ABŞ-da energetika sahəsində mühüm mərhələ başlayır. Belə ki, Günəş və külək enerjisinin qiyməti ənənəvi üsul ilə əldə edilən enerjinin qiymətilə bərabərləşdirildi. Bəs yeni mərhələ energetika üçün nə vəd edir?
Sənaye inqilabının böyük inkişafa səbəb olduğu danılmaz faktdır. Lakin sənaye sahələrinin sürətli inkişafı rifah gətirməklə, ətraf mühitə ciddi ziyan da vurur. Atmosferə buraxılan zəhərli qazların ciddi təhlükəyə çevrildiyini indi orta məktəb şagirdi də bilir. Buna görə də,bir çox ekoloji təşkilatlar, həmçinin bir sıra dövlətlər atmosferin zərərli qazlardan qorunması ilə bağlı layihələr həyata keçirir, havanın çirklənməsinin qarşısını ala biləcək enerji mənbələri üzərində çalışır. Xüsusilə də bərpa olunan enerji mənbələri ?sahəsində müəyyən irəliləyişlər müşahidə olunur. Günəş, külək və digər ekoloji təmiz enerji mənbələrindən istifadə getdikcə genişlənir. Ancaq bu da bir həqiqətdir ki, alternativ enerji mənbələri ənənəvi enerji resurslarına hələlik uduzur. Bərpa olunan enerji mənbələri, xüsusilə də qiymət məsələsində önə keçə bilmir. Məhz baha olduğundan bir sıra dövlətlərdə ənənəvi enerji resurslarından imtina etməyə tələsmirlər.
Amma bu günlərdə belə bir məlumat yayıldı ki, ABŞ-da ilk dəfə olaraq bərpa olunan enerji mənbələrinin qiyməti ənənəvi üsul ilə əldə edilən enerji resurslarının qiymətilə bərabərləşdi. Hətta bunun hələ başlanğıc olduğu bildirilir. Belə ki, nüfuzlu “New York Times” qəzeti Günəş və külək enerjisinin ucuzlaşması prosesinin beş il öncə başlandığını və prosesin cari ildə hiss ediləcək dərəcədə sürətləndiyini yazır. “Yaşıl energetika”nın ABŞ-da istifadə edilməsində əldə olunan belə bir nailiyyətin dövlət tərəfindən ayrılan böyük məbləğdə maliyyə yardımları sayəsində mümkün olduğu vurğulanır. Doğrudur, yaxın illərdə ABŞ hökuməti yardımları ixtisar etməyə hazırlaşır, ancaq araşdırmalar göstərir ki, hətta dövlət dəstəyi olmadan da alternativ mənbələr qiymət məsələsində ənənəvi resurslarla rəqabət apara biləcək.
ABŞ mətbuatı bu il amerikalı energetiklər arasında elektrik enerjisilə təminat barədə müqavilə imzalandığını bildirir. Həmin sənəddə Günəş və külək kilovattlarının daha ucuz olacağı vurğulanır. Ancaq bunu da qeyd etmək lazımdır ki, belə ucuzlaşma günəşli və küləkli günlərin bol olduğu ərazilərdə müşahidə olunur. Məsələn, ötən payız Texas ştatında “Austin Energy” şirkətinin Günəş stansiyasından kilovatt/saatını 5 sent daha ucuz elektrik enerjisinin çatdırılması barədə 20 illik müqavilə imzaladığı bildirilir. Cari ilin sentyabr ayında Oklahoma ştatının yerli hakimiyyət orqanlarının da külək enerjisinin alınmasına razılıq verdiyi vurğulanır. Ştatı bərpa olunan enerjilə təmin edəcək stansiyasının inşasına gələn il başlanılacaq. Amerikalı iqtisadçıların hesablamalarına görə, yeni “yaşıl stansiya” istehlakçılara 50 milyon dollar qənaət etməyə imkan verəcək.
“Lazard” şirkətinin araşdırmalarına görə, hazırda ABŞ-da kilovatt/saat Günəş enerjisinin qiyməti 5,6 sentə, kilovatt/saat külək enerjisinin qiyməti isə 1,4 sentə bərabərdir. Təbii qazın yanmasından alınan elektrik enerjisinin kilovatt/saatı 6,1 sent, kömürdən alınan eletrik elektrik isə 6,6 sent təşkil edir. Analitiklərin hesablamalarına görə, subsidiyalar ayrılmadan Günəş kilovatt/saatı 7,2 sentə, külək kilovatt/saatı isə 3,7 sentə başa gələcək. Bununla belə, mütəxəssislər əmindirlər ki, alternativ enerji mənbələrinin ucuzlaşması yaxın gələcəkdə karbohidrogen resurslarından tam imtina edilməsinə imkan verməyəcək. Çünki dünyanın bir çox ölkəsində zəruri texnologiyanın yaradılması prosesi illər tələb edir. Amma ABŞ hökuməti bu istiqamətdə fəaliyyətini gücləndirir. Artıq bir neçə ştat var ki, alternativ enerjidən istifadəni hər keçən il artırır. Məsələn, Kaliforniya ştatı Günəş enerjisindən istifadədə liderdir. Cari ilin mart ayında ştatda Günəş enerjisinin istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 4 qiqavatt təşkil etdiyi bildirilir. Belə görünür, yaxın illərdə ABŞ alternativ enerjidən istifadəni prioritet səviyyəyə yüksəltmək məqsədilə fəaliyyətini gücləndirəcək və enerji təminatında bərpa olunan enerji resurslarının payını artıracaq layihələrə hərtərəfli dəstəyini əsirgəməyəcək.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.