Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir.
Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illər ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər də konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.
2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxarmış Prezident İlham Əliyev fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurmuşdur. Cənab İlham Əliyev müasir düşüncəli siyasi lider kimi modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirmişdir. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürüdərək inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
Bu ilin ötən 9 ayının sosial-iqtisadi yekunları Azərbaycanın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Ötən müddətdə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət iqtisadiyyatın davamlı inkişafı üçün zəmin yaratmış, makroiqtisadi tarazlığı təmin etmiş, inflyasiyanın birrəqəmli olmaqla aşağı səviyyədə saxlanılmasına nail olunmuşdur. Avrozonada böhranın davam etdiyi bir şəraitdə Azərbaycanda ÜDM 2,5, qeyri-neft sektoru 6, qeyri-neft sənayesi 6 faiz artmış, ölkəmizin maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz artım əldə edilmiş, məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olmuşdur. Ölkənin xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşmışdır ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.
Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də ötən 9 ayda investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir: ötən dövrdə ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulmuş, bunun 11 milyard manatı daxili investisiyalar olmuşdur. Bu prosesdə artıq yerli sərmayədarların üstünlüyü də qabarıq duyulur. Sərmayələrin təqribən 60 faizinin daxili investisiyalar olması isə ilk növbədə, dövlətin investisiya siyasətinin uğurlu olduğunu göstərir. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət qədər normal göstərici sayıla bilər. Həmin göstərici, eyni zamanda, regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Bütün bunların nəticəsidir ki, Azərbaycan Dünya İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015-ci il” hesabatında öz mövqelərini yaxşılaşdırmışdır. Hesabatın hazırlanmasında statistik məlumatlardan və dünyanın 144 ölkəsində fəaliyyət göstərən iş adamları arasında sorğunun nəticələrindən istifadə olunmuşdur. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşmışdır. Son bir il ərzində Azərbaycan rəqabətqabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralanmasında bir pillə irəliləmişdir. Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında liderliyini qorumuş, ilk dəfə olaraq reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlamışdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2015" hesabatında isə Azərbaycan 189 ölkə arasında 8 pillə irəliləyərək 80-ci yerə yüksəlmiş və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında qərarlaşmışdır. Biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda ölkəmiz ən çox islahat aparan 10 ölkə sırasında 8-ci yerdə mövqe tutmuşdur.
İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın son illər dinamik inkişaf yolunda olması, ilk növbədə, onun dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərində real əksini tapır. İqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni ehtiyaclarının ödənilməsi, ölkənin müdafiəsinin təmini, cəmiyyətin idarə edilməsi məqsədilə milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə əlaqədar pul münasibətlərindən ibarətdir. Dövlət büdcəsi əsas gəlir və xərcləri özündə ehtiva etməklə yanaşı, dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirir.
Azərbaycan Konstitusiyasının 95-ci maddəsini rəhbər tutan Azərbaycan Respublikasının Milli Məclisi hər il dövlət büdcəsi layihəsini müzakirəyə çıxarır. Layihənin müzakirəsi zamanı bir qayda olaraq Milli Məclisin deputatlarının təklifləri, Hesablama Palatasının rəyi nəzərə alınır, bu sahədə şəffaflıq, hesabatlılıq təmin olunur. “Büdcə sistemi haqqında” qanuna, habelə respublikanın 2015-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq hazırlanmış dövlət büdcəsi layihəsi də son illərin dövlət büdcəsinin hüquqi-iqtisadi varisi qismində çıxış edir.
Son 11 il ərzində Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi olaraq dövlət büdcəsi gəlirlərinin illik artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin orta illik artımı 20-30 faiz təşkil etmişdir və bu da regionda ən yüksək göstəricilərdən sayılır. Hazırda respublikamızın 2014-cü ilin dövlət büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edir.
Sosial məsuliyyət prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət büdcəsinin mədaxil və məxaric hissəsini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Bu günlərdə Milli Məclisin müzakirəsinə çıxarılmış “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. “Büdcə sistemi haqqında” qanuna, habelə Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları”na uyğun olaraq hazırlanmış ali maliyyə sənədinin strateji hədəfləri qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılmasıdır.
Layihə dünyadakı və regiondakı iqtisadi inkişaf meyillərinə, artan regional geosiyasi gərginliyin qonşu dövlətlərə, dolayısı ilə ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan mənfi təsirləri qiymətləndirilməklə büdcədə adekvat həcmdə ehtiyatlar yaradılaraq tərtib edilmişdir. Bu zaman büdcə layihəsində sosial məsələlərin, aztəminatlı əhali təbəqəsinə dövlət dəstəyinin ənənəvi olaraq prioritetliyi saxlanılmış, dövlətimizin müdafiə qüdrətinin bundan sonra da möhkəmləndirilməsi, Bakı şəhərində ilk Avropa Oyunlarının keçirilməsi və icrasına başlanılmış dövlət proqramlarının davam etdirilməsi üçün maliyyə təminatının yaradılmasına üstünlük verilmişdir.
