Azərbaycan ən islahatçı ilk on ölkə sırasında

Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurları nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapıb. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırıb. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri əksini tapıb.

Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub və daha da güclənib. Bu gün ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 10 ildən çox bir müddətdə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir.

Ümumiyyətlə, Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün görülən tədbirlər kompleks xarakter daşıyır.

Xatırladaq ki, BMT İnkişaf Proqramının son “İnsan inkişafı hesabatı”na əsasən, ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülüb. Bundan başqa, Azərbaycan son illərdə İnsan inkişafı indeksinin artım sürətinə görə orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin “top-1”liyinə daxil olub. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilib.

Azərbaycan “Doing Business 2015” hesabatında isə ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşıb. Başqa sözlə, Dünya Bankı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən və 189 ölkənin biznes mühiti haqqında 2013-cü ilin iyun ayından 2014-cü ilin iyul ayınadək olan dövrü əhatə edən həmin hesabatda Azərbaycanın mövqeyi 8 pillə yaxşılaşıb.

Son illər dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində dərc olunan müxtəlif hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar diqqət mərkəzində saxlanılır. Bu hesabatlarda Azərbaycanda üç indikator üzrə (“Əmlakın qeydiyyatı”, “Biznesə başlama” və “Vergilərin ödənişi”) həyata keçirilən islahatlar xüsusilə qeyd olunub. “Biznesə başlama” indikatorunda qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, “Əmlakın qeydiyyatı”nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimində inteqrasiyası, “Vergilərin ödənişi”ndə isə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi vurğulanıb.

Məlumatda qeyd edilir ki, Azərbaycanda 2007-ci ildən başlayaraq ardıcıl şəkildə 9 indikator (“Biznesə başlama”, “Tikinti icazələrinin alınması”, “Əmlakın qeydiyyatı”, “Kreditlərin alınması”, “İnvestorların maraqlarının qorunması”, “Vergilərin ödənişi”, “Müqavilələrin icrası”, “Xarici ticarətin aparılması” və “İşçilərin işə qəbulu”) üzrə reallaşdırılan 19 islahat “Doing Business” hesabatlarında öz əksini tapıb.

Ötənilki hesabatla müqayisədə Azərbaycanın mövqeyi bir çox göstəricilər üzrə yaxşılaşıb. Ölkəmiz “Vergilərin ödənilməsi” göstəricisi üzrə 44 pillə, “Tikinti icazələrinin alınması” üzrə 30 pillə, “Elektrik təchizatı şəbəkələrinə qoşulma” üzrə 22 pillə, “Əmlakın qeydiyyatı” üzrə 3 pillə, “Xarici ticarətin aparılması” üzrə 2 pillə irəliləyib. “Doing Business” hesabatının əsas göstəricisi olan “Etalon Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə Azərbaycanın göstəricisi 64,08-ə yüksəlib.

Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi sosial-iqtisadi inkişaf proqramları çərçivəsində atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunub.

Məhz elə buna görə də Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyanın sürətlə inkişaf edən ölkələri sırasında öz layiqli yerini tutub. Cari ilin ötən aylarının yekunları da bu deyilənləri bir daha təsdiqləyir. Respublika Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2014-cü ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb. Gözlənildiyi kimi, qeyri-neft sektorunda artım daha yüksək olub. Bu sektorda əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalma qeydə alınıb.

ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Ötən on ay ərzində əhalinin hər nəfərinə 5233,2 manat (6672,5 ABŞ dolları) əlavə dəyər istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artım qeydə alınıb. Cari ilin yanvar-oktyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Son illər ölkədə tikinti və quruculuq işləri böyük vüsət alıb. Bakı şəhəri və ölkənin regionları sözün əsil mənasında nəhəng inşaat meydançasına çevrilib. Bir-birinin ardınca gözəl binalar, geniş yollar və nəhəng sənaye obyektləri istifadəyə verilir. Cari ilin on ayında inşaat kompleksində bütün maliyyə mənbələrindən əsas kapitala 13,2 milyard manat həcmində vəsait yönəldilib. Vəsaitin 6,5 milyard manatı (49,5 faizi) qeyri-dövlət bölməsi, 6,7 milyard manatı isə dövlət bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən qoyulub. Bilavasitə tikinti-quraşdırma işlərinə 9,7 milyard manat vəsait sərf olunub. İstifadə edilmiş vəsaitin 67 faizi və ya 8,8 milyard manatı məhsul istehsalı obyektlərinin inşasına xərclənib.

2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 141 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçiriblər. Azərbaycandan 107 ölkəyə əmtəə ixrac olunub, 128 ölkədən isə məhsul alınıb. İdxal-ixrac əməliyyatı iştirakçıları sırasına 43 Avropa, 31 Amerika, 42 Asiya ölkələri daxildir.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 31 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 24,4 milyard dollar, idxalın həcmi 6,6 milyard dollar təşkil edib. Nəticədə 17,8 milyard dollarlıq müsbət saldo yaranıb.

Dövlət Statistika Komitəsinin məlumatında həmçinin bildirilir ki, 2014-cü ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 5,4 faiz artaraq 30,4 milyard manat təşkil edib. Bu vaxt ərzində əhalinin hər nəfərinə düşən gəlirlər 4,1 faiz artaraq 3229,5 manata və ya orta hesabla ayda 322,9 manata çatıb.

Sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar bu gün bir sıra ölkələrin dövlət rəhbərləri tərəfindən də etiraf olunur, dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların dönmədən davam etdirilməsi yüksək dəyərləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 11-də Macarıstana işgüzar səfəri zamanı sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra bu ölkənin Baş naziri Viktor Orban mətbuata bəyanatında bildirib ki, Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndirir. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür.

Viktor Orban deyib ki, Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycan ona görə vurğulanır ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız var.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və bu ilin birinci yarısında olduğu kimi, qarşıdakı aylarda da milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, bu gün inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyaya nail olunması, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsidir.

Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanıb. Son illərdə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Elə bunun nəticəsidir ki, Azərbaycanın yaxın gələcəkdə dünyanın nüfuzlu iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevriləcəyi heç kimdə şübhə doğurmur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında