Vergilər Nazirliyi Vergi Borclarının Alınması İşinin Təşkili İdarəsinin rəisi, birinci dərəcəli müfəttiş Tural Quliyev söhbət zamanı bildirdi ki, son illər ölkəmizdə qanunla müəyyən olunmuş vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması, borcların alınmasında fərdi yanaşma prinsipinin tətbiqi ilə bağlı bir sıra əhəmiyyətli işlər görülmüşdür.
Bütün bunlar vergi öhdəliklərinin yerinə yetirilməsinə və vergi borclarının azalmasına da öz təsirini göstərmiş, 2010-cu illə müqayisədə vergi borclarının ümumi məbləği 2,5 dəfəyə qədər azaldılmışdır. Təkcə cari ilin 10 ayı ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azalmış, 209 min 988 vergi ödəyicisinin borcları tamamilə ləğv edilmişdir. Hazırda borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi cəmi 8,4 faiz təşkil edir. Bütövlükdə dövlət büdcəsinə vergi daxilolmalarının təxminən üçdə birini vergi inzibatçılığı tədbirləri və vergi borclarının alınması ilə məşğul olan qurumların fəaliyyəti nəticəsində daxilolmaların təşkil etdiyini nəzərə alaraq, bu yazıda vergi borcları və onların alınma üsulları barədə məlumat vermək istəyirik.
Tural Quliyevin sözlərinə görə, vergi borclarının alınması prosedurları, əsasən, Vergi Məcəlləsi (VM) ilə müəyyənləşdirilir. Bununla yanaşı, həmin prosedurlar həyata keçirilərkən Mülki, Mülki-Prosessual, Cinayət məcəllələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına istinad edilir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Məhkəmə qərarına əsasən əmələ gələn tələb isə yalnız otuz il keçdikdən sonra qüvvəsini itirir (Mülki Məcəllənin 551.2.4-cü maddəsi).
İdarə rəisi qeyd etdi ki, vergi borcları vaxtında ödənilmədikdə vergi orqanları tərəfindən bir sıra inzibati tədbirlər həyata keçirilir. Bunlardan biri ödənilməmiş vergi məbləğlərinə faizlərin hesablanmasıdır. VM-in 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bundan başqa, vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədikdə vergi orqanı VM-ə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərir.
Vergi Məcəlləsinin 65.1-ci və 65.2.1-ci maddələrinə əsasən, vergi borcları bildirişdə göstərilən müddətdə ödənilmədikdə vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilir. Borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması nəticəsində 2013-cü ildə 22,4 milyon manat, cari ilin ötən dövrü ərzində isə 27,1 milyon manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Vergi Məcəlləsinin 23.1.15-1-ci və 23.1.16-cı maddələrinə əsasən, borc məbləğinin vergi ödəyicisindən məcburi qaydada alınması məqsədilə aidiyyəti məhkəmə orqanlarına müraciətlər edilir.
Cari ilin 10 ayı ərzində vergi orqanları tərəfindən 154 milyon 40,6 min manat məbləğində vergi borcu olan 5785 vergi ödəyicisi üzrə məhkəmələrə edilmiş müraciətlər əsasında 128 milyon 922,5 min manat məbləğində vergi borcu olan 4785 vergi ödəyicisi barəsində iddialar təmin edilmiş, 208 vergi ödəyicisi üzrə isə 809,9 min manat məbləğində vergi borcu ödənildiyi üçün borcun ödənilməsinə dair qərardadlar qəbul olunmuşdur.
Tural Quliyev qeyd etdi ki, Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən, borclu fiziki şəxslərə inzibati həbs tətbiq olunması üçün məhkəmələrə təqdimat verilməsi məqsədi ilə müvafiq icra məmurlarına müraciətlər edilir. İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsində isə göstərilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslərə işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
VM-in 23.1.12-ci maddəsinə və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 11.16-cı bəndinə əsasən, cinayət tərkibi yaradan vergi borcu materialları ibtidai istintaq qaydasında araşdırılması məqsədi ilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir.
İdarə rəisi sonda dedi ki, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda (iki min manatdan əlli min manatadək olan məbləğ) və ya külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir. Bununla əlaqədar xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə cari il ərzində 690 vergi ödəyicisi üzrə 28,9 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.