TOVUZ: Qış qapını alsa da...

Tovuzun hərdən sərt qışı olur. Elə ki, dağlar ağ örpəyə büründü rayonun kənd və qəsəbələri də əsl qışın nə olduğunu hiss edir. Ona görə  də hələ yay aylarından başlayaraq qışa hazırlıq gedir, tədarük görülür. Rayon icra hakimiyyəti bu vacib məsələni daim ciddi nəzarətdə saxlayır.

Rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi xüsusi komissiya bununla əlaqədar yoxlamalar təşkil edir, vəziyyəti öyrənir, operativ tədbirlər görür. Məsələn, bu yaxınlarda rayonun şəhərdən sonra ən böyük yaşayış sahəsi olan Qovlar qəsəbəsində qışa hazırlığın vəziyyəti yoxlanılarkən məlum oldu ki,  2 saylı tam orta məktəbdə istilik sisteminin işə salınması ilə əlaqədar heç bir tədbir görülməmişdir. Eyni vəziyyət qəsəbənin 3 saylı orta məktəbində də aşkar edilmişdir. Yaxud Qovlar şəhər 7 illik uşaq musiqi məktəbində kombi sistemi var, lakin işləmi. Digər yerlərdə də qışa hazırlıqla bağlı çatışmazlıqların olduğu aşkarlandı və məsələ rayon icra hakimiyyəti başçısının 31 oktyabr tarixli geniş şura iclasında ciddi müzakirə olundu, ayrı-ayrı təşkilat rəhbərləri qarşısında konkret vəzifələr qoyuldu, icra müddətləri müəyyənləşdirildi.

Qeyd etmək lazımdır ki, bu işlərin lazımi səviyyədə qurulması müəssisə rəhbərindən çox asılıdır. Rizvan Qəmbərov cəmi bir ildir ki, Tovuzdakı Dövlət Sosial-İqtisadi Kollecinə rəhbərlik edir. Əvvələr burada nə tələbələr, nə müəllimlər üçün ən adi şərait belə yox idi. Sanitariya qovşaqları işləmirdi, binanın həm fasad, həm də içərisi pis vəziyyətdə idi. İstilik sistemindən söhbət gedə bilməzdi. Kim bir-iki il qabaq o kolleci görübsə, indi gedib baxsın. Adam gözlərinə inana bilmir ki cəmi bir ildə bu qədər iş görmək mümkündür. Sinif otaqlarında hər cür şərait var, “kombi” tipli istilik sistemi quraşdırılıb,dəhlizlər,otaqlar,fənn kabinetləri istidir. Həyət-bacadakı səliqə-səhman ilk baxışdan diqqəti cəlb edir. Hiss olunur ki,müasir bir təhsil ocağındasan.

Rayonun səhiyyə müəssisələrində də qışa ciddi hazırlaşıblar. Lakin burada da müəyyən problemlər var. İnsafla demək lazımdır ki, mərkəzi rayon xəstəxanasının baş həkimi  Paşa Muradovun təşkilatçılığı, işə can yandırmasının nəticəsində xəstəxanalarda və tibb məntəqələrində vəziyyət əvvəlki illərlə müqayisədə kökündən dəyişib. Baş həkim özü bu barədə söhbət düşərkən dedi:

– Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bizə daim dəstək olub, kömək göstərib. Səhiyyə Nazirliyi də ehtiyaclarımızı ödəyir, çox razıyıq.  Rayonda 9 xəstəxana, 26 həkim məntəqəsi və 19 tibb məntəqəsi fəaliyyət göstərir. Tovuz şəhər xəstəxanasının həm köhnə, həm də təzə binası istilik sistemi ilə təchiz edilib, problem yoxdur. Qovlar şəhər xəstəxanası da istilik alır. Yerdə qalan digər xəstəxana və məntəqələr duru yanacaqdan istifadə etməklə qızdırılır. Nəzərdə tutulan 72 tondan çox duru yanacağı tibb müəssisələrinə paylamışıq. Bundan başqa, bu ilin ötən dövrü ərzində xəstəxanalar 16 min manatlığa yaxın isti yataq ləvazimatı və 41 min manatlıqdan çox müxtəlif təsərrüfat inventarları ilə təmin edilmiş və bu iş ilin sonuna kimi davam etdiriləcəkdir.

Qış aylarında şəhər kommunal müəssisələri kombinatı işçilərinin qayğıları bir qədər də artır. Biz bunu kombinatın direktoru Hüsaməddin Mirzəyevlə söhbət zamanı bir daha hiss etdik. Qışa hazırlıqla bağlı görülən işlərdən danışan H.Mirzəyev dedi ki, həm texnika sarıdan, həm də digər lazımi materiallardan elə bir çətinliyimiz qalmır. Vaxtında öz tədarükümüzü görmüşük. Ehtiyat maşınlarımız da var. Şəhərin park və xiyabanlarını təmiz,abad saxlamaq üçün əlimizdən gələni edirik. Yaşıllığa ciddi fikir veririk, küçələrin daim təmiz saxlanması üçün bütün imkanları işə salmışıq. Məişət tullantıları üçün çox geniş bir sahə hazırlamışıq. Yaxın aylarda tullantılar oraya daşınacaqdır. Rayon rəhbərliyi daim işimizə nəzarət etməklə yanaşı, bizə kömək də göstərir. Tofiq müəllim nə qədər qayğıkeşdirsə, bir o qədər də tələbkardır.

Yeri gəlmişkən, kombinat direktoru ilə görüşümüzdən əvvəl şəhəri gəzmişdik. Maraqlı, həm də diqqətçəkən məqam bu idi ki, yol kənarlarında, parklarda yerdə nəinki məişət tullantısı, hətta saralıb yerə düşmüş bir yarpaq belə görmədik. Amma əvəzində  xüsusi geyim formasında olan qadınlar addımbaşı qarşımıza çıxırdılar. Təbii ki,  bu cür nəzarət və intizam olan yerdə təmizlik də olacaq.

Təhsil müəssisələrinin də qızdırılmasında müəyyən problemlər qalsa da, bütövlükdə vəziyyət qənaətbəxşdir. Əlbəttə,  böyük bir rayonun 86 ümumtəhsil məktəbindən yalnız 20 faizində mərkəzləşdirilmiş istilik sistemi varsa, artıq bu, özlüyündə bir problemdir. Məktəblərin 60 faizindən çoxu hələ də odun sobaları ilə işləyir. Bu məqsədlə cari mövsüm üçün məktəblər arasında 306 kubmetr odun bölünmüşdür. Bir məsələni qeyd etmək lazımdır ki, Tovuzun bir sıra kəndlərinə indiyədək təbii qazın verilməməsi, bir tərəfdən meşələrin qırılmasına səbəb olur, digər tərəfdən əhali əziyyət çəkir, məktəblər, uşaq bağçaları  lazımi istilik ala bilmir. Təbii ki, əlaqədar nazirlik, şirkət müvafiq tədbirlər görürlər və biz əminik ki, tezliklə qonşu Qazax rayonunda olduğu kimi, Tovuzda da təbii qaz almayan kənd qalmayacaq. Hazırda rayon qaz istismar sahəsinin xidmət ərazilərində smartkart sayğacları ilə təchiz olunmuş  təbii qaz alan abonentlərin sayı 29  min 967 nəfərdir. Özü də Tovuzda təbii qaz üzrə ödənişlərin həyata keçilməsi işi çox yaxşı təşkil edilib. Bu məsələ də daim icra hakimiyyətinin diqqət mərkəzindədir. Ötən aylarda ödəniş əhali sektoru üzrə 102, qeyri-əhali sektoru üzrə isə 104 faiz təşkil etmişdir.

Rayondakı yaşayış məntəqələrinin heç də hamısında təbii qazın olmaması  elektrik  enerjisi ilə fasiləsiz təminata bəzən problemlər yarada bilir. Ona görə də artıq bir sıra kəndlərdə, o cümlədən Kirən, Alakol, Böyük Qışlaq, Çatax, Şamlıq və digər kəndlərdə elekrik verilişi xətlərində əsaslı təmir işləri aparılmış, köhnə istismara yararsız naqillər daha etibarlıları ilə əvəz edilmişdir.

Rayon icra hakimiyyətində bu işlə az qala hamı məşğuldur.  Əhalinin və təşkilatların, məktəb, səhiyyə ocaqlarının qış aylarında istiliklə təmin olunması çox vacib və məsuliyyətli işdir. Bu, həm də adamların əhval-ruhiyyəsinə, gündəlik həyat tərzinə bilavasitə təsir edən məsələdir. Yaxşı ki, Tovuzda əlaqədar təşkilatlar bunu bir an belə yaddan çıxarmır.

 

Hamlet QASIMOV,

“Xalq qəzetı”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında