Son illər dünyanı, xüsusilə, Avropanı bürümüş iqtisadi-maliyyə böhranı zamanı Azərbaycanda, bir dənə də olsun, nəzərdə tutulan sosial layihə ixtisar edilməmiş, əksinə, maaşlar, pensiyalar qaldırılmış, sosialyönümlü investisiyalara vəsait ayrılmış, makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etmişdir.
Ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatlar həyata keçirilir və bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində bu ilin 9 ayında dövlət sosial sığorta sistemində fərdi hesaba malik olan sığortaolunanların sayı artıb. Ölkə üzrə əmək pensiyaçılarının sayı 2014-cü il oktyabrın 1-nə 1286,2 min nəfər olub və onların 782581 nəfəri yaşa, 363181 nəfəri əlilliyə, 140425 nəfəri isə ailə başçısını itirməyə görə əmək pensiyası alırlar. Yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 43,4 faizə çatdırılmışdır. Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmiz ilk yerdədir (Azərbaycan 95,2 faiz, Belarus 79,8 faiz, Rusiya 70,4 faiz).
Son on il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi 2014-cü il oktyabrın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olmuş, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil etmiş, DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artmışdır. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.
Sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsi olaraq Şərqi Avropa və MDB məkanında pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına ilk olaraq Azərbaycanda başlanılıb. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar DSMF tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılmışdır. Fondun təqdim etdiyi elektron xidmətlər “elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutmuş, bu ilin 9 ayı ərzində DSMF-nin həm öz saytı, həm də “elektron hökumət” portalı vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanmışdır. İslahatlar və elektron xidmətlərin genişləndirilməsi nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək pensiya təminatı hüquqlarının qorunması məqsədi ilə qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısı alınmış və 2014-cü ilin ilk 9 ayında fondun gəlirləri 2152,2 milyon manat, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1243,5 milyon manat, xərclər isə 2138,5 milyon manat olmuş və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir. Dünya Bankının biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2015" hesabatına əsasən, Azərbaycan ən çox islahat aparan on ölkə sırasında səkkizinci yer alıb və məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.
DSMF ilə Avropa İttifaqının (Aİ) birgə layihəsi çərçivəsində Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Aİ-nın ekspertlər qrupu Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyəti, qanunvericilik və maliyyə sistemini öyrənmiş, təhlil və digər araşdırmalar aparmışlar. Ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilmiş, bu sahədə normativ hüquqi baza yaradılmış, zəruri infrastruktur qurulmuş və 2 milyon 800 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri verilmişdir. İşləyən şəxsin gələcəkdə dövlət pensiya təminatının onun sığorta stajından və fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılı olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalı, ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki, yəni 2006-cı ilədək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır.
Aparılan islahatların nəticəsi ürəkaçandır: 2013-cü ildən pensiyalar avtomatlaşdırılıb, “Çağrı mərkəzi” vasitəsilə pensiya yaşına çatmış vətəndaş 190-a zəng edib yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə pensiya təyin edilməsini həyata keçirir, “Pensiya kalkulyatoru” xidməti vasitəsilə hər kəs pensiyasının məbləği barədə məlumat əldə edə bilir, pensiya ödənişlərinin 99,9 faizi plastik kartlarla aparılır, 800-ə yaxın yeni bankomat qurulub, bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir, kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nda hesabatlarını elektron formada təqdim edirlər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesi asanlaşdırılıb, bu sahədə şəffaflıq daha da artıb, sığortaolunanlar işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət edə bilir, bölgələrdə keçirilən “Açıq qapı günü” – vətəndaş forumlarında pensiyaçılar üçün hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+”xidməti, habelə tətbiq edilən digər çoxsaylı elektron xidmətlər barədə məlumatlar verilir.
Bu gün nüfuzlu beynəlxalq qurumlar və maliyyə institutları tərəfindən sosial islahatların Azərbaycan modeli keçid ölkələri üçün nümunə kimi qiymətləndirilir. Ona görə ki, əvvəla, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi təmin edilmiş, müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur. İkincisi, dünyada olan çox mühüm bir problem – qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsi həyata keçirilmişdir. Üçüncüsü, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmuş və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapmışdır.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun elan etdiyi “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin qarantıdır” mövzusunda müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.