“Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı” (“BakuTel 2014”) çərçivəsində dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlət quruculuğu problemləri” I respublika elmi-praktiki konfransı keçirilib. Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil olunub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə elektron dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi.
A.Əlizadə ölkəmizdə yüksək texnologiyalar sektorunun inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması kimi məsələlərlə bağlı AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında işgüzar, səmərəli əməkdaşlıq əlaqələri formalaşdığını və ildən-ilə daha da genişləndiyini vurğuladı. Ölkəmizdə ilk təşəbbüs olan bu tədbirin elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən akademik bildirdi ki, konfransa ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 86 elmi məruzə təqdim olunub. Bu, elektron dövlət quruculuğunun geniş və əhatəli bir proses olduğunu təsdiqləməklə yanaşı, alim və mütəxəssislərin məsələyə geniş aspektdən yanaşdığını göstərir.
Rabitə və Yüksək Texnologiyalar naziri akademik Əli Abbasov konfransda “Azərbaycanda elektron hökumət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Nazir ölkəmizdə e-dövlətin formalaşdırılması ilə bağlı qanunvericilik, idarəetmə və texnoloji istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr haqqında danışaraq dedi ki, ölkəmizdə e-dövlətin formalaşdırılması istiqamətində kompleks tədbirlər “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində davam etdirilir. Ə.Abbasov Milli Strategiyada e-dövlətin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırdı.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda görülən işlər, e-xidmətlərin təşkili haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. M.Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurları və növbəti mərhələdə bu istiqamətdə həyata keçiriləcək tədbirləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin “Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri” mövzusunda məruzəsi dinlənildi. R.Əliquliyev e-elmin şəbəkə infrastrukturunun mövcud vəziyyəti və problemlərindən söz açaraq bildirdi ki, bu sahə AMEA-nın bütün institut və təşkilatlarını əhatə edən AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. AzScienceNet AMEA-nın Naxçıvan, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yerləşən elmi qurumlarını əhatə edən geniş infrastruktura malikdir.
Elmin informasiyalaşdırılması vəziyyətindən danışan məruzəçi vurğuladı ki, AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılıb. Hazırda AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır.
Alim öz çıxışında elmin informasiyalaşdırılması sahəsində mövcud problemlərə də toxundu: “70 il ərzində alimlərimiz tərəfindən milli-mənəvi dəyər daşıyıcıları olan çox sayda kitablar, muzey eksponatları, fauna və flora və s. kimi elmi əsərlər hazırlanmışdır. Onların rəqəmsallaşdırılaraq internet mühitində yerləşdirilməsi aktual problemlərdən biridir”.
Sonda akademik R.Əliquliyev qeyd olunan problemlərlə bağlı bir sıra təkliflər irəli sürdü. Bildirdi ki, bu gün “Elmin informasiyalaşdırılmasına dair Dövlət Proqramı”nın işlənilməsi zəruriyyəti yaranıb. E-elmin maddi-texniki bazasını gücləndirilməsi, alim və mütəxəssislərin iş şəraitinin yaxşılaşdırılması və onların inkişaf perspektivlərini nəzərə alaraq, İnformasiya Texnologiyaları İnstitutunun ərazisində “Elektron Elm Mərkəzi”nin yaradılması verilməsi məqsədəuyğun olardı.
Konfransın plenar iclasında həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sektor müdiri Cavid Abdullayev çıxış etdilər.
Konfrans işini üç paralel bölmə iclasında davam etdirdi. İclaslarda e-dövlətin intellektuallaşdırılması konsepsiyası, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və digər mövzularda məruzələr təqdim olundu.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.