Azərbaycan artıq investisiya ixracatçısına çevrilib

Azərbaycanın bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi  üçün təşəbbüskarlığı və xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli münasibətlərin güclənməsinə müsbət təsir göstərir. Prezident İlham Əliyevin bu barədə mövqeyi aydın və qətidir: “Azərbaycanın yolu birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də

yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”.

Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya  əməliyyatları mühüm rol oynayır. Bununla bağlı əvvəlcə Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələrin fəaliyyətinə qısa nəzər salaq.  Azərbaycana sərmayə qoyuluşunda Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 11 ildə respublikamızda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi bu  ölkələrin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1000-dən çox  Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib.

Respublikamıza investisiya qoyuluşuna marağın getdikcə artması təsadüfi deyil. Çünki əvvəla Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur, Avropa İttifaqının bir çox dövlətləri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılıb, inzibati prosedurlar sadələşdirilib, şəffaf mexanizmlər tətbiq olunub, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülüb. İkincisi, ölkəmiz, eyni zamanda, əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri uğurla reallaşdırılır.

Yuxarıda sadalanan səbəblərə görə, Azərbaycan son illər xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanıb. Məhz bunun nəticəsidir ki, təkcə ötən il ölkə iqtisadiyyatına 10,5 milyard dollar məbləğində xarici investisiya qoyulub. Bu investisiyaların yarıdan çoxu qeyri-neft sektoruna yönəldilib.

Xatırladaq ki, 1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan iqtisadiyyatına 83,8 milyard dollar xarici investisiya qoyulub və bu vəsaitdən 35 milyard dollar qeyri-neft sektorunun payına düşüb.

Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olub. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Bitaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılıb.

Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36 faizi, yəni, 2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni, 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılıb.

Xarici şirkətlər, eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində də  fəal iştirak edir. Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 milyard ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunub. Azərbaycanın  maliyyə imkanlarının getdikcə artması, özəl sektorun dinamik inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılıb. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artıb, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz geniş  fəaliyyət göstərməyə başlayıb.

Azərbaycanın ikitərəfli əməkdaşlıqda əlaqələrini Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş və dost Türkiyə ilə əlaqələr daim  yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşib. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir  layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilib. Həmçinin bu gün  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da   uğurla  davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regonal inkişafın sürətlənməsinə gətirib çıxaracaq. Eləcə də bununla Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur. Başqa sözlə, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu ildən-ilə möhkəmlənir, bu tendensiya dönməz xarakter alır.

Azərbaycanın Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlıqda əlaqələri də son illər xeyli güclənib. Adıçəkilən ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 11 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulub, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf edib. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərib.

Xatırladaq ki, son illər Rusiya-Azərbaycan arasında daha çox  enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq üçün real imkanlar açılıb. Hər iki dövlət arasında 100-dən çox müqavilə imzalanıb. Bunların 70-i dövlətlərarası və hökumətlərarası müqavilələrdir.

Hazırda Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir. Bu ölkənin şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdir. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da respublikamızla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdır. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanıb. Bu baxımdan Moskva, Həştərxan, Dağıstan, Kurqan, Sankt-Peterburq, Stavropol, Sverdlovsk, Yekaterinburq, Kalmıkiya və Tatarıstan respublikaları, Saratov vilayət və şəhərləri ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir.

Azərbaycan şirkətləri də Rusiyada investisiya qoymaqda maraqlıdır. Məsələn,  yaxın günlərdə  “AS Group Investment” şirkətlər qrupu bu ölkənin Sverdlovsk vilayətində yerləşən “Titanovaya Dolina” xüsusi iqtisadi zonasının rezidenti olub. Adı çəkilən şirkətlər qrupuna daxil olan “AS Prom” şirkəti “Titanovaya Dolina” xüsusi iqtisadi zonasında qənaətcil texnologiyaların istifadəsi ilə yüksək texnologiyalı tikinti materiallarının istehsalı layihəsini həyata keçirəcək. Xatırladaq ki, istehsal beton qarışıqlarının formalaşması üzərində qurulan itkisiz İspaniya texnologiyasına əsaslanır. İstehsal gücü saatda 1,8 min divar bloku təşkil edəcək. Bu layihəyə 200 milyon rus rublu həcmində investisiyanın qoyulması planlaşdırılır. Layihəyə qoyulan investisiyaların geri qayıtması dövrü altı il təşkil edir. Azərbaycan sirkətinin strateji planı öz seqmentində regional bazarın 5-6 faizini ələ almaqdır.

Ölkəmizin beynəlxalq arenada formalaşan müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən respublikamıza bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.

Prezident İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, ticarət və investisiya fəaliyyəti sahəsində başlıca vəzifə məhsullarımızın yeni bazarlara çıxışını təmin etməkdən, dost ölkələrdə investisiya fəaliyyətini genişləndirməkdən ibarətdir. Bu məqsədlə müntəzəm olaraq xarici ölkələrə səfərlər edilir, milli sərgilər, biznes forumlar, görüşlər təşkil olunur.

Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digərləri ilə sıx əməkdaşlıq edir.

Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, hazırda  Azərbaycan Respublikasının adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası da getdikcə artır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında