Bakıda Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "İqtisadi inkişafın Azərbaycan modeli" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirin "Azərbaycanın iqtisadiyyatı: dünən, bu gün və sabah" adlı birinci hissəsində mərkəzin sədri professor Çingiz İsmayılov iştirakçıları, o cümlədən Belçika, İspaniya, Fransa, Almaniya, Polşa, İrlandiya, İslandiya, Böyük Britaniya, Bolqarıstan və İtaliyadan gəlmiş qonaqları salamlamışdır. Qeyd etmişdir ki, iqtisadi böhranın bütün dünyanı əhatə etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı irəliyə gedir. Bütün dünyanı əhatə edən maliyyə böhranı Azərbaycana az təsir göstərmişdir. Bunun səbəbləri düzgün iqtisadi siyasət, siyasi sabitlik, xalqla iqtidar arasında birlik, mövcud problemlərin vaxtında həll edilməsidir. İqtisadi inkişafda əldə edilən uğurlar enerji sektoru ilə yanaşı, qeyri-neft bölməsi ilə də əlaqədardır.Natiq əmin olduğunu bildirmişdir ki, məruzə və müzakirələrdə bu uğurların səbəbləri daha ətraflı təhlil ediləcəkdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev "Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası" mövzusunda məruzə etmişdir. Nazir müstəqilliyin ilk illərinin Azərbaycan üçün ciddi sınaq dövrü olduğunu vurğulamış, həmin dövrün iqtisadi mənzərəsini vermiş və xatırlatmışdır ki, 1991-1994-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalmışdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının, demək olar, 2/3-ni itirmişdi. 1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq, 1994-cü ildə 1764 faizə çatmış, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 13 faizə qədər artmışdı. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı.
1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3 dəfə, adambaşına pul gəlirləri orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı 5,7 dəfə azalmışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlandı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.
1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı və bununla da ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlandı. Beləliklə, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi.
Ş.Mustafayev sözünə davam edərək demişdir ki, qazanılmış uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf diqqət mərkəzində saxlanılır, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla icra olunur, kənd təsərrüfatı məhsullarının istehsalı stimullaşdırılır, regionlarda mövcud iqtisadi potensialdan tam və səmərəli istifadə olunur. Transmilli nəqliyyat layihələri çərçivəsində beynəlxalq dəhlizlərin Azərbaycan hissəsində avtomobil magistralları çəkilir və ya yenidən qurulur. Regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir.
Nazir qeyd etmişdir ki, Azərbaycanda hasil olunmuş karbohidrogenin dünya bazarlarına nəql edilməsi üçün Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu inşa olunur. Bu magistral Avropa və Asiya arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına, Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə qoşulmasına imkan verəcəkdir. Bu gün ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, ölkə ərazisinin 85 faizi qazlaşdırılmış, Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmişdir. Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyinin fəal iştirakçısıdır. Bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan dövlətləri arasında imzalanmış AGRİ layihəsinə dair Bakı Bəyannaməsi bu istiqamətdə növbəti əhəmiyyətli addımdır.
Nazir demişdir ki, sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, daxili və xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80 faizi keçmişdir. Ölkəmizin ixrac bazarlarının davamlı olaraq genişlənməsi, yeni bazarlara çıxış imkanlarının artması və Azərbaycanın Ümumiləşdirilmiş Preferensiyalar Sisteminə (GSP) qoşulması ixrac potensialından daha səmərəli istifadəyə zəmin yaratmışdır. Belə ki, 2009-cu ildə 140-a yaxın ölkə ilə ticarət əlaqələri qurulmuş, ümumi ticarət dövriyyəsi 2,9 dəfə, o cümlədən ixrac 4,1 dəfə, idxal isə 1,7 dəfə çox olmuşdur.
Yaradılmış münbit şərait, davamlı və sürətli iqtisadi inkişaf nəticəsində 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artmışdır. 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş büdcə xərcləri 4,8 dəfə, orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artmışdır. Yoxsulluq səviyyəsi 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə enmişdir. İndiyədək 900 mindən çox yeni iş yeri yaradılmışdır. Qlobal maliyyə-iqtisadi böhranı nəticəsində bir çox ölkələrdə ressesiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım 2009-cu ildə də davam etmiş və ÜDM 9,3 faiz artmışdır. Bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faiz təşkil edir.
Sənaye və energetika naziri Natiq Əliyevin "Azərbaycanın enerji siyasəti və beynəlxalq iqtisadi əməkdaşlıq, ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin "Xəzər dənizinin neft və qaz ehtiyatlarının mənimsənilməsinin müasir vəziyyəti" mövzularında məruzələri dinlənilmişdir. Məruzəçilər XX əsrin 90-cı illərinin əvvəllərində neft sənayesi sahəsində yaranmış böhranlı vəziyyəti faktlarla yada salmış, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanmış dönüşdən, onun iqtisadiyyatı dirçəltmək üçün irəli sürdüyü və neft-qaz ehtiyatları potensialının işə salınmasına, xarici investisiyanın cəlb olunmasına əsaslanan doktrinadan söz açmış, "Əsrin müqaviləsi"nin mahiyyətindən, bu müqavilənin Heydər Əliyev qətiyyətinin təntənəsi olduğundan bəhs etmişlər.
Xatırladılmışdır ki, 1993-cü ildən bəri Azərbaycan iqtisadiyyatına 90 milyard ABŞ dollarından çox xarici investisiya yatırılmışdır. Bunun təxminən 50 milyard dolları neft-qaz sektorunun payına düşür. Bu müddətdə neft və qaz hasilatı da artmışdır. Belə ki, ötən əsrin 90-cı illərində ildə 9 milyon ton neft, 6 milyard kubmetr qaz çıxarılırdısa, keçən il bu göstərici müvafiq şəkildə 50 milyon 400 min ton və 23,6 milyard kubmetr olmuşdur. Bir neçə istiqamətdə qaz ixrac edilir.
İftixarla qeyd olunmuşdur ki, Azərbaycan Xəzər regionunda lider dövlətə çevrilmiş, özünün iqtisadi təhlükəsizliyini təmin etmişdir, qonşularından köməyini əsirgəmir, onlara sərmayə yatırır. Hazırda Türkiyəyə 3 milyard dollardan artıq dövlət investisiyası qoyulmuşdur, Gürcüstanın təbii qaza olan ehtiyacının 90 faizi Azərbaycanın hesabına ödənilir, demək olar ki, ölkəmiz Gürcüstanın qaz şəbəkəsinin sahibidir. Bu ölkədə tikilmiş 10 milyon tonluq Kulevi terminalı xarici bazara çıxış üçün strateji obyektdir. Neft sazişlərinin sayı 31-ə çatmışdır.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması. Milli iqtisadi inkişaf modelinin formalaşması və onun problemləri" mövzusunda məruzəsi maraqla qarşılanmışdır.
Akademik diqqəti Azərbaycan iqtisadiyyatında makrosabitliyin əldə olunmasına, iqtisadi siyasətin parametrlərinə, ölkəmizdə keçid dövrünün başa çatdığını müəyyən edən amillərə yönəltmiş, dövlətimizin başçısı İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması barədə verdiyi tarixi bəyanatı xatırlatmış, MDB məkanında ilk dəfə Azərbaycanda kənd təsərrüfatında radikal islahat aparıldığını vurğulamışdır. Bu gün Azərbaycanda Heydər Əliyev iqtisadi siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdıran akademik bu uğurlardan ətraflı danışmışdır.
Belçika parlamentinin üzvü İvan Sable "Gənc demokratiyaya Qərbin investisiya imkanları: Azərbaycan, Şərq və Qərb arasında kəsişmə" mövzusunda məruzəsində Belçika, Ukrayna və Azərbaycan bazarlarının tədqiqinin nəticələrini açıqlamışdır. Vurğulamışdır ki, Azərbaycanın kifayət qədər bazar potensialı vardır.
Konfransın "Azərbaycan regionlarının inkişaf perspektivləri" adlı ikinci hissəsində İspaniya parlamentinin üzvü Antonio Peral Villar bildirmişdir ki, Azərbaycan təbii ehtiyatlarla zəngindir, ildən-ilə daha böyük uğur əldə edir, rəqabətə davamlıdır. Onun sözlərinə görə, respublikanın regionları kifayət qədər inkişaf etmişdir.
Akademik Asəf Nadirov "Azərbaycanda regionların inkişafı Dövlət Proqramı" mövzusunda məruzəsində ölkənin sosial-iqtisadi inkişafının tarixindən bəhs etmiş, dövlət proqramları barədə danışmışdır. Bildirmişdir ki, Azərbaycanın sosial-iqtisadi inkişafının ən aktual məsələsi regionların tarazlı sosial-iqtisadi inkişafıdır. Bu inkişafın təməli hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə ölkənin iqtisadiyyatında rayonların xüsusi çəkisi 2 dəfə artaraq 20 faizdən 40 faizə çatmışdır. Lakin müstəqilliyimizin ilk illərində ölkədə baş verən xoşagəlməz hadisələr nəticəsində iqtisadiyyatın tənəzzülü baş vermişdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra iqtisadiyyatın inkişafını mütləq şəkildə rayonların iqtisadi inkişafı ilə qarşılıqlı surətdə bağladı və ölkənin inkişafı paralel olaraq rayonların inkişafı ilə bir getməyə başladı. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra professor Çingiz İsmayılovun "Azərbaycanda regional iqtisadi inkişafın fərqləndirici cəhətləri" mövzusunda məruzəsi dinlənilmişdir. Professor Azərbaycanda daxili və xarici investisiya qoyuluşuna xüsusi diqqət yetirmişdir. Bildirmişdir ki, dövlət rayonlarda daha əlverişli investisiya mühiti yaradır. Əgər 2000-ci ildən başlayaraq ümumi investisiyada xarici investisiya üstünlük təşkil edirdisə, 2005-ci ildə daxili investisiya 64 faiz, 2009-cu ildə 79 faizədək artmışdır.
BDU-nun dosenti Hacı Rüstəmbəyovun "Azərbaycanın iqtisadi inkişaf modelinin institusional parametrləri" mövzusunda məruzəsi dinlənilmişdir. Alim vurğulamışdır ki, Azərbaycanın iqtisadi inkişaf modeli çox böyük uğurlar gətirmiş, ölkədə bazar münasibətləri iqtisadiyyatın bütün sahələrinə sirayət etmişdir və iqtisadiyyatın ən vacib parametrlərini müəyyən edir.
Tədbirdə müzakirələr olmuş, ətraflı fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.