Azərbaycan makroiqtisadi inkişaf səviyyəsinə görə dünyada ilk onluğa daxildir

Dünya İqtisadi Forumunun son Qlobal Rəqabətlilik Hesabatına görə, Azərbaycan 144 dövlət arasında 38-ci yeri tutaraq MDB məkanında ən yüksək nəticəyə nail olub. 7 mümkün xaldan 4,53 xal toplayan Azərbaycan keçənilki göstərici ilə müqayisədə bir pillə irəliləyib.

Azərbaycanın bu indeksə görə MDB ölkələri arasında yenə də birincı yeri tutması sevindirici hal olmaqla yanaşı, eyni zamanda, ölkəmizin artan iqtisadi gücünü göstərir. Hesabatdan görünür ki, MDB ölkələri arasında Azərbaycana ən yaxın olan ölkəni – Qazaxıstanı  bizdən 12 bal ayırır. Qazaxıstan 50-ci yerlə ilk əlliliyə daxil olan ikinci dövlətdir. Ermənistan isə 85-ci yerlə hesabatın sonlarında gəlir.

Hesabatın metodologiyasına əsasən, ölkələr üzrə rəqabətqabiliyyətlilik indeksi 3 əsas kateqoriya üzrə aparılır. Birinci kateqoriya üzrə hər bir ölkədə fəaliyyət göstərən institutların vəziyyəti, infrastruktur, makroiqtisadi mühit, orta təhsil və səhiyyə üzrə qiymətləndirmələr aparılır. Qeyd edim ki, son hesabatda Azərbaycan makroiqtisadi mühitə görə dünya ölkələri arasında 9-cu sıradadır. Praktik olaraq bu, Azərbaycanın makroiqtisadi mühit səviyyəsinə görə, dünyada ilk onluğa daxil olduğundan xəbər verir. Makroiqtisadi mühitin belə yaxşılaşması ölkəmizdə aparılan son makroiqtisadi islahatlarla, o cümlədən elektron hökumətin elementlərinin tətbiq edilməsi ilə bağlıdır. Prosedurların elektronlaşdırılması iqtisadi idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, eyni zamanda, ölkədə şəffaflığın genişlənməsinə gətirib çıxarmışdır. Səhiyyə kateqoriyasına daxil edilən indikatorların əksəriyyəti üzrə də Azərbaycan ilk onluğa daxil ola bilmişdir.

Qiymətləndirmədə ikinci qrup indikatorlar səmərəlilik üzrə təsnifləşdirilmişdir. Bu qrup üzrə ali təhsilin keyfiyyəti daxil olmaqla bazarın ölçüsü, maliyyə bazarının inkişafı kimi indikatorlardan istifadə edilir. Bu qrup üzrə də Azərbaycanın mövqeyində böyük irəliləyişlər müşahidə edilir. Sonuncu qrup isə innovasiya səviyyəsinin qiymətləndirilməsidir. Ölkəmizin bu sahədəki mövqeyi də çox yüksəkdir.

Hesabatın təhlili göstərir ki, Azəbaycan bir sıra indikatorlar üzrə dünyada ilk yerlərdən birini tutur.  Məsələn, biznesə başlamaq indikatoruna görə Azərbaycan dünyanın bütün ölkələri üzrə ilk onluğa daxildir. İnflyasiya səviyyəsinə görə, Azərbaycan dünyada liderdir və başqa bütün ölkələri qabaqlayır. Rezervlərin Ümumi Daxili Məhsuldakı payına görə, Azərbaycan dünyada 9-cu yerdədir. Bu isə məhz Azərbaycan iqtisadiyyatında artıq sığorta yastığının formalaşdırıldığından və ölkəmizdə dayanıqlı inkişafın təmin olunduğundan xəbər verir.

Digər tərəfdən, xarici borcun ÜDM-də payına görə ölkəmiz dünyada 12-cidir. Azərbaycan  bu kateqoriya üzrə nəinki inkişaf etməkdə olan ölkələri, hətta əksər inkişaf etmiş ölkələri də geridə qoymuşdur. Deməli, bir tərəfdən ölkəmizin  valyuta ehtiyatları artır, digər tərəfdən isə xarici borcun ÜDM-də payı minimuma enir. Bu isə o deməkdir ki, Azərbaycan gələcəkdə baş verə biləcək hər hansı qlobal böhranın təsirindən indidən sığortalanıb. Qeyd edək ki, xarici borcun ölkəmizin ÜDM-də payı cəmi 8 faizdir. Digər əhəmiyyətli məqam dövlət gəlirlərinin ÜDM-də payına görə ölkəmizin ilk on beşliyə daxil olmasıdır. Bu isə ölkənin gəlirlərinin stabil və daimi artdığından xəbər verir.

Beynəlxalq qiymətləndirmə göstərir ki, ölkəmizdə son illər ciddi instutisional inkişaf qeydə alınmışdır. Belə ki, Azərbaycan biznes xərcinə görə dünyada ən yaxşı onluğa daxil ola bilib. İnvestorların hüquqlarının müdafiəsi sahəsində biz bir sıra inkişaf etmiş ölkələri geridə qoyaraq dünya dövlətləri arasında  22-ci yerə yüksələ bilmişik.

Sənəddən aydın görünür ki, Azərbaycan son illər gender iqtisadiyyatında da ciddi uğurlara imza ata bilmişdir. Belə ki, ölkəmiz işçi qüvvəsində qadınların xüsusi çəkisinə görə dünya ölkələri arasında ilk iyirmiliyə daxil ola bilmişdir. Bu isə müstəqilliyini 23 il əvvəl bərpa edən, əhalisinin böyük əksəriyyəti müsəlman olan dövlət üçün kifayət qədər böyük uğurdur.

Hesabatda əhəmiyytli məqamlardan biri Azərbaycanda məhsuldarlıq səviyyəsinin yüksək olmasıdır. Belə ki, dünyanın əksər ölkələrinin bu sahədəki ciddi rəqabətinə baxmayaraq, Azərbaycan bu kateqoriya üzrə ilk 35-liyə daxil olub. Azərbaycan bu kateqoriya üzrə dünya ölkələri arasında 34-cü yerdədir. İxtisaslı kadrların cəlb edilməsi imkanlarına görə də hesabatda 34-cü yerdə qərarlaşmışıq. Bu da region ölkələri arasında ən yaxşı, dünya ölkələri arasında isə ən yaxşılarından olduğumuzu göstərir.

Hesabat hazırlanan zaman iş adamları arasında 100 sualdan ibarət sorğu keçirildiyini və Dünya İqtisadi Forumunun müxtəlif mənbələrə, məsələn, beynəlxalq təşkilatların hesabatlarına istinad etdiyini nəzərə alsaq sənədin ciddiliyini qiymətləndirmək çətin olmaz. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq hesabatlarda liderliyini qoruyub saxlayır və gələcəkdə də ölkəmizin liderlik mövqeyi dəyişməyəcək.

Vüqar BAYRAMOV,

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında