İçməli su təchizatı sistemi yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti   regionların  sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində tədbirləri  davam etdirir.

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan  şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir.

Xatırladaq ki, “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədərki perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 25 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanmışdır.  Bu layihə çərçivəsində  rayonun Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinin 5200, həmçinin bu ərazidə məskunlaşmış 800-dən artıq məcburi köçkünün içməli su problemi də öz həllini tapacaqdır.

Təməli 2012-ci ilin oktyabrın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulmuş layihəyə uyğun olaraq Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək məqsədilə Əlinəzərli kəndi yaxınlığında beş ədəd subartezian quyusu qazılmış və buradan şəhərə 8,6 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan iki ədəd anbar, nasos stansiyası tikilmişdir. Ümumi uzunluğu 91 kilometr olan şəhərdaxili su şəbəkəsinin 81 kilometrlik hissəsi çəkilmiş, 4791 ünvan şəbəkəyə qoşulmuşdur. Artıq yeni şəbəkə ilə istehlakçılara içməli suyun verilməsinə başlanılmışdır.

Hazırda içməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə “smart-kart” tipli sayğacların quraşdırılması davam etdirilir və indiyə qədər 5200-dən çox abunəçinin iki minə yaxını  sayğacla təmin olunmuşdur. Yanğın təhlükəsizliyini təmin etmək üçün 321 yanğın hidrantı quraşdırılmışdır. 

Layihə çərçivəsində Beyləqan şəhərinin kanalizasiya sistemləri də yenidən qurulur. İndiyədək 89,9 kilometr  uzunluğunda kanalizasiya  xətlərinin 83 kilometrlik hissəsi inşa edilmiş, iki mindən çox baxış quyusu tikilmişdir. Layihənin növbəti mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcəkdir. Gələcəkdə Beyləqan şəhərinin tullantı suları bu qurğuda təmizlənərək zərərsizləşdiriləcəkdir.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında