Bu gün iqtisadiyyatın dinamik inkişafı, görünməmiş yüksəliş, tərəqqi Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Ölkəmizdə qanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması son illərdə iqtisadiyyatda inkişaf bumuna səbəb olmuşdur. Azərbaycan iqtisadiyyatı artım tempinə görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlamış, həmçinin MDB-də ilk yeri tutmuşdur. Bundan başqa, iqtisadi artımı şərtləndirən amillərin də diversiyası nəzərə çarpmışdır. Belə ki, əgər 2003-2008-ci illərdəki artıma səbəb neft sektorunda baş verən intensiv hasilat idisə, 2008-2014-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynamış və 2010-cu ildən etibarən neft sektorundakı azalmaya baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qoruya bilmişdir.
Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edilmişdir ki, hesabat dövründə inflyasiya çox aşağı səviyyədə - cəmi 1,5 faiz olmuş, əhalinin pul gəlirləri 5,4 faiz artmış, iqtisadiyyata 19 milyard dollar investisiya qoyulmuşdur.
Azərbaycanın hazırda kifayət qədər valyuta ehtiyatı var. Bu ilin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artmışdır. Bütövlükdə ölkənin 53 milyard dollardan çox valyuta ehtiyatları var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatları isə dünya miqyasında ən yüksək səviyyədədir.
Sadalanan uğurlar onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində bu cür dinamika yoxdur. Belə inkişafın əsasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcədə məhsuldar fəaliyyət durur. Hazırda Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.
Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi uğurları nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri əksini tapmışdır.
“Dünya Rəqabətlilik Hesabatı, 2013-2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. Xatırladaq ki, 2012-2013-cü illər hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012-ci illər hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Bu gün dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.
Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.
Prezident İlham Əliyevin dövlətimizin hərtərəfli inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına yönəldilmiş sosial-iqtisadi inkişaf kursu rəhbər tutulmaqla hazırlanmış 2015-ci il dövlət və icmal büdcələrinin layihəsində də sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi diqqət mərkəzində saxlanılmışdır. Milli Məclisdə keçirilən müzakirələrdə diqqətə çatdırılmışdır ki, gələn il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi həcmində proqnozlaşdırılır. Mütləq ifadədə gəlirlər 19 milyard 438 milyon nəzərdə tutulur. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma təmin edilməlidir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə
1 milyard 590 milyon manat gəlir proqnozlaşdırılır. Gələn il dövlət büdcəsi gəlirlərinin 6 milyard 750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfer isə 10 milyard 388 milyon manat nəzərdə tutulmuşdur.
2015-ci il dövlət büdcəsinin mütləq ifadədə xərcləri 21 milyard 100 milyon manat olacaq. Bu, cari illə müqayisədə 5,2 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 51,9 faizi və ya 10 milyard 958 milyon manatını cari, 9 milyard 363 milyon manatını isə əsaslı xərclər təşkil edəcək. Müvafiq olaraq cari illə müqayisədə 2015-ci ildə dövlət büdcəsi xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 2,4 faiz artmış, cari xərclərin xüsusi çəkisi 2,2 azalmışdır. 2015-ci ildə dövlət büdcəsi xərclərinin 10 milyard 39 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsi üçün nəzərdə tutulmuşdur.
Son illərdə yaradılmış güclü iqtisadi potensiala əsaslanaraq, ölkəmizdə 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gələn il 8,2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40,6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71,3 faizə çatacaq.
2015-ci ildə investisiya qoyuluşlarının
5 faiz artaraq 19,8 milyard manat, növbəti
3 ildə isə 59,6 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5,4 milyard manat olmaqla növbəti 3 ildə 15,5 milyard manat təşkil edəcəyi gözlənilir. Gələn il neft sektoruna 5,8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır.
Ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə 2015-ci ildə mühüm önəm veriləcəkdir. Gələn il sosial sahələrə investisiya xərcləri də nəzərə alınmaqla büdcə xərclərində vəsait artımla nəzərdə tutulmuş və bu, əsasən təhsil (3,5 faiz), səhiyyə (7,2 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər (11,7 faiz) üzrə artım hesabına gözlənilir.
Sonda diqqəti bir məqama da yönəltmək istərdik. Ortamüddətli proqnozlara görə, gələn il iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində gözlənilir. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə
7,8 faiz səviyyəsində gözlənilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.