2015-ci ilin dövlət büdcəsinin layihəsi deməyə əsas verir ki, qarşıdakı il respublikamızın bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyunkturasından asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2015-ci ildə də qarşıda duran başlıca vəzifələrdəndir. Dövlət büdcəsi layihəsinin təhlili göstərir ki, gələn ilin ali maliyyə sənədində gəlir və xərclərdə artım tempini qoruyub saxlamaq mümkün olacaq. Dövlət başçısının müəyyənləşdirdiyi prioritet istiqamətlərə adekvat olaraq iqtisadi diversifikasiya və qeyri-neft sektorunun dövlət büdcəsindəki payının artırılması əsas hədəflərdəndir.
Dövlət büdcəsinin tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri, xüsusən də neftin qiymətinin azalması nəzərə alınmışdır. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin 1-ci maddəsinə əsasən, dövlət büdcəsinin gəlirləri 19438 milyon manat məbləğində proqnozlaşdırılmışdır. Bu, 2014-cü ilin müvafiq göstəriciləri ilə müqayisədə 1054 milyon manat və ya 5,7 faiz çoxdur. Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 32,5 faiz təşkil edəcəyi gözlənilir və bu da 2014-cü ilə nisbətən 1,1 faiz çoxdur. Dövlət büdcəsinin gəlirləri üzrə 2014-cü illə müqayisədə nəzərdə tutulan əsas artımlar Dövlət Neft Fondundan daxilolmalar üzrə 1051,1 milyon manat, əlavə dəyər vergisi üzrə 247 milyon manat, fiziki şəxslərin gəlir vergisi üzrə 100 milyon manat, aksiz vergisi üzrə 190,5 milyon manat, ölkədə istehsal olunan və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 118 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 100 milyon manat olmaqla proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfert 10388 milyon manat proqnozlaşdırılır və bu da 2014-cü ilin müvafiq göstəricilərindən 1051 milyon manat çoxdur.
Müsbət tendensiyalardan biri də dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının ilbəil artmasıdır. Neft-qaz gəlirlərindən asılılığın azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti son illərdə ümumi daxili məhsulun artımı, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin liberallaşdırılması sahəsində mühüm irəliləyişlərə nail olunmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin fəaliyyətinə geniş imkanların yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişafın təmayülünü qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.
2015-ci ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 115804 milyon manat məbləğində proqnozlaşdırılır və bu da 2014-cü ilin proqnozuna nisbətən 874,4 milyon manat və ya 8,2 faiz çoxdur. Bu, son 2 ildə dövlət büdcəsində qeyri-neft sektorunun təxminən 10 faiz artması deməkdir. Əgər 2013-cü ildə neft sektorunun büdcədəki payı 73,1 faiz təşkil edirdisə, 2014-cü ildə bu rəqəmin 66, 2015-ci ildə isə 65,3 faiz təşkil edəcəyi proqnozlaşdırılır. “Büdcə zərfi”nin məlumatlarına əsasən, cari ilin proqnoz göstəricilərinə nisbətən növbəti ildə dövlət büdcəsinin vergi gəlirlərinin 2,3, qeyri-vergi gəlirlərinin isə 8,2 faiz çox olması proqnozlaşdırılır.
Qeyri-neft sektorundan vergi daxilolmalarının artması “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xidmət edir. Gəlirlərin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7,112 milyard manat, (2014-cü ilin gözlənilən göstəriciləri ilə müqayisədə 0,1 faizlik artım), Dövlət Gömrük Komitəsi xətti ilə 1,59 milyard manat (5,3 faiz artım), dövlət əmlakının icarəsi üzrə 7 milyon manat (40 faiz artım), büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 300 milyon manat, digər gəlirlər üzrə 41 milyon manat təşkil edəcəyi gözlənilir.
2015-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2,8 faiz təşkil edəcəyi gözlənilir. Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti bu ilki qiymətlə müqayisədə 10 faiz az, yəni, 90 dollar nəzərdə tutulmuşdur. Gələn il neftin dünya bazarında qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, büdcənin 53,4 faizi Neft Fondu, 35 faizə yaxını isə qeyri-neft sektoru hesabına formalaşacaq. Neftin qiymətlərinin aşağı düşəcəyi təqdirdə belə, dövlət büdcəsinin cəmi 13 faizə yaxın xərclərinin formalaşmasında hansısa ciddi problemin yaranması mümkün deyil. Odur ki, neftin qiymətinin büdcədə reallığa nəzərən qeyri-adekvat götürülməsi ilə bağlı səslənən fikirlər o qədər də ciddi görünmür. Ən başlıcası, ölkədə təmin edilmiş maliyyə dayanıqlığı və mənfi meyilli risklərin zərərsizləşdirilməsi üçün mənbələrin mövcud olması pessimist proqnozların baş verəcəyi halda bu vəziyyətin respublika iqtisadiyyatına təsirsizliyini təmin edəcək. Ekspertlərin fikrincə, neftin qiymətinin ucuzlaşması müvəqqəti haldır, dünyada nə qədər yeni neft yataqları tapılsa da, neft resursları azalmağa doğru gedir. Bununla yanaşı, neft istehsalı ildən-ilə çətinləşir, maya dəyəri artır. Nəhayət, əgər 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması tendensiyası davam edərsə, büdcənin müdafiə olunmayan xərcləri azaldıla bilər. “Büdcə sistemi” haqqında qanuna əsasən, büdcə gəlirlərinin formalaşmasında çətinlik olarsa, müdafiə olunan (əməkhaqqı, pensiya xərcləri, sosial müavinətlər və s.) xərclər istisna olmaqla digər xərclər azaldıla bilər.
Ümumiyyətlə, 2015-ci ilin dövlət büdcəsini əvvəlki illərin analoji ali maliyyə sənədlərindən fərqləndirən əsas cəhətlərdən biri dövlət büdcəsinin vergi gəlirlərinin mənbələrinin ünvanlılığının və şəffaflığının artırılması, yerli gəlirlərin yığım səviyyəsinin genişləndirilməsidir. 2015-ci ildə ilk dəfə olaraq yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsaitin yuxarı həddi yerli xərcləri təmin etmədikdə həmin şəhər və rayonlara, onların xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmuşdur.
Gələn ilin dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyil. Son illər ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləmişdir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan vermişdir.
Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olmuş vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.
Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə imkan verən, bu sahədəki ənənəvi yanaşma və metodları daha da təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması, habelə bu sahədə mövcud beynəlxalq konvensiyaların ratifikasiyası da mühüm əhəmiyyətə malikdir. 2015-ci ildə sosial xərclər üçün dövlət büdcəsində 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılır və bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur. Sosialyönümlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əməkhaqlarına, 1 milyard 845 milyon manatının təqaüd və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınmasına yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə 24,7 milyon manat, əməkhaqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur.
“2015-ci il üçün yaşayış minimumu haqqında” və “2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri də dövlətimizin sosialyönümlü büdcəsini əks etdirir. 2015-ci ildə yaşayış minimumu ölkə üzrə 131 əmək qabiliyyətli əhali üçün 140 pensiyaçılar və uşaqlar üçün 108 manat olacaq. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulmuşdur. Müqayisə üçün bildirək ki, yaşayış minimumu 2010-cu ildə 87, 2011-ci ildə 102, 2012-ci ildə 108, 2013-cü ildə 116, 2014-cü ildə isə 125 manat təşkil etmişdir.
Son illər respublikamızda ehtiyac meyarının həddinin də davamlı olaraq artımı baş vermişdir. Orta məbləğ 2010-cu ildə 65, 2011-ci ildə 75, 2012-ci ildə 84, 2013-cü ildə 93, 2014-cü ildə 100 manata çatmış, ümumilikdə son 10 ildə 21 dəfə artmışdır. Qeyd olunan sosial indekslərlə bərabər, minimum əməkhaqqının məbləğində də əhəmiyyətli dərəcədə artım baş vermişdir. On ildə minimum əməkhaqqı 5,5 manatdan 105 manatadək artmış, pensiyaların orta aylıq məbləği 5,7 dəfəyədək yüksəlmişdir.
Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri də bu sahədə inkişaf indekslərinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin genişləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlmiş sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.
2015-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 2 milyard 40,5 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2015-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1 milyard 100 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən əmək pensiyalarının maliyyələşdirilməsinə, 548,4 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 224,5 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Sosialyönümlü siyasətin tərkib hissəsi olaraq gələn il sosial ipoteka kreditinin məbləğinin də 25 faiz artırılaraq 50 milyon manata çatdırılması gözlənilir. Faktiki olaraq vətəndaşlar 2015-ci ilin dövlət büdcəsi hesabına 50 milyon manatlıq sosial ipoteka kreditlərindən, İpoteka Fondunun iqtisadi istiqrazlarının yerləşdirilməsi hesabına təxminən 80 milyon manatdan əlavə kreditlərdən, respublika banklarının 90 milyon manata yaxın kommersiya ipotekalarından faydalanma imkanlarına malik olacaqlar. 2015-ci ildə ipoteka proqramı çərçivəsində dövlət büdcəsi və digər mənbələrlə birlikdə 250 milyon manata yaxın vəsaitin vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılması gözlənilir.
Sosialyönümlü xərclər sırasında təhsilə ayrılan xərclərin dinamik artımı da Prezident İlham Əliyevin neft gəlirlərinin insan kapitalına çevrilməsi ilə bağlı irəli sürdüyü konsepsiyanın mahiyyətindən irəli gəlir. Təhsilin bütün sahələr üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamaq imkanı yaratmışdır. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açmışdır. “Azərbaycan Respublikasının təhsil islahat proqramı” və “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazasının gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 243 milyon manat təşkil edən təhsil xərcləri 2013-cü ildə 1,5 milyard manata yüksəlmişdir. İnvestisiya xərcləri isə 5 milyon manatdan 420,9 manata çatmışdır. 2014-cü ilin dövlət büdcəsindən isə təhsil xərclərinə 1 milyard 653,4 milyon manat vəsait ayrılmışdır və bu da 2013-cü ilə nisbətən 123 milyon manat və ya 8 faiz çoxdur.
2015-ci ilin dövlət büdcəsində isə təhsil üçün 1711,2 milyon manat olmaqla 2013-cü ilin göstəricisinə nisbətən 273,5 milyon manat və ya 19 faiz, 2014-cü ilin dövlət büdcəsinə nisbətən 57,7 milyon manat və ya 3,5 faiz çox vəsait proqnozlaşdırılmışdır. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 8,1 faiz təşkil edəcək.
Təhsil üçün ayrılan vəsaitlərin ilbəil artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Qısa müddətdə 16 belə inkişafyönümlü proqramın icrası təmin edilmişdir və ya hazırda icra olunur. Həyata keçirilən tədbirlər sırasında təhsilin məzmununun yeniləşdirilməsi, yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet təşkil edir.
Büdcə zərfində diqqətçəkən mühüm məqamlardan biri də investisiya xərclərinin prioritetliyinin qorunub saxlanılmasıdır. Gələn ilin dövlət büdcəsi xərclərinin strukturunda ilk yeri ənənəvi olaraq dövlət əsaslı vəsait qoyuluşları tutur. 2015-ci ildə dövlət əsaslı kapital qoyuluşlarının məbləğinin 2014-cü illə müqayisədə 670 milyon manat çox olacağı proqnozlaşdırılır. Dövlət əsaslı vəsait qoyuluşunun strukturunda sosialyönümlü layihələr üzrə 44,1, infrastruktur layihələri üzrə 0,3 faiz artım gözlənilir.
Bu təsnifat üzrə dövlət büdcəsindən ayırmaların yüksək templə artması, ilk növbədə, hökumətin ictimai həyatın bütün sahələrində modernləşməyə nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən miras qalmış infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda davamlı və sabit inkişafa nail olmağın, sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat keyfiyyətini yüksəltməyin qeyri-mümkünlüyü yaxşı məlumdur. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Dövlət vəsaitləri hesabına kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması və s. təmin ediləcək. Eyni zamanda, bu vəsaitin müəyyən hissəsi əvvəlki illərdən başlanmış və ölkənin ümumi inkişafı baxımından mühüm əhəmiyyətə malik layihələrin icrasına yönəldiləcək. İnfrastruktur layihələrinin reallaşdırılması həm də çoxlu sayda yeni iş yerlərinin açılması deməkdir.
Gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin də əhəmiyyətli çəkiyə malik olması ölkənin müharibə şəraitində yaşaması, ərazisinin 20 faizdən çoxunun hələ də işğal altında olması ilə şərtlənir. Xatırlatmaq lazımdır ki, Azərbaycan Ordusunun büdcəsi 2003-cü ildə cəmi 150 milyon ABŞ dolları idisə, gələn il hərbi xərclərə 1 778,5 milyon manat yönəldilməsi planlaşdırılır. Bu gün müstəqil Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş hazırlığı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun dinamik inkişaf meyillərini şərtləndirən başlıca amillərdən biri də məhz ölkənin uğurlu daxili və xarici siyasəti, eyni zamanda dünyada artan nüfuzudur. Müstəqil respublikamızın son illər sosial-iqtisadi sahədə mühüm uğurlara imza atması, büdcə vəsaitlərinin ilbəil yüksək tepmlə çoxalması ölkə rəhbərliyinə ordu quruculuğu sahəsində daha sistemli və ardıcıl tədbirlər həyata keçirməyə imkan vermişdir. Daha dəqiqi, dövlət büdcəsinin gəlirlərinə adekvat olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ayrılan vəsaitlər də artırılır. Bütün bunlar isə ordu hissələrinin müasir texnika, silah-sursat, əşya və qida təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, eyni zamanda, gənc əsgər və zabitlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə imkan yaratmışdır.
Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri də onun büdcəsidir. İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Bu baxımdan əminliklə demək olar ki, 2015-ci ildə də hökumət uğurlu fəaliyyətini davam etdirəcək, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyəcək.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.