Qara qızıldan insan kapitalına.... 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda ilk telefon bağlantısının 125 illiyi ilə əlaqədar 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Son illərdə ölkəmizdə bu sahə üzrə artım templəri dünya artım tempini bir neçə dəfə üstələmiş, internet xidmətlərinin qiymətləri dəfələrlə endirilmişdir. Azərbaycan hazırda regionlararası “rəqəmsal geriliyin” aradan qaldırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirir.

Ölkəmizdə telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ardıcıl və sistemli inkişafının bünövrəsi bütün şüurlu həyatını xalqına və onun inkişafına həsr etmiş ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə bu sahədə həyata keçirilmiş uzaqgörən siyasət İKT sahəsinin gələcək inkişafına ciddi töhfə vermiş, onun inkişafını şərtləndirən başlıca amil olmuşdur. Dahi strateqin bu sahədə açdığı cığır onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla genişləndirilərək, sektorun inkişafında mühüm nailiyyətlərə yol açmışdır. Son 10 il ərzində ölkəmiz informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə dünyanın, eləcə də Avropanın qabaqcıl ölkələri sırasına daxil olmuşdur. Cənubi Qafqaz və Transxəzər regionlarında respublikamızın İKT-lider mövqeyinin təmin edilməsində “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublıkasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)”, eləcə də digər normativ-hüquqi aktların böyük rolu olmuşdur. İnformasiya cəmiyyətinin yaradılması üçün formalaşan müvafiq hüquqi baza ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş kompleks və ardıcıl fəaliyyət sayəsində İKT qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunmuşdur.

Bu il aprelin 2-də  Prezident İlham Əliyev “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nı təsdiq etməklə bu sahədə növbəti mərhələnin əsasını qoymuşdur. İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı, yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi, “elektron hökumət”in inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi, milli kontentin inkişaf etdirilməsi və s. bu strategiyanın əsas istiqamətləridir.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr   ərzində İKT sahəsinə dövlət tərəfindən yüksək diqqət  və qayğı göstərilmiş, məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirilmişdir. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənmiş və orta illik artım tempi 17  faiz təşkil etmişdir.

Müstəqillik tarixinin  əlamətdar  hadisələrindən biri kimi diqqət çəkən 2013-cü il fevralın 8-də ilk milli peykimizin orbitə çıxarılması da məhz ölkə başçısının birbaşa rəhbərliyi və dəstəyi ilə həllini tapıb. Bu sahənin gələcək inkişafına xüsusi önəm verilərək, müvafiq dövlət  proqramlarında, o cümlədən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkışafı üzrə Dövlət Proqramı”nda iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması, Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi əsas istiqamətlər kimi nəzərdə tutulur.

Artıq Azərbaycan həm də elektron məhsullar istehsal edən yerli müəssisələrə malikdir. Yerli istehsal potensialının genişləndirilməsi kontekstində həm də ölkəmizdə son texnoloji yeniliklər tətbiq olunur. İKT sektorunun inkişafında mobil rabitə operatorlarının rolu danılmazdır. “Azercell” , “Bakcell” və “Azerfon” şirkətlərinin gördüyü işlərin nəticəsi olaraq bu gün mobil rabitə seqmenti genişlənmiş, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabər olmuşdur. Dünyanın bir çox ölkələri hələ “3G” texnologiyasına tam keçmədiyi halda Azərbaycan ən son mobil texnologiyanın - “4G” texnologiyasının tətbiqinə başlamışdır.Dövlət idarəçiliyində İKT-nin tətbiqi genişlənir, dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin sayı gündən-günə artmaqdadır. Artıq 350-dən çox elektron  xidmət  e-hökumət portalına inteqrasiya olunub və bir pəncərə prinsipi əsasında əhaliyə və biznes sektoruna təqdim olunur.                      Bir sözlə, İKT sektorunun uğurlu artım tempinin bundan sonra da təmin edilməsi üçün artıq müvafiq texnoloji baza formalaşdırılmışdır. Məqsədimiz ölkənin enerji siyasətindən əldə edilən nəticələrin bazası əsasında diversifikasiyaya söykənən yeni, dayanıqlı, texnoloji tutumlu, innovativ iqtisadiyyat qurmaqdır.

Bu gün ölkədə yüksək texnologiyalara, həmçinin bu texnologiyalar əsasında təşkil olunan iqtısadi sektora böyük önəm verilir.

Həyata keçirilən layihələrin bir məqsədi də Azərbaycanda internet infrastrukturunun tamamilə genişləndirilməsi, bu xidmətin hər kəndə, hər bir evə gətirilməsidir. Nazirliyin tabeliyində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı məhz bu işlərə dəstək vermək məqsədi ilə yaradılmışdır.         RYTN-nin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmışdır. “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üzrə işlər də davam etdirilir. Parkın tikintisi məqsədilə ayrılmış ərazinin müvafiq sənədləşməsinin aparılması, torpaq ayrılması haqqında akt və inşaat pasportu alınıb. Parkın infrastrukturunun qurulması üçün satınalmaların keçirilməsi istiqamətində işlər aparılır. Keçiriləcək tender üzrə tələb olunan şərtlərin formalaşdırılması, həmçinin qoyulacaq tələblərin, nəzərdə tutulan işlərin hərtərəfli əhatə edilməsi məqsədilə bu sahədə beynəlxalq təcrübəyə malik “Hill İnternational” şirkəti cəlb edilib və hazırda ərazidə yerləşdiriləcək binalar və infrastruktur üçün texniki tələblər, tenderin şərtlər toplusu və qiymətləndirmə metodu şirkət tərəfindən hazırlanmaqdadır.          Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılıb və artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətləri təşkil olunub. Əhalinin artım tempi və yeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, əhalinin tələbatına uyğun olaraq, universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir. Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69,01 ədəddir. Hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir.

Bu gün ölkəmiz İKT sahəsində bir çox layihələrin birbaşa təşəbbüskarı kimi çıxış edir. Bu layihələrdən biri olan “Trans-Avrasiya Super İnformasiya Magistralı”  (TASİM)  layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmişdir. 2013-cü il sentyabr ayının əvvəllərində BMT Baş Assambleyasının 67-ci sessiyasında layihənin həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansı yaradılmış, “Bakutel-2013” sərgi-konfransı çərçivəsində layihə ilə bağlı beş Avrasiya operatorlararası Anlaşma Memorandumu da imzalanmışdır.

 

Nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi də qarşıya qoyulan əsas mqəsədlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzi QSC yaradılması məhz  bu sahədə fəaliyyətin, kadr hazırlığının  genişləndirilməsi məqsədini daşıyır.           “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə və struktur layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub, habelə Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun balansından QSC-yə veriləcək əmlakın siyahısı Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənib. QSC-nin fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla, Azərbaycan Respublikasının bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaqdır. Bu məqsədlər Azərbaycan Respublikası Prezidentinin 29 dekabr  2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış -  İnkişaf Konsepsiyası”nda  öz əksini tapmışdır. Konsepsiyada əsas hədəf  qarşıdakı səkkiz-on ildə Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun 2 dəfə artırılması və bu artımın respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. Belə inkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyalarıdır.  İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır.

“Elektron-hökumət” portalına gəlincə, buraya 45 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 446 elektron xidmətdən 291-i, ümumilikdə isə 374 xidmət portalda yerləşdirilib və vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. İlin əvvəli ilə müqayisədə dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 6748 ədəd artırılaraq 24 386 ədədə çatdırılıb. Bundan 15310-u dövlət orqanlarına, 3583-ü hüquqi şəxslərə, 5493-ü isə vətəndaşlara verilib. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq proqram təminatları yazılmış və digər tədbirlər görülmüşdür.

Eyni zamanda, ötən dövrdə TV və FM radioproqramlarının yayım keyfiyyətinin yoxlanılması, ölkə ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsinin ölçülməsi və Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin yaradılması üzrə işlər aparılıb. Televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 28 ədəd müxtəlif təyinatlı radio-TV avadanlığı istismara (bundan 16-sı DVB-T standartlı, 4-ü isə DVB-T2 standartlıdır) keçirib. Ölkə əhalisinin yaşadığı ərazilərin 98 faizi açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib.

“Bakı-2015” I Avropa  Oyunlarına hazırlıq işləri davam etdirilib. Bu çərçivədə BTRİB tərəfindən yarış və təşkilati məkanlara fiber-optik və mis kabellərin alınması və çəkilməsi, eləcə də DRİ tərəfindən radiotezliklərin monitorinqi və müdafiəsi, radioelektron avadanlıqların sınaqdan keçirilməsi və parametrlərinin yoxlanılması məqsədilə lazımi avadanlıqların alınması üzrə aidiyyəti şirkətlərlə müqavilələr imzalanıb və ölkəyə gətirilməsi üzrə işlər davam etdirilir.

Ölkəmizdə İKT sektorunun sürətli inkişafı beynəlxalq aləmin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirməkdədir. Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Həmçinin, hesabatda Azərbaycan hökumətinin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri,  İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur. BMT-nin “E-hökumət müayinəsi 2014" adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.        Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətqabiliyyətlilik 2014-2015" hesabatına əsasən, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan əvvəlki mövqeyini 1 pillə artıraraq dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Azərbaycan builki hesabatda da MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları  peşə  bayramı ərəfəsində  ”BakuTel-2014" XX Azərbaycan Beynəlxalq telekommunikasiya  və informasiya texnologiyaları sərgisinin yüksək səviyyədə keçirilməsi və cənab Prezident İlham Əliyevin sərgidə iştirakı bu sahənin inkişafına dövlət qayğısının bariz nümunəsidir.

Müşfiq  ƏMİROV,
Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında