Prezident İlham Əliyev: Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır “Sənaye ili”nin üfüqləri

Bu ilin əvvəlindən ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurlarımız daha da artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir.

Dövlət Statistika Komitəsinin 2014-cü ilin yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, ötən doqquz ayda Azərbaycanda 44,1 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) 44,3 faizi sənaye sahələrinin, 11,9 faizi inşaat kompleksinin, 5,4 faizi kənd təsərrüfatının, 9,8 faizi ticarət və pullu xidmət sahələrinin, 4,7 faizi nəqliyyatın, 1,7 faizi rabitənin, 15 faizi isə digər sahələrin payına düşmüşdür. ÜDM-in strukturunda məhsula və idxala görə ödənilmiş xalis vergilərin payı 7,2 faiz təşkil etmişdir.

Hesabat dövründə ölkənin qeyri-neft sektorunda 25 milyard 554,5 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz çoxdur. Bu sahədə əldə olunmuş əhəmiyyətli artım, heç şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. 2014-cü ilin doqquz ayında ölkədə adambaşına düşən ÜDM-in həcmi 4696,3 manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artım deməkdir. Göründüyü kimi, dünyanın əksər ölkələrinin maliyyə böhranından tam qurtula bilmədikləri bir şəraitdə Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası cari ilin ötən dövründə də davam etmişdir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: “Doqquz ayın iqtisadi göstəriciləri çox müsbətdir. İqtisadiyyatımız inkişaf edir, artır. Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır”.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün ölkədə rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrası davam etdirilmiş, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Bir sözlə, bu sahədə mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 25 milyard 244,6 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bütövlükdə isə, son yeddi ildə ölkədə sənaye istehsalının real həcmi təqribən üç dəfə artmışdır. Bu da heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir. Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma, 22,3 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində yaradılmışdır.

Ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə 20 il əvvəl bağlanmış “Əsrin müqaviləsi” və digər sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Yeri gəlmişkən, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır.

2014-cü ilin doqquz ayında Azərbaycanda 32 milyon 147 min ton xam neft və kondensat istehsal olunmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz azdır. Buna baxmayaraq, hesabat dövründə ölkə üzrə təbii qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 22 milyard 613,7 milyon kubmetrə çatmışdır. Hasil olunmuş “mavi yanacağın” 13 milyard 845,1 milyon kubmetrini əmtəəlik qaz təşkil etmişdir.

Hesabat dövründə neft sənayesindən fərqli olaraq ölkənin qeyri-neft sənayesində əhəmiyyətli inkişaf baş vermişdir. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır. 2014-cü ilin doqquz ayında ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 80,7 faizi özəl bölmənin payına düşmüş, ümumi istehsalın 93,2 faizi sənaye mallarının, 6,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Məhz bunun nəticəsidir ki, cari ilin doqquz ayında ölkəmizdə qeyri-neft sənayesi üzrə 5 milyard 243,7 milyon manat dəyərində məhsul istehsal olunmuş, bu sahədə artım əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 6 faiz üstələmişdir.

Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, yanvar-sentyabr aylarında mədənçıxarma və ya hasilat sənayesində 18,1 milyard manatlıq məhsul istehsal olunmuşdur. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azdır. Sahənin əsas məhsulu olan xam neftin hasilatı (qaz kondensatı daxil olmaqla) 32 milyon 147 min ton, əmtəəlik təbii qazın istehsalı isə 13 milyard 845,1 milyon kubmetr təşkil etməklə 5,9 faiz artmışdır. Bundan əlavə, ötən doqquz ayda mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən 1 milyon 79,6 min ton tikinti qumu, 317,8 min ton inşaat üçün əhəng daşı, 23,4 ton duz, 1345,5 kiloqram qızıl, 217,2 kiloqram gümüş və s. istehsal edilmişdir.

Ölkə sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 5,6 milyard manatlıq (ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,5 faiz çox) məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın daha çox hissəsi qida məhsullarının və içkilərin payına düşmüşdür. Belə ki, ilin doqquz ayı ərzində mühüm növ qida məhsullarından sayılan ət, süd və süd məhsulları, kərə yağı, həmçinin marqarin, qənd, çörək və çörək-bulka məmulatları, eləcə də üzüm şərabı, alkoqolsuz içkilərin və tütün məmulatlarının istehsalı xeyli artmışdır. Bütövlükdə isə yanvar-sentyabr aylarında ölkə üzrə qida məhsullarının, içkilərin və tütün məmulatlarının istehsalında müvafiq olaraq 2,3 faiz, 9,2 faiz və 85,3 faiz artım qeydə alınmışdır.

Emal bölməsinin toxuculuq, tikiş, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən ötən dövr ərzində 62,2 milyon manatlıq məhsul buraxılmışdır. Ötən doqquz ayda sahənin əsas mallarından sayılan pambıq lifi, hazır pambıq parçalar və pambıq yataq ağları istisna olmaqla digər malların istehsalında azalma müşahidə edilmişdir.

Emal sənayenin ikinci böyük xüsusi çəkiyə malik olan neft məhsullarının istehsalı sahəsində ötən ilin eyni dövrü ilə müqayisədə bir qədər azalma baş vermiş, məhsul buraxılışının həcmi 1 milyard 962,7 milyon manat təşkil etmişdir. Hesabat dövründə ölkəmizin neft məhsullarının istehsalı müəssisələri tərəfindən 911,7 min ton avtomobil benzini, 525,1 min ton ağ neft, 1 milyon 746,5 min ton dizel yanacağı, 189,2 min ton neft bitumu və 40,5 min ton sürtkü yağları istehsal olunmuşdur.

Adıçəkilən bölmənin kimya sənayesində, rezin və plastmas məmulatlarının, həmçinin əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr isə ötən doqquz ayda 250,3 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Əsas kimya məhsullarından propilen və polietilen, rezin və plastmas məmulatlarından isə rezin lövhələr, təbəqələr və zolaqlar, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar və şlanqların istehsalı xeyli artmışdır.

2014-cü ilin doqquz ayında tikinti materialları sənayesində məhsul istehsalı 19,4 faiz artaraq 328,5 milyon manat təşkil etmişdir. Hesabat dövründə müəssisələr tərəfindən 2 milyon 156,2 ton sement, 143,1 min ton tikinti gipsi, 207,7 min kubmetr tikinti kərpici, 1 milyon 296,8 min ton hazır beton qarışığı, 290,3 min ton asfalt və s. mallar istehsal olunmuşdur.

Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə doqquz ay ərzində 296 milyon manatlıq məhsul istehsal etmiş və xidmətlər göstərmişlər. Adıçəkilən bölmənin mühüm növ məhsullarından sayılan polad tökmə, alüminium çubuqlar, millər, metallardan qapı və pəncərə istehsalı xeyli artmışdır. Yanvar-sentyabr aylarında Azərbaycanda kompüter, elektron və elektrik avadanlıqlarının istehsalı sahələrində 159,7 milyon manatlıq mallar istehsal olunmuşdur. Hesabat dövründə ölkəmizdə maşın və avadanlıqların, eləcə də nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində isə məhsul istehsalının həcmi 274,3 milyon manat təşkil etmişdir. Bunun da hesabına ölkədə 1014 ədəd traktor, 732 ədəd kotan, 202 ədəd yük və 1781 ədəd minik avtomobili, eləcə də 122,6 ton fəvvarə armaturu, 4535 ədəd ştanqlı quyu nasosu, elektrik ötürücüsü olan 110 ədəd lift və skip qaldırıcısı, dondurulmuş ərzaq məhsullarının saxlanması üçün 405 ədəd soyuducu vitrin, piştaxta və s. mallar istehsal edilmişdir.

Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1 milyard 333,1 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 4,3 faizlik artım deməkdir. Yanvar-sentyabr aylarında ölkədə 16 milyard 970,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuş, onun 15 milyard 54,1 milyon kilovat-saatı istilik, 1 milyard 36,3 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşmüşdür. Yeri gəlmişkən, artıq ötən ildən başlayaraq Azərbaycanda alternativ enerji mənbələrinin hərəkətə gətirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsinə başlanılmış, ölkənin bir sıra yerlərində günəş, külək və bioenerji ilə işləyən qurğular tikilib istifadəyə verilmişdir. Bu ilin doqquz ayında ölkəmizdə alternativ enerji mənbələri hesabına 5,1 milyon kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur.Yanvar-sentyabr aylarında sənayenin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul və xidmətlərin istehsalı 2,2 faiz artmışdır.

2014-cü ilin doqquz ayında ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz artaraq 183,3 min nəfər olmuş, onların orta aylıq əmək haqları isə 9,4 faiz artaraq 703,7 min manat təşkil etmişdir.

Məlum olduğu kimi, iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan səmərəli istifadə etmək məqsədilə dövlət başçısı İlham Əliyev 2014-cü il yanvarın 10-da imzaladığı sərəncamla cari ili ölkəmizdə “Sənaye ili” elan etmişdir. İlin ötən dövründə ölkədə sənayeləşmənin sürətləndirilməsi istiqamətində paytaxtda və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, yeni-yeni sənaye müəssisələri istifadəyə verilmişdir. Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Suraxanı Günəş Elektrik Stansiyası, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Gəncədə metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodları, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, ”Ağdaş” elektrik yarımstansiyası, Füzuli rayonunda tikiş fabriki, Lənkəranda çörək istehsalı zavodları “Sənaye ili”nə mühüm töhfələr sayıla bilər.

Yaxın illərdə ölkəmizdə sənayeləşmənin daha da sürətləndirilməsi nəzərdə tutulur. “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il oktyabrın 8-də imzaladığı fərman bu baxımdan mühüm əhəmiyyətli sənəd kimi diqqəti cəlb edir. Belə ki, sənədə əsasən, ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin reallaşdırılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.

Göründüyü kimi, artıq Azərbaycanda sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına qeyri-neft sənayesinin sürətli inkişafı təmin olunacaq, regionlarda iri sənaye istehsalı zonaları yaradılacaq. Bununla da, neft-qaz ölkəsi olan Azərbaycan, həm də yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlət kimi tanınacaq.

 

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında