bp layihələrin idarə edilməsi sahəsində kadr hazırlığını davam etdirir

Azərbaycanda iri neft və qaz layihələrinin operatoru olan bp şirkəti ölkəmizdə bir sıra humanitar təşəbbüslərlə də çıxış edir. Bu baxımdan 2011-ci ilin yanvar ayında təsis olunmuş Layihələri İdarəetmə Məktəbi diqqəti xüsusilə cəlb edir.

Xatırladaq ki, Xəzər Universiteti və “ESİ İnternational” şirkəti ilə əməkdaşlıq əsasında yaradılmış bu məktəb layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı vasitəsilə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Proqramın tədris planı yeddi moduldan ibarətdir və Corc Vaşinqton Universiteti tərəfindən verilən beynəlxalq səviyyədə qəbul edilmiş “Layihələrin idarə edilməsi üzrə magistr sertifikatı”nın alınmasını təmin edir. Təlim proqramı “ESİ İnternational” şirkətinin Fransa, Böyük Britaniya, İsveç və ABŞ-dan olan müəllimləri tərəfindən həyata keçirilir.

Ötən həftə Layihələri İdarəetmə Məktəbinin 3-cü  buraxılışı keçirilib. Tədbirdə məktəbin 80 məzununa sertifikatlar verilib. Builki məzunlar hökumət, neft və qaz, sığorta, telekommunikasiya, tikinti, bank, səfirliklər, turizm və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell 3-cü buraxılışını qeyd edən Layihələri İdarəetmə Məktəbinin artıq yerli potensialı inkişaf etdirən, amma beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrildiyini vurğulayaraq deyib ki, bp bu layihəyə başlayanda və məktəbə dəstəyini davam etdirmək qərarına gələndə məhz bu məqsədi qarşıya qoymuşdur. O qeyd edib ki, bp dəstəklədiyi təhsil layihələrinin və təşəbbüslərinin davamlı və uğurlu olmasını,  ölkənin  irəliləyişinə dəstək verməsini diqqət mərkəzində saxlamış və Azərbaycanda yerli potensialların yaradılması səylərinə daim kömək göstərmişdir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində  beynəlxalq standartlara cavab verən iri layihələri həyata keçirə bilən yüksək ixtisaslı menecerlərə həmişə ehtiyac olacağını diqqətə çatdıran Qordon Birrell qeyd edib ki, Layihələri İdarəetmə Məktəbi bp-nin ölkə qarşısındakı öhdəliyinin bir hissəsidir.  O,  “Layihələri İdarəetmə Məktəbi”ndə indiyədək çoxsaylı  layihə menecerinin təlim keçməsini Azərbaycanda layihələri idarəetmə üzrə davamlı potensialın yaradılmasına yönəlmiş səylərə böyük bir töhfə kimi dəyərləndirərək bp və onun tərəfdaşları adından Xəzər Universitetinə və “ESİ İnternational” şirkətinə yerli mütəxəssislərin təlimini gerçəkləşdirən mükəmməl işlərinə görə təşəkkürünü çatdırıb.

Yeri gəlmişkən, ötən üç il müddətində bp və onun tərəfdaşları tərəfindən məktəbin fəaliyyətinə 2 milyon dollar vəsait xərclənib. Təlim proqramında iştirak edən 298 nəfər məzunun 122-si bakalavr, 176-sı isə magistr sertifikatları almağa müvəffəq olub.

M.YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında