Dekabrın 3-də “Bakutel-2014” sərgisi çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçirilib. AzərTAc xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkədən 40-dək şirkət iştirak edib.
Açılış mərasimində çıxış edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə belə forumların keçirilməsinin iki qardaş ölkə arasında İKT üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini bildirdi. Azərbaycanda İKT sahəsinin sürətlə inkişaf etdiyini vurğulayan E.Vəlizadə statistik göstəriciləri diqqətə çatdıraraq dedi: “Son illərdə İKT sektorunun həcmi təqribən 20-25 faiz artaraq, ümumi daxili məhsulda payı 1,7 faizə, qeyri-neft bölməsindəki ümumi daxili məhsulda payı isə 3,3 faizə yüksəlib. Bu sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil edib ki, bunun da 28 faizi dövlət, 72 faizi yerli biznes və xarici investorlar tərəfindən yatırılıb”.
Nazir müavini diqqətə çatdırdı ki, Azərbaycan Dünya İqtisadi Forumunun 2013-cü il üçün “The Global Information Technology Report” hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə dünya üzrə ilk onluqda yer alıb. MDB məkanında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb. Respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub. Azərbaycanda üç mobil operator tərəfindən 3G xidmətləri göstərilir. 2012-ci ildən 4G texnologiyasının tətbiqinə başlanılıb. Ölkədə hər 100 nəfərə 110 mobil abonent düşür. Əhalinin 75 faizi internetdən istifadə edir və onların da 55 faizinin genişzolaqlı internetə çıxışı var.
2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” orbitə çıxarılıb. Bununla da Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub.
Azərbaycanda “elektron hökumət”in zəruri infrastrukturlarının yaradıldığını və “elektron hökumət” portalının fəaliyyət göstərdiyini diqqətə çatdıran nazir müavini qeyd etdi ki, hazırda bu portala 40 dövlət orqanının informasiya sistemi qoşulub və 320 elektron xidmət təqdim olunub.
Nazir müavini, həmçinin bildirdi ki, ölkəmizdə nanotexnologiyalar əsasında yeni materialların alınması və istehsalı, enerjiyə qənaət edən və alternativ enerji mənbələrinin yaradılması, biotexnologiyaların geniş tətbiqi prioritet istiqamətlərdəndir. Bu sahədə bir sıra önəmli addımlar atılıb: Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yaradılıb, yaxşılaşdırılmış elektro-fiziki və kimyəvi xassələrə malik karbon nanoborularının və işıq diodlarının alınması və təcrübi istehsalı təşkil olunub.
Sonra çıxış edən Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri Tayfun Acarer ölkələrimiz arasında İKT sahəsində əməkdaşlığın perspektivlərindən danışdı. Bu sahədə dünyadakı mövcud vəziyyətdən bəhs edən T.Acarer müasir yanaşmaların insanlar tərəfindən daha tez əldə olunduğunu vurğulayaraq dedi: “Hazırda dünyada 3 milyard insan internetdən bəhrələnir ki, onun da 7 milyard nəfəri mobil rabitə istifadəçisidir. Müasir dünyada az qala günbəgün yenilənən məhsullar onların daha da təkmilləşməsinə gətirib çıxarır. Məsələn, bu gün planşet və tablet bazarının 75 faizini smartfonlar təşkil edir. Əgər bu cihazlara vaxtilə telefon deyirdiksə, artıq bu gün onları belə adlandırmaq düzgün olmaz. Mobil rabitə sektoru da durmadan inkişaf etməkdədir. Məsələn, ilk vaxtlar mobil rabitədən dünya üzrə 20 ildə 1 milyard abonent istifadə edirdisə, son 5 ildə bu rəqəm 5 milyard olub. 2020-ci ildə isə 50 milyard abonentə çatacaq”.
Hazırda dünyada 3G şəbəkəsi dövrünün də arxada qaldığını deyən T.Acarer 4G, LTE texnologiyasının sürətlə yayıldığını diqqətə çatdırdı: “Son illərdə internet trafiki sürətlə artmaqdadır. Lakin gələcəkdə bu sürət bizə kifayət etməyəcək. Ona görə də fiber-optik şəbəkələr daha da genişləndirilməlidir. Hazırda Türkiyədə 40 milyon genişzolaqlı internet şəbəkə istifadəçisi var və bunun 33 milyonu mobil genişzolaqlı şəbəkəyə aiddir. İnsanlarımız artıq 3G ilə kifayətlənmir, 4G və daha sürətli şəbəkələrdən yararlanmaq istəyirlər. İndi müasir həllər, yanaşmalar dövrüdür”.
T.Acarer çıxışının sonunda bildirdi ki, Azərbaycan ilə Türkiyə şirkətləri ölkələrimizin Asiya ilə Avropanın qovuşuğunda yerləşməsindən səmərəli istifadə etməlidir. Əlverişli coğrafi məkanda yerləşməyimiz bizə əlavə imkanlar yaradır. İKT sektorunda təmsil olunan şirkətlərimiz bundan faydalanaraq imkanlarını artıra bilərlər.
Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq əlaqələrinin, birgə investisiya imkanlarının müzakirə olunduğu forum təqdimatlarla davam etdirildi.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.