işlə cavab verən şərəfli peşə sahibləri, əvvəlki illərdə olduğu kimi, builki bayramı da uğurlu nəticələrlə, yüksək iqtisadi göstəricilərlə qarşılayırlar.
"Azneft" İstehsalat Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən sayılan Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsində də bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir. Elə idarədə olduğumuz müddətdə də dövlət tapşırıqlarının vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilməsinin işçilərdə yaratdığı xoş ovqatın şahidi olduq.
...İş vaxtı yenicə başlamışdı. İdarənin rəisi Xaliq Şəfiyevin qəbul otağında dayanıb içəri keçməyə hazırlaşırdım. Orta yaşlı bir kişi də mənimlə yanaşı dayanıb içəri keçmək üçün rəisin dəvətini gözləyirdi. Az müddətdən sonra katibə - keçin, rəis gözləyir, - deyə bizi nəzakətlə içəri dəvət edir. İdarə rəisi Xaliq Şəfiyev hər ikimizə oturmaq üçün yer göstərdikdən sonra üzünü mənə tərəf çevirərək dedi: - Müəllim, tanış olun, mərkəzi mühəndis texnoloji xidmətinin növbə rəisi Mayıl İsrafilovdur. Təcrübəli neftçidir, uzun illərdir, burada çalışır. Bizim işimizin də öz xüsusiyyəti var, quyular gecə-gündüz işləməlidir. Onlara nəzarət işi yüksək səviyyədə olmalıdır, - deyə Xaliq müəllim üzünü növbə rəisinə tutub ondan ötən gecə işlərin gedişi ilə bağlı lazımi məlumatlar alır.
-Mayıl müəllim, sentyabr neftçilərin ayıdır, gərək səylərimizi bir qədər də artıraq. Bu ay 700 ton artım əldə etməliyik, - deyə rəis dillənir. Növbə rəisi isə: - Allah qoysa, 800 ton olacaq, - deyə əminliklə cavab verir.
Bu qısa mükalimədən sonra Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsində işlərin rəvan getdiyi neft və qaz hasilatı sahəsində yüksək göstəricilərin əldə olunduğu qənaətinə gəlirəm. Elə idarənin 2010-cu ilin yanvar-avqust aylarındakı fəaliyyəti ilə bağlı arayış da bu qənaətimi bir qədər də möhkəmləndirir. Belə ki, hesabat dövründə idarə üzrə 254 min 300 ton əvəzinə 256 min 905 min ton neft hasil edilərək proqnoz tapşırığına 101 faiz əməl olunmuşdur. Xatırladaq ki, bu göstərici əvvəlki ilin eyni dövründəkindən 2055 ton çoxdur. Bundan əlavə, cari ilin səkkiz ayında dövlətə 254 min 622 tona yaxın "qara qızıl" təhvil verən neftçilər təhvil planını 101,1 faiz yerinə yetirmişlər.
İdarənin kollektivi qaz hasilatı və təhvili üzrə də yüksək uğurlara imza atmışdır. Belə ki, neftçilər yanvar-avqust aylarında 274 milyon 960 min kubmetr əvəzinə 277 milyon 500 min kubmetr qaz hasil edərək tapşırığa 100,9 faiz əməl etmişlər. Bununla yanaşı, hesabat dövründə idarə üzrə dövlətə 228 milyon 943 min kubmetr "mavi yanacaq" təhvil verilmişdir ki, bu da nəzərdə tutulduğundan 5 milyon 873 min kubmetr çox və ya tapşırığın 102,6 faiz yerinə yetirilməsi deməkdir.
N.Nərimanov adına NQÇİ "8 Mart", "Bulla-dəniz", "Ələt-dəniz" və "Səngəçal-dəniz, Duvannı-dəniz, Xərə-Zirə adası" yataqlarının istismarını həyata keçirir. Hazırda işlənmədə olan bu yataqlar üzrə istismar fonduna 210 quyu daxildir. Həmin quyulardan 184-ü işlək quyulardır. Quyularda hasilatın sabit saxlanması məqsədilə geoloji və texniki tədbirlərə diqqət getdikcə artırılır. Cari ilin səkkiz ayında idarə üzrə həyata keçirilmiş 5 geoloji tədbir hesabına 9446 ton neft çıxarılmışdır. Bundan əlavə, hesabat dövründə quyularda 75 əvəzinə 94 texniki tədbir həyata keçirilmişdir ki, bu da 9330 ton əlavə neft hasilatına imkan yaratmışdır. İdarənin istismar etdiyi yataqlarda quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə əsaslı və yeraltı təmirlərə də xüsusi diqqət yetirilir. 2010-cu ilin yanvar-avqust aylarında idarə üzrə həyata keçirilmiş 37 əsaslı təmir hesabına 9222 ton əlavə neft alınmışdır. Bununla yanaşı, quyularda 302 əvəzinə 312 yeraltı təmir işi görülmüşdür. Ötən dövrdə fəaliyyətsiz fonddakı 666 saylı quyu istismara daxil edilmiş, bu da 1866 ton əlavə neft hasilatına imkan yaratmışdır.
N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi yataqlarda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Mütəxəssislərin hesablamalarına görə hazırda idarə üzrə balans ehtiyatları 101 milyon ton neft və kondensat, 156 milyard 326 milyon kubmetr qaz təşkil edir. Yataqlardakı qalıq neft və qaz ehtiyatlarının çıxarılmasını təmin etmək məqsədilə qazma işləri getdikcə intensivləşdirilir. Artıq "Ələt-dəniz" yatağında qazılmış 64 saylı quyu istismara daxil edilmişdir. Həmin quyudan sutkada 60 ton neft və 30 min kubmetr qaz çıxarılır. Hazırda "Bulla-dəniz" yatağında layihə dərinliyi 6400 metr olan 89 saylı, "8 Mart" yatağında layihə dərinliyi 5800 metr olan 731 saylı və "Ələt-dəniz" yatağında layihə dərinliyi 4000 metr təşkil edən quyularda qazma işləri davam etdirilir.
Əsas vəsaitlərin dəyərinə və sutkalıq neft hasilatının səviyyəsinə görə N.Nərimanov adına NQÇİ "Azneft" İB-nin ən böyük neft-qazçıxarma müəssisələrindəndir. İdarənin dənizdə və quruda nəhəng istehsalat sahələri vardır. Təkcə quru sahəsi 210 hektar ərazini əhatə edir. Burada qaz-kompressor, daxili yanma mühərrikləri sexləri, Daşgil mərkəzi rezervuar parkı və s. obyektlər yerləşir. İdarə çox mürəkkəb kommunikasiya sisteminə malikdir. Təkcə onu demək kifayətdir ki, Daşgil rezervuar parkı ilə qaz emalı zavodu arasında 700 millimetrlik 55 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir. Dəniz obyektlərinə isə geniş məsafəni əhatə edən estakadalar, estakadayanı meydançalar və stasionar özüllər aiddir. Son illər idarənin balansında olan dəniz və quru obyektlərində lazımi təmir-bərpa işlərinə diqqət xeyli artırılıb.
İdarənin rəisi Xaliq Şəfiyev dedi: - Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə bütün sahələrdə olduğu kimi, neft sənayesində də dərin böhran hökm sürürdü. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatında, xüsusən də neft sənayesində bir canlanma müşahidə olundu. Ölkədə neft sənayesinin yeni inkişaf və çiçəklənmə dövrünün əsası isə ümummilli liderimizin müəllifi olduğu yeni neft strategiyasının başlanğıcı sayılan "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyuldu. Artıq neçə illərdir ki, 20 Sentyabr yeni neft strategiyasının təvəllüd tarixi, həm də ölkə neftçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ölkəmizin neft strategiyasının uğurları isə biz neftçiləri yeni-yeni nailiyyətlərə ruhlandırır...
{nl}
Qazmaçıların əhval-ruhiyyəsi yüksəkdir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Kompleks Qazma İşləri Trestinin ayrı-ayrı əmək kollektivləri də "Neftçilər Günü"nü və "Əsrin müqaviləsi"nin imzalanmasının 16-cı ildönümünü yüksək əmək nailiyyətləri, xoş ovqatla qarşılayırlar. İlin əvvəlindən gecəni gündüzə qatıb yorulmaq bilmədən çalışan bu fədakar insanlar dəniz və quru sahələrində bir-birinin ardınca müxtəlif dərinlikli yeni-yeni quyular qazaraq neftçilərə təhvil vermişlər. Bütövlükdə isə Dövlət Neft Şirkəti üzrə son illər əldə olunmuş uğurlardan yeraltı zənginliyə yol açan, neft və qaz hasilatına imkan yaradan qazmaçılara da xüsusi pay düşür. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin 8 ayı ərzində Kompleks Qazma İşləri Trestinin qazmaçıları 75 min 488 metr qazma işi həyata keçirmişlər.
Bu uğurların qazanılmasında trestin qabaqcıl qazma müəssisələrindən sayılan "Abşeron" Qazma İşləri İdarəsinin kollektivi də xüsusi fədakarlıq göstərmişdir. Məhz bu səbəbdəndir ki, idarənin kollektivi 20 Sentyabr - "Neftçilər Günü"nü uğurlu göstəricilərlə qarşılayırlar. Yeri gəlmişkən, idarə rəhbərliyi tərəfindən hazırlanmış xüsusi plana əsasən müəssisədə müxtəlif bayram tədbirləri həyata keçirilmişdir. İdarə üzrə ilin əvvəlindən əldə olunmuş yüksək nailiyyətlər, uğurlu texniki-iqtisadi göstəricilər kollektivin bayram əhval-ruhiyyəsini birə-beş artırmışdır.
2010-cu ilin səkkiz ayında "Abşeron" Qazma İşləri İdarəsi tərəfindən 22562 metr qazma işi həyata keçirilərək tapşırığa 100,1 faiz əməl olunmuşdur. Hesabat dövründə idarə üzrə 22 quyunun qazıntısına başlanması nəzərdə tutulsa da, kollektiv əlavə 2 quyuda da qazma işləri aparmağa imkan tapmışdır. Bununla yanaşı, yanvar-avqust aylarında mədənlərdə 24 əvəzinə 25 quyuda qazma işləri müvəffəqiyyətlə başa çatdırılmışdır. Bütövlükdə isə, ötən səkkiz ayda qazmaçılar neftçilərə 24 quyu təhvil verərək onlara tapşırılan işin öhdəsindən məharətlə gəlməyi bacarmışlar.
"Abşeron" Qazma İşləri İdarəsi ölkəmizin neft sənayesinin zəngin ənənələrə malik qabaqcıl qazma müəssisələrindəndir. 1971-ci ildə fəaliyyətə başlayan idarənin kollektivi tərəfindən ötən 30 ilə yaxın bir dövr ərzində mindən çox quyu qazılaraq "Balaxanıneft", "Bibiheybətneft", "Abşeronneft", "Siyəzənneft" və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinə təhvil verilmişdir. Hazırda isə idarənin qazmaçıları "Balaxanı-Sabunçu-Ramana", "Pirallahı" yataqlarında, eləcə də "Siyəzən", sahəsində qazma işləri aparırlar. Son illər qurudakı neft yataqlarında qazma işlərinə xüsusi diqqət yetirilməsi "Abşeron" Qazma İşləri İdarəsində də böyük canlanmaya səbəb olmuşdur. Bu ilin səkkiz ayı ərzində "Balaxanıneft" NQÇİ-nin sifarişi ilə 6 quyuda qazma işlərinə başlanılmış, qazmadan qurtarmış 5 quyu neftçilərə təhvil verilmişdir. Bütövlükdə isə qazmaçılar "Balaxanı" sahəsində səkkiz ay ərzində 5320 metr əvəzinə 5563 metr qazma işi həyata keçirərək tapşırığa 104,6 faiz əməl etmişlər.
Hazırda idarənin üç qazma briqadası "Pirallahı" sahəsində çalışır. Cari ilin yanvar-avqust ayları ərzində "Abşeronneft" NQÇİ-nin sifarişi ilə burada 8233 metr qazma işi həyata keçirən kollektiv tapşırığı 130 faiz yerinə yetirməyə müvəffəq olmuşdur. Hesabat dövründə "Pirallahı" sahəsində 9 əvəzinə 12 quyunun qazıntısına başlanılmış, 10 əvəzinə 12 quyuda qazma işləri sona çatdırılmışdır. Bu isə neftçilərə əvvəlcədən nəzərdə tutulmuş 10 əvəzinə 12 quyunun təhvil verilməsinə imkan yaratmışdır.
Son illər "Siyəzən" sahəsində də qazma işlərinə diqqət xeyli artırılıb. Bu, adıçəkilən sahənin çıxarıla bilən neft ehtiyatlarının zənginliyi ilə bağlıdır. Bu da öz növbəsində "Abşeron" Qazma İşləri İdarəsinə əlavə sifarişlərin verilməsinə, iş həcminin çoxalmasına səbəb olmuşdur. Artıq "Siyəzən" sahəsində 1777 və 1768 saylı istismar quyularında qazma işləri xeyli intensivləşmişdir. Hazırda "Abşeron" qazmaçıları buradakı "Sədan" sahəsində 2 istismar quyusunda qazma işləri həyata keçirirlər. Bundan əlavə, "Bəyimdağ-Təkçay" sahəsində 31 saylı axtarış quyusunda qazma işləri sürətlə davam etdirilir. "Candahar-Zarat" sahəsində isə 1 saylı axtarış quyusunda isə bərpa və lay sınama işləri aparılıb. Bütövlükdə isə cari ilin səkkiz ayında "Siyəzənneft"NQÇİ-nin sifarişi ilə 8764 metr qazma işi həyata keçirən qazmaçılar neftçilərə 5 quyu təhvil vermişlər.
Qazma tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirməyə müvəffəq olan "Abşeron" Qazma İşləri İdarəsi ölkəmizin sosial-iqtisadi həyatına da mühüm töhfələr verməyə çalışır. Təkcə onu demək kifayətdir ki, regionların inkişafı Dövlət Proqramına uyğun olaraq kollektiv bölgələrdə yaşayan əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması işlərində fəal iştirak edir. Belə ki, ayrı-ayrı regionlarda yaşayan əhalinin Dövlət Neft Şirkəti rəhbərliyinə su təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətlərindən sonra "Abşeron" Qazma İşləri İdarəsi tərəfindən Şəmkir, Balakən, Zaqatala, Şəki, Qusar, Xudat, Lerik və başqa rayonlarda çoxsaylı artezian quyuları qazılaraq sakinlərin istifadəsinə verilmişdir.
Kollektiv abadlıq-yaşıllaşdırma işlərində də yaxından iştirak edir. Belə ki, "Ekologiya ili" çərçivəsində ətraf mühitin mühafizəsi ilə bağlı sex və bölmələrdə mühüm işlər görülmüş, istehsalat prosesi zamanı formalaşan müxtəlif növ tullantıların və çirkli suların zərərsizləşdirilməsi həyata keçirilmişdir. Qazmaçılar rayon səviyyəsində həyata keçirilən ağacəkmə kampaniyasında da vaxtaşırı iştirak etmişlər.
İdarənin rəisi Umavir Bədəlli dedi: - Son illər iş həcminin artması, neft və qazçıxarma idarələri tərəfindən sifarişlərin çoxalması kollektivimizin üzərinə mühüm vəzifələr qoymuşdur. Hazırda bu vəzifələrin, bizə tapşırılan işlərin öhdəsindən layiqincə gəlmək üçün bütün imkanlarımızı səfərbər etmişik. Onu da deyim ki, Dövlət Neft Şirkəti və Kompleks Qazma İşləri İdarəsi rəhbərliklərinin idarəmizə göstərdikləri hərtərəfli qayğı və diqqət tapşırılan işlərin öhdəsindən gəlməyə imkan yaradır. Son illər təchizatla bağlı işlərin yüksək səviyyədə qurulması, tələb olunan mal-materialların vaxtlı-vaxtında çatdırılması, ən başlıcası isə işçilərin sosial-məişət şəraitinin xeyli yaxşılaşdırılması qazmaçılarımızı daha böyük səylə, ruh yüksəkliyi ilə çalışmağa sövq edir. Əminəm ki, kollektivimiz "Neftçilər Günü"nü uğurlu göstəricilərlə qeyd etdiyi kimi, 2010-cu təsərrüfat ilini də yüksək nailiyyətlərlə başa vuracaqlar.
{nl}
Dövlət qayğısı uğurlara etibarlı təminat yaradır
"Azneft" İstehsalat Birliyinin qocaman neft-qazçıxarma müəssisələrindən olan "Bibiheybətneft" NQÇİ-nin kollektivi də "Neftçilər Günü" peşə bayramını yüksək iqtisadi göstəricilərlə, xoş ovqatla qeyd edirlər. Son illər neft və qaz hasilatına dair proqnoz tapşırıqlarına artıqlaması ilə əməl edən bu şərəfli peşə sahibləri ənənəyə sadiq qalaraq cari ilin ötən aylarında da yeni uğura imza atmışlar.
İdarənin "qara qızıl" ustaları yanvar-avqust aylarında 78582 ton neft hasil edərək tapşırığa 100,3 faiz əməl etmişlər. Xatırladaq ki, bu göstərici 2009-cu ilin eyni dövründəkindən bir qədər çoxdur. Hesabat dövründə idarə üzrə 13 milyon 139 min kubmetr qaz hasil olunmuşdur ki, bu da proqnoz tapşırığın 145,8 faiz yerinə yetirilməsi deməkdir. İdarə üzrə ötən ilin səkkiz ayı ilə müqayisədə 3 milyon 82 min kubmetr artıq qaz hasil olunmasını da kollektivin peşə bayramına böyük töhfəsi hesab etmək olar. Bundan əlavə, cari ilin səkkiz ayında "Bibiheybətneft" NQÇİ tərəfindən dövlətə 11 milyon 423,8 min kubmetr "mavi yanacaq" satılaraq tapşırığa 156,7 faiz əməl olunmuşdur.
"Bibiheybətneft" NQÇİ-nin rəisi İlqar Həmzəyev bütün bu uğurların başlıca səbəbini neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının təzahürü kimi dəyərləndirdi. Rəis qeyd etdi ki, Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin ən qocaman neft-qazçıxarma müəssisəsi sayılan "Bibiheybətneft" NQÇİ-də son illər böyük yüksəliş hiss olunur. Artıq bir neçə ildir ki, neft və qaz hasilatı üzrə proqnoz tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilir. İ.Həmzəyevin dediyinə görə, neft və qaz hasilatı sahəsində yüksək nailiyyətlərin qazanılmasında təşkilati-texniki tədbirlərin də böyük rolu olmuşdur. Belə ki, hasilatın sabit saxlanması məqsədilə işlək quyu fondu üzərində mühəndis işləri son zamanlar daha da gücləndirilmiş, fəaliyyətsiz quyuların bərpa edilib yenidən istismara qaytarılmasına, eləcə də geoloji-texniki tədbirlərin səmərəli şəkildə həyata keçirilməsinə diqqət xeyli artırılmışdır. Cari ilin səkkiz ayında mədənlərdə 313 əvəzinə 329 texniki tədbir həyata keçirilmiş, nəticədə 1230 ton əlavə neft alınmışdır. Bundan əlavə, ötən aylarda həyata keçirilmiş 112 geoloji tədbir hesabına 7663 ton əlavə neft çıxarılmışdır ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur. Quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə ilin əvvəlindən mədənlərdə çoxsaylı yeraltı və əsaslı təmir işləri həyata keçirilmişdir.
Hazırda idarənin balansında 750 quyu var. Həmin quyulardan 600-ü neft verir. 150 quyu isə fəaliyyətsiz fonddadır. İlin əvvəlindən fəaliyyətsiz quyu fondu üzərində məqsədyönlü tədbirlərin həyata keçirilməsi də yüksək səmərə vermişdir. Təkcə onu demək kifayətdir ki, 2010-cu ilin səkkiz ayında fəaliyyətsiz fonddan 8 quyu yenidən istismara qaytarılmış, onlardan 477 ton əlavə neft alınmışdır. "Bibiheybət" yatağının istismara başlanılmasından 160 ildən artıq vaxt ötməsinə baxmayaraq, burada çıxarılması mümkün sayılan ehtiyatlar hələ çoxdur. Ona görə də son illər yatağın ərazisində qazma işlərinə diqqət getdikcə artırılır. Cari ilin səkkiz ayında qazmadan 6 quyu alınmışdır ki, bu da 1839 ton əlavə neft hasilatına imkan yaratmışdır.
Son illər "Bibiheybət" yatağının ərazisində ekoloji mühitin sağlamlaşdırılması sahəsində də genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar olaraq bu tədbirlər bir qədər də intensivləşdirilmişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na uyğun olaraq Bibiheybət zonasında təmiz ekoloji mühitin yaradılması məqsədilə 174 hektar mədən ərazisində mexaniki rekultivasiya işləri aparılmışdır. Həmin ərazinin bioloji cəhətdən təmizlənmiş 48,2 hektar sahəsində müxtəlif növ ağac və bəzək kolları əkilmişdir. "Azneft" İB ilə "Ekol Mühəndislik Xidmətləri" QSC arasında imzalanmış müqaviləyə əsasən ərazidə əkilmiş 43 min ağac və kollara, həmçinin çəmənliklərə aqrotexniki qulluq göstərilir. Rekultivasiya və yaşıllaşdırma işləri hazırda da davam etdirilir. Belə ki, "Azneft" İB-nin daxili imkanları hesabına mexaniki rekultivasiya edilən 35 hektar sahədə müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur. Bütövlükdə isə əkin üçün hazırlanmış sahələrdə "Ekologiya ili" çərçivəsində yaz mövsümündə 6500 ədəd ağac əkilmişdir. Daha 6 min ağacın əkilməsi isə payız mövsümündə həyata keçiriləcək.
"Bibiheybətneft" NQÇİ-nin 1 və 4 saylı neft və qazçıxarma sexlərinin ərazilərində yeni neft- yığım məntəqələrinin tikilib istismara verilməsi, həmçinin 3 saylı mədənin ərazisində analoji obyektin inşasının davam etdirilməsi də kollektivin ekologiyanın qorunmasına mühüm töhfəsi kimi qiymətləndirilməlidir. Bütün bunlarla yanaşı, ilin ötən dövrü ərzində 5 saylı mədənin ərazisində yaranan lay sularının ətraf ərazilərə axıdılmasının qarşısının alınması üçün ümumi uzunluğu 330 metr olan dəmir-beton kanal çəkilmiş və üstü bağlanmışdır. Bütövlükdə isə mədənlərin fəaliyyət zonalarına daxil olan yataqların istismarı nəticəsində yaranan lay sularının ətraf ərazilərə axıdılmasının qarşısının alınması məqsədilə 1 saylı neft və qazçıxarma sexinin ərazisində iki ədəd 2500 kubmetrlik yeraltı su anbarı inşa olunur.
2010-cu ilin ötən dövrü ərzində "Bibiheybətneft" NQÇİ-də sosial məsələlərin həlli istiqamətində də xeyli iş görülmüş, idarənin yeni yardımçı inzibati binası tikilib istifadəyə verilmiş, lazımi abadlıq tədbirləri həyata keçirilmişdir. Bundan əlavə, mədən ərazilərində də geniş təmir-bərpa işləri aparılmış, bir sıra yardımçı binalar inşa edilərək neftçilərin sərəncamına verilmişdir...
{nl}
Bayramı nailiyyətlərlə qarşılayırlar
Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesinin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir. Dənizdə və quruda yeni-yeni sosial və infrastruktur obyektləri inşa olunur. Bütün bu tədbirlər neft və qaz hasilatının artırılmasına, neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasına imkan yaradır. Həmin işlər isə Dövlət Neft Şirkəti "Neftqaztikinti" Trestinin fədakar inşaatçıları tərəfindən həyata keçirilir. Son illər ölkənin neft sənayesinin inkişafı üçün mühüm işlər görən inşaatçıların da bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir.
Trestin qabaqcıl müəssisələrindən sayılan 2 saylı Tikinti-Quraşdırma İdarəsinin kollektivi də "Neftçilər Günü"nü yüksək iqtisadi göstəricilərlə, mühüm layihələrin icrası sahəsində qazandığı uğurlarla qarşılayır. Hazırda ölkəmizdə reallaşdırılan yeni qaz proqramı çərçivəsində nəzərdə tutulmuş bir sıra tədbirlərin adıçəkilən idarəyə həvalə olunması da kollektivə olan inam və etibarın nəticəsidir. Dövlət qayğısından ruhlanan inşaatçılar, öz növbəsində bu yüksək etimadı doğrultmaq üçün səylə çalışırlar.
2 saylı Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları ilin ötən dövrü ərzində ölkəmizin qaz təsərrüfatı üçün son dərəcə vacib olan bir sıra layihələrin icrası sahəsində mühüm uğurlara imza atmışlar. Bu uğurları, həm də inşaatçıların 20 Sentyabr - "Neftçilər Günü"nə bayram sovqatı kimi də qəbul etmək olar. "Azəriqaz" İstehsalat Birliyinin sifarişçisi olduğu layihələrin icrası ilə bağlı kollektivin gördüyü tikinti-quraşdırma işləri ölkəmizin qaz təsərrüfatının infrastruktur imkanlarının getdikcə artırılmasına imkan yaradır. İnşaatçılar cari ilin ötən dövrü ərzində "Qaradağ yeraltı qazsaxlama anbarında quyulara qaz vurulması üçün kompressor stansiyasının tikintisi" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini bu yaxınlarda müvəffəqiyyətlə başa çatdırmışlar. Adı çəkilən obyektin gələn ay təhvil verilməsi nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, Qaradağ yeraltı qazsaxlama anbarında quyulara qaz vurulması üçün 5 ədəd MKS-12 tipli qaz motokompressor maşını quraşdırılmışdır. Azərbaycanın qaz təsərrüfatında ilk dəfə quraşdırılıb istismara verilən həmin maşınlar stansiyadan sutka ərzində 6 milyon kubmetr qazı qəbul edib ötürməyə imkan yaradacaq.
"Neftçilər Günü" peşə bayramı ərəfəsində 2 saylı Tikinti-Quraşdırma İdarəsinin inşaatçıları daha bir obyektin tikintisini başa çatdırıblar. "Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikintisi" layihəsinin ikinci növbəti çərçivəsində 23 min 950 metr boru kəməri çəkilmiş və obyektin təhvil verilməsi üçün lazımi hazırlıq işləri görülmüşdür. Xatırladaq ki, 1020 millimetrlik borularla çəkilmiş qaz kəmərinin oktyabr ayında təhvil verilməsi nəzərdə tutulur. Bununla yanaşı, "Səngəçal baş qurğuları - Qazıməmməd kompressor stansiyası magistral qaz kəmərinin tikintisi" layihəsinin birinci növbəsinin çəkilişi də hazırda sürətlə davam etdirilir. Adıçəkilən obyektdə tikinti-quraşdırma işlərinin gələn ay tamamlanması planlaşdırılır.
"Qalmas yeraltı qazsaxlama anbarının qaz kəməri qolunun tikintisi" layihəsi də 2 saylı Tikinti-Quraşdırma İdarəsinin inşaatçılarının həyata keçirdikləri mühüm tədbirlərdəndir. Cari ilin ötən dövrü ərzində layihə çərçivəsində 21 kilometr uzunluğunda borular quraşdırılmış, porşenburaxma, porşenqəbul və ölçü qovşaqları tikilmişdir. Adı çəkilən obyektdə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri və hazırlıq tədbirləri başa çatdırılmışdır. Obyektin gələn ay istismara buraxılması nəzərdə tutulur.
Hazırda ölkənin qaz təsərrüfatında reallaşdırılan mühüm layihələrdən biri də Astara kompressor stansiyasının genişləndirilməsi ilə bağlıdır. İndiyədək inşaatçılar tərəfindən obyektdə 1695,14 kubmetrdən artıq betonlama işləri görülmüş, 31 tondan çox metal-konstruksiya quraşdırılmış, inzibati, məişət və kompressor stansiyasının binalarının, həmçinin transformator yarımstansiyasının və yanğın nasosxanasının tikintisi başa çatdırılmışdır. Hazırda giriş-çıxış xətlərinin və kollektorların quraşdırılması işləri davam etdirilir. Layihəyə əsasən Astara stansiyasında 10 ədəd kompressor maşınının quraşdırılması nəzərdə tutulur. Artıq birinci mərhələdə quraşdırılması planlaşdırılan 6 maşın bünövrə üzərinə bərkidilib və hazırda əlavə birləşdirmə işləri görülür. Məlumat üçün bildiririk ki, kompressor stansiyasının giriş ölçü qovşağına qaz Hacıqabul kollektorundan nəql olunaraq təmizlənmiş, qurudulmuş və sıxılmış vəziyyətdə yenicə çəkilmiş diametri 600 millimetr olan 2, 148 kilometrlik magistral kəmərə vurulacaq. Bütövlükdə isə genişləndirilmiş Astara kompressor stansiyası cari ilin dekabr ayında təhvil veriləcək.
"Qazıməmməd kompressor stansiyası - Astara kompressor stansiyası arası 1200 millimetrlik qaz kəmərinin 151 və 161-ci kilometrlik hissəsinin əsaslı təmiri" layihəsinin də podratçısı 2 saylı Tikinti-Quraşdırma İdarəsidir. İnşaatçılar layihənin icrasına başlanıldığı ötən dövr ərzində kəmərin 6 kilometrlik hissəsinin əsaslı təmirini uğurla başa çatdırmışlar. Hazırda obyektdə təmir-bərpa işləri davam etdirilir.
İdarənin rəisi Elxan Salmanov dedi: - Sentyabrın 20-si, həm də Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasına başlanan tarix - "Əsrin müqaviləsi"nin imzalandığı gündür. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası çərçivəsində ötən illər çox mühüm işlər görülmüş, bir sıra uğurlu layihələr həyata keçirilmişdir. İndi Azərbaycan dünyanın neft və qaz ixrac edən dövlətinə çevrilmişdir. Bütün bu işlər biz inşaatçıları da ölkəmizin neft sənayesini daha da inkişaf etdirmək məqsədilə yeni-yeni nailiyyətlərə səsləyir. Bu gün kollektivimiz ölkəmizdə yeni qaz proqramının reallaşdırılmasında yaxından iştirak edir. Dövlət Neft Şirkəti və "Neftqaztikinti" Tresti rəhbərliklərinin bu vacib işdə göstərdikləri qayğı və dəstək kollektivimizdə ruh yüksəkliyi yaradır. Məhz bunun nəticəsidir ki, inşaatçılarımız tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlməyə çalışırlar. "Neftçilər Günü"nü bayram əhval-ruhiyyəsi ilə qeyd edən kollektivimiz 2010-cu ili də uğurlu göstəricilərlə başa vurmaq əzmindədir...
{nl}
Hazırladı: Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.