Asiya İnkişaf Bankı Azərbaycanın içməli su sektoruna 150 milyon dollar ayırdı

Dekabrın 1-də  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı-3" layihəsinin maliyyələşdirilməsi ilə bağlı ”Azərsu" ASC ilə Asiya İnkişaf Bankı arasında, eləcə də Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə Asiya İnkişaf Bankı arasında layihə  sazişlərinin  imzalanma mərasimi keçirilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə dəstəyini yüksək qiymətləndirib. “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işlərinin böyük hissəsinin yerinə yetirildiyini diqqətə çatdıran natiq qeyd edib ki, bu layihələrin icrası həmin şəhərlərdə əhalinin içməli su ilə təminatına, eləcə də kanalizasiya xidmətlərindən istifadəsinə töhfələr verməkdədir. Bu gün imzalanan saziş çərçivəsində isə Ağcabədi şəhərinin su və kanalizasiya infrastrukturları yenidən qurulacaqdır.

Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirən Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono  ölkəmizdə həyata keçirilən layihələrin icrasından məmnunluğunu bildirib.  Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin son nəticədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablandığını vurğulayan qonaq bu sahədə uğurlu əməkdaşlığa əsaslanaraq ölkəmizdə içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması  layihələrinin maliyyələşdirilməsində bundan sonra da iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.  

Sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov və Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono “Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı-3” layihəsinin maliyyələşdirilməsi ilə bağlı layihə  sazişlərini imzalayıblar. Xatırladaq ki, Asiya İnkişaf Bankı “Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı-3” layihəsi çərçivəsində Azərbaycan hökumətinə güzəştli şərtlərlə 150 milyon dollar kredit ayıracaqdır. Bu vəsaitin 122 milyon 160 min dolları Ağcabədi, 27 milyon 840 min dolları isə Naxçıvan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına sərf olunacaq.

Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsinə əsasən,  istehlakçıları dayanıqlı  və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 ədəd subartezian quyusu qazılacaqdır.  Su mənbəyindən şəhərə 18,4 kilometr uzunluğunda magistral su xətti çəkiləcək, ümumi tutumu 5 min kubmetr olan 4 ədəd su anbarı tikiləcək. Ağcabədi şəhərində 214 kilometr uzunluğunda  paylayıcı su şəbəkəsi yaradılacaq, 8500 ünvana birləşmə veriləcəkdir.

Layihə çərçivəsində Ağcabədi şəhərinin kanalizasiya sistemləri də yenidən qurulacaqdır. Bu məqsədlə 197 kilometr kanalizasiya şəbəkəsi yaradılacaq, 7800 ünvana kanalizasiya birləşməsi veriləcəkdir. Tullantı sularının idarəedilməsi məqsədilə 8,1 kilometr kanalizasiya kollektoru tikiləcək, nasos stansiyası quraşdırılacaqdır. Çirkab suların təmizlənib zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 20 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında