Neftçala: Bu günü dünənindən gözəldir

 ...Şair dostum Müzəffər Məzahim Neftçalada yaşayıb-yaradan ziyalılarımızdandır. Doğma yurda məhəbbətini poetik misralarında özünəməxsus tərzdə ifadə edir:

Ömür yolçusuyam, limanım sənsən,

Sevginlə qaynayır qanım, Neftçalam.

Yelkənli qayığam, ümmanım sənsən,

Sənə əmanətdir canım, Neftçalam.

Şair atanın rəssam oğlu Babək Gözəlov isə rəngkarlıq və qrafika üslubunda çəkdiyi tabloları ilə Neftçalanı sevdirməyə çalışır. Sahil şəhərinə gedə-gedə bu barədə düşünürdüm. Müzəffərin yazdığı şeirlər yaddaşımda vərəqlənir, Babəkin  yaratdığı mənzərələr gözlərim önündə canlanırdı. Xoş duyğular qoynunda nə vaxt Bankənin yanından ötüb mənzil başına yetişdiyimdən xəbərim olmadı.

Budur, tərənnümlərdə tarixə düşən canlı lövhələrlə üz-üzəyəm. Son illərin uğurlu layihələri - Dövlət bayrağı meydanı, Heydər Əliyev Mərkəzi, yeni bulvar kompleksi, payız yağışında yuyunub işıldayan küçələr, park və meydanlar göz oxşayır. Rayonda nəhəng quruculuq işləri həyata keçirilir, yeniləşmə meylləri səngimək bilmir.

Ulu öndər Heydər Əliyev 1979-cu il mayın 30-da Neftçalaya səfər edib və burada görülən işləri yüksək qiymətləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin düz 35 il sonra, 2014-cü il mayın 28-də Neftçalaya səfərində rayonun artıq yeni intibah dövrünə qədəm qoyduğu vurğulanıb.

İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev bu barədə deyir ki, hər şeydən əvvəl rayonda təşkilatçılıq işləri gücləndirilib, ayrı-ayrı kollektivlər səfərbər olunub, burada əsl işgüzar şərait yaradılıb. Rayon ərazisində genişmiqyaslı təmizlik işləri gedir, çirkab yerlər təmizlənərək qurudulub, şəhərdəki yaşayış binalarının ətrafında və məhəllələrdə abadlıq işləri həyata keçirilib, əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülüb, şəhərin ekoloji  həyatına mənfi təsir göstərən, uzun illərdən bəri vacib həllini gözləyən “Axmaz” gölün təmizlənməsi istiqamətində mühüm addımlar atılıb.   

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sayəsində Neftçala rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib. Ötən ildən başlayaraq rayonda abadlıq, quruculuq işləri daha geniş vüsət alıb, bir çox sosialyönümlü obyektlər inşa olunub və ya əsaslı təmir  edilib, yeni parklar, geniş yaşıllıqlar salınıb, xeyli sayda ağac və gül kolları əkilib, küçə və parklarda müasir işıqlandırma sistemləri quraşdırılıb, inzibati və yaşayış binalarının fasad hissələri müasir üslubda işlənilib və dam örtükləri dəyişdirilib.

Şəhərin mərkəzi hissəsindən keçən Heydər Əliyev prospekti yenidən qurulub, parklar salınıb, fəvvarələr quraşdırılıb. Hazırda isə bu işlərin davamı olaraq rayon mərkəzində Olimpiya İdman Kompleksinin inşası, Mərkəzi Xəstəxananın əsaslı təmiri, yeni təhsil müəssisələrinin tikintisi və digər abadlıq işləri sürətlə davam etdirilir.

Cənab İlham Əliyevin Neftçalanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı bir neçə sərəncam uğurla icra olunub. Rayonun 11 yaşayış məntəqəsini birləşdirən Şorsulu-Xolqarabucaq-Xəzər avtomobil yolunun yenidən qurulması ilə bağlı ölkə başçısının verdiyi sərəncama uyğun olaraq yeni çəkilmiş asfalt yol Xol zonasına gediş-gəlişi xeyli asanlaşdırıb və rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanıb.

Neftçala şəhərinin və ətraf ərazilərin, bütövlükdə rayonun gündən-günə dəyişərək müasirləşdiyini görən hər kəs ürəkdən sevinir. Çünki bu yaxınlaradək rayon əhalisinin təsəvvüründə canlandırdığı layihələr, arzuladığı və həyata keçirilməsini istədiyi böyük quruculuq işləri artıq reallığa çevrilib. Heç də təsadüfi deyil ki,  dövlətimizin başçısı, Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin  nümayəndələri ilə apardığı söhbət zamanı burada həyata keçirilən abadlıq-quruculuq işlərini təqdir eləyib, bütün bunlarla bərabər, Neftçalanın mövcud problemlərindən xəbərdar olduğunu qeyd edib və onların həlli ilə bağlı lazımi tədbirlər görüləcəyini diqqətə çatdırıb. Cənab İlham Əliyev Salyan-Neftçala magistral yolunun əsaslı şəkildə təmir olunacağı, 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin aparılacağı, rayonun, o cümlədən  şəhərin su təchizatının yaxşılaşdırılacağı, kanalizasiya şəbəkəsinin yenidən qurulacağı, rayonun 100 faiz qazlaşdırılacağı, yeni iş yerlərinin və sənaye zonalarının yaradılacağı barədə ətraflı söhbətlər aparıb.

Rayona səfərindən sonra ölkə başçısının Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə və 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə dair imzaladığı sərəncamları rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissilə qarşılanıb. Bu yönümdə işlər sürətlə davam etdirilir və neftçalalılar tam əmindirlər ki, dövlətin böyük qayğısı sayəsində başlanmış nəhəng quruculuq işləri durmadan artacaq.

 Neftçala sakinləri böyük əksəriyyətlə  torpağın qədrini bilən, onu göz bəbəyi kimi qoruyub münbitləşdirən, şoranlaşmadan xilas edərək əkib-becərən və bu yolla maddi güzəranlarını təmin edən insanlardır. Aqrar sahədə çalışanlar arasında indi böyük ruh yüksəkliyi hökm sürür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu xeyli artaraq 63 milyon 641 min manat olub. Fermerlərə güzəştli şərtlərlə mineral gübrələr, buğda toxumu satılıb, pul yardımı göstərilib. Bunun sayəsində taxıl əkinləri xeyli artırılaraq təqribən 45158 hektara çatdırılııb. Cari ildə 111 min tondan çox məhsul istehsal edilib. Heyvandarlıqda da mühüm irəliləyiş var.  

Son illərdə rayonda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması təmin edilib. 1500 hektar ərazi su fonduna daxildir. Əvvəllər örüş yerləri olmuş əraziyə drenaj kanalları çəkilib, müasir suvarma sistemləri yaradılıb, torpaqlar əkin üçün yararlı vəziyyətə gətirilib. Cari ildə rayonda 38158 hektar ərazidə əkinlərin mütəşəkkil suvarılması üçün mühüm tədbirlər görülür. Təsərrüfatlarda 23765 hektar taxıl, 557 hektar pambıq, 140 hektar bostan, 12167 hektar yem bitkiləri, 129 hektar digər bitkilər əkilmiş torpaqlar, habelə 7 min hektardan artıq həyətyanı sahə suvarmaya cəlb olunub. Həmin sahələrdən hər il bol məhsul götürülür. Bu il əsas su mənbəyi olan Kür çayından mexaniki üsulla 237 milyon kubmetr su qaldırılıb, taxıl sahələri, yem bitkiləri və bostan-tərəvəz sahələri yetərincə suvarılıb.

Rayon əhalisinin güzəranı ilbəil yaxşılaşır. Nominal pul gəlirləri 40,5 milyon manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artıb. Adambaşına düşən pul gəlirləri isə 4,1 faiz çoxalaraq 485 manata çatıb. Hər bir işçinin orta aylıq əməkhaqqı 268 manat təşkil edir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Pensiya və müavinətlərin ödənilməsində problem qalmayıb. Hazırda rayonda 10107 nəfər təqaüdçü var, əmək pensiyaçılarına 14 milyon 969 min manat vəsait ödənilib.  

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Zaur Kərimovun bildirdiyinə görə, cari il neftçalalıların yaddaşında uğurlu illərdən biri kimi qalacaq. Bu da, şübhəsiz, ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin, sosialyönümlü iqtisadi siyasətinin fərəhli nəticəsidir. Dövlət başçısının tapşırığı ilə vaxtında görülən tədbirlərin sayəsində ölkə iqtisadiyyatının bütün sahələrində irəliləyişə nail olunub. Qarşıya qoyulan vəzifələrin icrasına hər kəs tam əzmkarlıqla girişib, möhtəşəm quruculuq tədbirləri hamılıqla reallaşdırılır.  

Aztəminatlı ailələrə sosial yardımların verilməsi tam qaydaya düşüb. Hazırda ünvanlı sosial yardım alan ailələrin sayı 1056-dır,  başqa sözlə, 4849 ailə üzvü dövlətin sosial yardımından bəhrələnir. İlin əvvəlindən rayonda 13501 nəfər pensiyaçı və müavinət alan olub, şəhid ailələri, əlillər, qocalar və tənha insanlar hər cür qayğı ilə əhatə ediliblər. 145 kimsəsiz, ahıl və əlil şəxsə sosial-məişət xidməti göstərilir. Böyük Vətən müharibəsi və Qarabağ əlillərinə birdəfəlik yardımlar göstərilib, 13 nəfər müharibə əlilinə pulsuz minik avtomobili verilib.

Neftçalada gənc nəslin təlim-tərbiyəsinə xüsusilə ciddi diqqət yetirilir. Strateji sahə olan təhsilin inkişafına qayğı ilbəil artır. Hazırda rayonda 51 ümumtəhsil məktəbi, 16 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir. Maddi-texniki baza daim möhkəmləndirilir. Son vaxtlarda Yuxarı Qaramanlı, Kürkənd orta məktəblərinin yeni binaları tikilərək istifadəyə verilib, Aşağı Surra kənd orta məktəbində təmir işləri aparılıb. Pedaqoji kollektivlərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, xüsusilə buraxılış sinifləri şagirdlərinin bilik səviyyəsinin yüksəldilməsinə  ciddi önəm verilir. Bu yay məzunlardan 204 nəfər ali məktəblərə qəbul olunub, 41 nəfər 500-600 arası, 8 nəfər 600-dən yuxarı bal toplayıb. 

Bəli, Neftçaladakı dinamik inkişaf dövlətimiz tərəfindən əhali üçün, hər bir vətəndaş üçün  yüksək yaşayış və iş şəraiti yaradılmasının əyani sübutudur. Rayonun sakinləri hamılıqla inanırlar ki, daim uğurla müşayiət olunan sosial-iqtisadi inkişaf tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək və bu zəmində hər bir sakin daha da firavan yaşayacaq.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında