Dünyanın əksər ölkələrində, o cümlədən respublikamızda sənaye iqtisadiyyatın prioritetet istiqamətlərindəndir. Azərbaycan sənayesi zəngin ənənələrə malikdir. Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilib. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur. Dünyada ilk neftayırma zavodu və neft tankeri Azərbaycanda istifadəyə verilib, 1900-cü ildə ölkəmiz neft hasilatına görə dünyada birinci olub. İkinci Dünya müharibəsində Azərbaycan SSRİ-nin neft və neft emalı məhsullarının 70 faizdən çoxunu təmin edib. Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatını şaxələndirib. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilib, bir sıra iri sənaye müəssisələri qurulub, sənayenin diversifikasiyası sürətləndirilib. 1980-ci illərin əvvəllərində keçmiş SSRİ-də məişət kondisionerlərinin 100 faizi, dərinlik nasoslarının 100 faizi, digər neft-mədən avadanlığının 70 faizi, şərab məhsullarının 1/3 hissəsi, elektrik mühərriklərinin 12 faizi, elektrik-qaynaq avadanlığının 10 faizi, soyuducuların 6 faizi Azərbaycanda istehsal edilib.
Müstəqilliyin ilk illərində ölkədə baş vermiş böhran, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənayedə də tənəzzülə səbəb oldu, istehsalın həcmi və çeşidi azaldı. Sənayenin yenidən canlanması ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanan “Əsrin müqaviləsi” ilə başladı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən antiböhran tədbirləri qısa müddət ərzində siyasi-iqtisadi sabitliyin bərqərar olması və 1997-ci ildən başlayaraq sənaye istehsalının artması ilə nəticələndi. Sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirildi, bazar iqtisadiyyatı institutları yaradıldı, Bakı-Tbilisi-Ceyhan, TRASECA layihələrinin əsası qoyuldu.
2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri oldu. Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçısına çevrildi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş oldu, elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırıldı, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri reallaşdırıldı, ənənəvi istehsal sahələrinin fəaliyyəti genişləndirildi, yeni istehsal sahələri yaradıldı, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəldildi. Nəticədə sənayenin ÜDM-də xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə yüksəldi. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən, tikinti materiallarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb.
Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, zəngin təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu, yüksək ixtisaslı kadrlar, beynəlxalq bazarlara çıxış imkanları, institusional potensial və s. bu gün ölkə sənayesinin sürətli inkişafına tam əsas yaradır. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası və iqtisadiyyatda xüsusi çəkisinin, eləcə də ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, bilik iqtisadiyyatının yaradılması, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir.
Hazırda ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi sahəsində qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir. Dövlətimizin başçısının 2014-cü ili “Sənaye ili” elan etməsi keyfiyyətcə yeni mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi davamıdır.
Xatırladaq ki, respublika Prezidentinin 2014-cü il 12 mart tarixli sərəncamı ilə Azərbaycan Respublikasında bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Həmin planda sənaye potensialının artırılması, təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təbliğat və təşviqat işlərilə bağlı tədbirlər öz ifadəsini tapıb.
2014-cü ilin “Sənaye ili” elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.
Cənab İlham Əliyev cari ildə qarşıda duran vəzifələrdən danışarkən demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”.
Sənayeləşmənin dinamik inkişafı üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan müvafiq tədbirlər planında əsas tezislər öz əksini tapıb. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir.
Yuxarıda sadalananlarla bağlı bir məqama diqqət yetirək. Bu gün sənayeləşmənin reallaşması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Onlardan biri də qeyd etdiyimiz kimi, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsidir. Xatırladaq ki, ölkə Prezidenti cənab İlham Əliyev son illərdə bir neçə dəfə Sumqayıt şəhərində olub, burada sənaye potensialının möhkəmləndirilməsinin, yeni iş yerlərinin açılmasının vacibliyi ilə bağlı dəyərli fikirlər söyləyib. Cənab İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu bildirib: “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır”.
Prezident İlham Əliyev 2011-ci il 21 dekabr tarixdə imzaladığı “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” fərmanı şəhərdə sənayenin inkişafına mühüm təsir göstərib. Həmin sənədin preambula hissəsində göstərildiyi kimi, belə bir fərmanın imzalanması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının yaradılması nəzərdə tutulur. Həmçinin sənəddə göstərilir ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılmalıdır.
Sumqayıtda Kimya Sənayesi və Yüksək Texnologiyalar parklarının yaxın və uzunmüddətli perspektivdə inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub.
Yeri gəlmişkən, Sumqayıt Kimya Sənaye Parkının tikintisində işlər sürətlə aparılır. Parkın rezidenti “Azertexnolayn” MMC-nin polad boru zavodu burada fəaliyyət göstərir. Eyni zamanda, daha iki zavodun inşasına başlanılıb. Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti olan “SOCAR Polymer” MMC tərəfindən istehsal avadanlıqlarının gətirilməsi başa çatdırılıb. Müəssisənin istehsal prosesinə 2016-cı ildə başlaması planlaşdırılır. Bunlarla yanaşı, hazırda Sumqayıt Kimya Sənaye Parkının sosial zonasında yerləşəcək 16 mərtəbəli inzibati binanın inşası davam etdirilir, yaxın vaxtlarda isə Peşə Tədris Mərkəzinin və 3 emalatxananın tikintisinə başlanılacaq.
2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı (STP) da Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Burada müəssisələrin sayının 30-a çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev ölkəmizdə texnologiya parkları ilə yanaşı, sənaye klasterlərinin yaradılmasının vacibliyinə də diqqət çəkərək demişdir: “Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.
Azərbaycanda son illər klasterlərin yaradılması ən çox müzakirə olunan məsələlərdən biridir. Yəni ölkə sənayesində klasterlərin formalaşdırılması və inkişaf etdirilməsi nəzərdə tutulmaqdadır. Klaster həm onu əhatə edən sahələrin bir-biri ilə əlaqələrini möhkəmləndirir, həm də həmin sahələrin inkişafına təkan verir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, ölkə iqtisadiyyatının, sənayenin inkişafında klasterlərin rolu danılmazdır. Belə ki, klaster müəyyən bir coğrafi ərazidə yerləşən, tamamlayıcı, ortaq xüsusiyyətlərə malik müəssisələrin və əlaqəli institutların toplusudur. Daha dəqiq desək, son məhsul istehsal edən müəssisələr, təchizatçı firmalar, əlaqədar xidmət sahələri, elmi-tədqiqat institutları və digər qurumlar adətən klasteri təşkil edən əsas subyektlər hesab olunur.
Son illərdə Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parkları ilə yanaşı bir sıra digər iri sənaye müəssisələri-Gəmiqayırma zavodu, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr istifadəyə verilib.
Gəmiqayırma zavodunun fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcək.
Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcək.
Artıq Azərbaycan kosmik sənayeyə malik ölkələr sırasına daxil olub. İndi Azərbaycanın öz peyki var və bu, tarixi nailiyyətdir. Həmçinin ölkəmizdə ilk dəfə olaraq müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılıb.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və müdafiə-sənayesi kompleksi qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. Müdafiə sənayesi kompleksinin inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin qarantı olmaqla bərabər iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.
Sənayenin dinamik inkişafı sözügedən sahədə məhsul istehsalına da öz müsbət təsirini göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb. ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayenin payına düşüb. Cari ilin yanvar-oktyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8 faizini təşkil edib, qida, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların və s. məhsulların istehsalında artım müşahidə olunub. Ümumi sənaye məhsulunun 80,6 faizi özəl bölmədə istehsal olunub.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.