BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə ölkəmizin kənd təsərrüfatı sahəsinin prioritetləri üzrə müxtəlif layihələr həyata keçirilmiş və mütərəqqi nəticələr əldə olunmuşdur. Son illərdə heyvandarlıq sahəsində də belə layihələr uğurla gerçəkləşdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdir müavini Fəxrət Eminov bildirdi ki, Azərbaycanda kənd təsərrüfatı və kəndin inkişafı sahəsində hökumətin həyata keçirdiyi tədbirlərin dəstəklənməsində, bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsində, həmçinin beynəlxalq təcrübənin azərbaycanlı mütəxəssislərə ötürülməsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqram və layihələrinin böyük rolu olmuşdur.Təşkilatın texniki yardımı hesabına 2011-ci ilin oktyabr ayından başlayaraq Azərbaycanda “Mərkəzi Asiya subregionu ölkələrində qaramal təsərrüfatının təkmilləşdirilməsi modulu” layihəsi həyata keçirilir.
Layihə Türkiyə/FAO Əməkdaşlıq Proqramı çərçivəsində (FTƏP) icra olunmaqla, Azərbaycan, Qırğızıstan və Tacikistanda həyata keçirilir. Əsas məqsəd heyvandarlığın elmi əsaslarla idarə edilməsi, qaramalın məhsuldarlığına, məhsulların marketinqinə və s. mənfi təsir edən amillərin aydınlaşdırlması və yeni txnologiyalardan istifadə etməklə, bu amillərin aradan qaldırılması sahəsində bilik və təcrübənin fermerlərə ötürülməsindən ibarətdir.
Heyvandarlıq məhsulları istehsalı həcminin böyüklüyü, tədarük və emal müəssisələrinin mövcudluğu nəzərə alınaraq, layihə İmişli rayonunda həyata keçirilir. Bu məqsədlə İmişli rayonunda fermerlərin təşəbbüsü ilə Heyvandarlıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılmışdır.
Bu könüllü birliyin 76 üzvü var, ofisi rayon mərkəzində icarəyə götürülmüş binada yerləşir. Assosiasiyanın üzvləri ayda bir və ya iki dəfə toplaşaraq fikir mübadiləsi aparır, heyvandarlıqda mövcud olan yeni texnologiyalarla maraqlanır və ortaq problemlərini həll edirlər.
Türkiyə mütəxəssisləri ilə tez-tez görüşlər təşkil olunur, yeni texnologiyalar barədə fermerlərə məlumat verilir.
Assosiasiyanın üzvlərindən 8 nəfərin Türkiyəyə təlim səfəri təşkil edilmişdir. Fermerlər Bursa bölgəsində silosluq qarğıdalının yetişdirilməsi, süd-mum fazasında biçilərək doğranması, quyulara basdırılması və üstünün örtülməsi texnologiyası ilə yaxından tanış olmuşlar. Bununla yanaşı, onlar yem zavodunda xüsusi reseptlərlə hazırlanmış yemlərin çeşidi, bölgədə fəaliyyət göstərən süd qəbulu və emalı müəssisələrinin işi ilə yaxından tanış olmuşlar.
Layihə çərçivəsində assosiasiya üzvləri yeni təcrübə kimi 3 hektar sahədə sudan-sorqo otunun və 7 hektar sahədə silosluq qarğıdalının nümayiş sahəsini yaratmışlar. Oruclu kəndində İsa Mirzəyev əkdiyi sudan-sorqo otundan yüksək məhsul götürərək, şəxsi təsərrüfatında olan sağmal inəklərə yaşıl yem və quru ot şəklində vermişdir. O, sübut etmişdir ki, inəklər bu yemi çox həvəslə yeyir və süd məhsuldarlığı 20-25 faiz artmışdır. Muradxanlı kəndində toplanmış qarğıdalıdan fermerlərin həyətində yerüstü formada silos hazırlanmış və heyvanlara verilmişdir.
Azərbaycanda ilk dəfə Muradxanlı kəndində heyvandarlıqla məşğul olan fermerlər Burza Qaraşov, Zahid Qaraşov, Zəfər Məhərrəmov, Elxan Mirişov, Oruclu kəndində İsa Mirzəyev, Köbəktala kəndində Səxavət İsmayılov torpaq üstündə polietilen plyonka altında qarğıdalıdan silos hazırlamışlar. Belə silos kütləsi qış aylarında heyvanlara yedizdirilmiş və məhsuldarlığa müsbət təsir göstərmişdir. Bu texnologiya rayon fermerlərinə nümayiş etdirilmiş və iqtisadi göstəricilər təhlil edilmişdir.
Fermerlər onlara layihə çərçivəsində verilmiş texnika və avadanlıqdan səmərəli istifadə edərək öz təşəbbüsləri ilə 6 hektar sahədə sudan-sorqo, 10 hektarda dənlik qarğıdalı və arpa biçinindən sonra 15 hektarda silosluq qarğıdalı əkmişlər.
Assosiasiya üzvləri əkin, biçin və yem emalı texnikalarına, südün toplanması və gigiyenik tələblərə uyğun ilkin emalı avadanlığına ciddi ehtiyac olduqlarını bildirmişdilər. Bu tələbatı ödəmək üçün layihə çərçivəsində modern pnevmatik toxumsəpən, diskli otbiçən və toplayan, yemdoğrayan texnika və avadanlıq, eləcə də südün toplanması və soyudulması üçün ikitonluq süd çəni və keyfiyyəti təyin edən elektron süd analizatoru alınaraq fermerlərə verilmişdir. Assosiasiyas üzvləri Cəfərli kəndində öz vəsaitləri hesabına süd qəbulu məntəqəsi tikmiş, burada layihə ilə bağlı verilmiş süd çəni və elektron analizator quraşdırılmışdır.
Müsahibimiz sonda bildirdi ki, yeni layihənin İmişli rayonunda həyata keçirilməsi nəticəsində Heyvandarlıq Məhsulları İstehsalçıları Assosiasiyasının üzvləri öz təsərrüfatlarında nəzəri və praktiki biliklərini xeyli artırmışlar. Onlar heyvanların saxlama şəraitini yaxşılaşdırmış, naxırın sağlamlığının qorunması istiqamətində profilaktik tədbirləri gücləndirmiş, inəklərin sağım metodlarını öyrənmiş, heyvanların düzgün yemlənməsi üçün mütərəqqi texnologiyalardan istifadə etməyə başlamışlar. Fermerlər layihənin köməyi ilə südün marketinqi sahəsində biliklərini, təsərrüfat-idarəetmə bacarıqlarını da artırmışlar.
Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.