Noyabrın 4-də Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2015-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri aparılıb.
AzərTAc xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanın təkcə regionda deyil, bütün dünyada keyfiyyət göstəricilərinə görə sürətlə inkişaf edən bir ölkə olduğunu söyləyib.
Z.Səmədzadə bildirib ki, Azərbaycanın 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi ölkənin inkişaf strategiyasına uyğun hazırlanıb. Bu ilin büdcəsində də sosial proqramlara böyük yer ayrılıb.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2015-ci il dövlət və icmal büdcələrinin layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib. Büdcə layihəsinin tərtibi prosesində dövlət və icmal büdcələrinin gəlirlərini təmin edən orqanların təqdim etdiyi təkliflər həmin orqanlarla işçi qaydada birgə müzakirə edilib, gəlirlərin optimal variantı üzərində dayanılıb.
Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizin hərtərəfli inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına yönəldilmiş sosial-iqtisadi inkişaf kursu rəhbər tutulmaqla hazırlanmış layihədə sosial məsələlərin, aztəminatlı əhaliyə dövlət dəstəyinin prioritetliyi saxlanılıb.
Diqqətə çatdırılıb ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi həcmində proqnozlaşdırılır. Mütləq ifadədə gəlirlər 19 milyard 438 milyon nəzərdə tutulur. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 112 milyon manat daxilolma təmin edilməlidir. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 590 milyon manat gəlir proqnozlaşdırılır. Gələn il dövlət büdcəsi gəlirlərinin 6 milyard 750 milyon manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. Bu isə ötən illə müqayisədə 505 milyon manat çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfer isə 10 milyard 388 milyon manat nəzərdə tutulub.
Məlumat verilib ki, 2015-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 həcmində nəzərdə tutulub. Mütləq ifadədə dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manat olacaq. Bu, cari illə müqayisədə 5,2 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 51,9 faizi və ya 10 milyard 958 milyon manatını cari, 9 milyard 363 milyon manatını isə əsaslı xərclər təşkil edəcək. Müvafiq olaraq cari illə müqayisədə 2015-ci ildə dövlət büdcəsi xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 2,4 faiz artıb, cari xərclərin xüsusi çəkisi 2,2 azalıb. 2015-ci ildə dövlət büdcəsi xərclərinin 10 milyard 39 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşməsi üçün nəzərdə tutulub.
Nazir qeyd edib ki, ötən ilin dövlət büdcəsi ilə müqayisədə 2015-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsində sosial təminat xərcləri 18 faiz, mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,7 faiz, müdafiə xərcləri 8,6 faiz, kənd və meşə təsərrüfatı və balıqçılıq xərcləri 5,9 faiz, təhsil xərcləri 3,5 faiz, səhiyyə xərcləri 7,2 faiz, nəqliyyat və rabitə xərcləri 5,7 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclər 5,2 faiz artıb.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında deyib ki, son illərdə yaradılmış güclü iqtisadi potensiala əsaslanaraq, ölkəmizdə 2015-ci ildə iqtisadi artım 4.4 faiz, növbəti üç ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunun gələn il 8.2 faiz, növbəti üç ildə isə orta hesabla 7 faiz artacağı gözlənilir. Neft sektorunda 2015-ci ildə hasilat 40.6 milyon ton, növbəti illərdə isə sabit olaraq 40 milyon ton proqnozlaşdırılır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payı 2015-ci ildə 66 faizdən 2018-ci ildə 71.3 faizə çatacaq.
Diqqətə çatdırılıb ki, tikinti materiallarının istehsalında 2015-2018-ci illərdə orta hesabla 7.1 faiz artım proqnozlaşdırılır. 2015-ci ildə xidmətlər sektorunda artım 8.1 faiz, növbəti üç ildə isə orta hesabla 8 faiz təşkil edəcək.
Qeyd edilib ki, 2015-2018-ci illər ərzində turizm sektoru orta hesabla 23.5 faiz artacaq. Ticarət sahəsində 2015-ci ildə 12.5 faiz, növbəti üç ildə isə 10.6 faiz orta illik artım proqnozlaşdırılır.
2015-ci ildə informasiya və rabitə sektorunda 12.1 faiz, növbəti 3 ildə orta illik 12 faiz artım gözlənilir. Yaradılmış münbit investisiya mühiti nəzərə alınaraq 2015-2018-ci illər ərzində bütün maliyyə mənbələrindən əsas kapitala yönəldiləcək vəsaitin 79.4 milyard manat olacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, 2015-ci ildə investisiya qoyuluşlarının 5 faiz artaraq 19.8 milyard manat, növbəti 3 ildə isə 59.6 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5.4 milyard manat olmaqla növbəti 3 ildə 15.5 milyard manat təşkil edəcəyi gözlənilir. Gələn il neft sektoruna 5.8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci ilin dövlət büdcəsinin tərtibi zamanı həm gəlirlərin, həm də xərclərin şəffaflığının artırılması işinə diqqət yetirilib. 2014-2015-ci illərin büdcə zərfləri üzrə məlumatlara əsasən aparılmış hesablamalar növbəti il üçün sair xərclərin 2014-cü ilin proqnoz və gözlənilən icrası ilə müqayisədə müvafiq olaraq 14,7 faiz və 11,7 faiz az olacağını göstərir. Həmçinin xərclərin rasionallaşdırılması və ünvanlılığının artırılması məqsədilə 2015-ci il üçün bir neçə xərc maddəsi üzrə son dövrlərdə ilk dəfə olaraq vəsait proqnozlaşdırılıb.
Qeyd edilib ki, növbəti ilin büdcə layihəsində diqqətə çatdırılmalı digər məqam ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqətin 2015-ci ildə də davam etdirilməsidir. Gələn il sosial sahələrə investisiya xərcləri də nəzərə alınmaqla büdcə xərclərində vəsait artımla nəzərdə tutulub və bu, əsasən təhsil (3,5 faiz), səhiyyə (7,2 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər (11,7 faiz) üzrə artım hesabına gözlənilir. Diqqətə çatdırılıb ki, gələn ilin dövlət büdcəsi xərclərinin 47,6 faizi proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
Sonra büdcə layihəsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib. Bildirilib ki, 2015-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına xidmət edəcək.
Maliyyə naziri Samir Şərifov səslənən fikir və təkliflərə baxılacağını diqqətə çatdırıb.
Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.
Büdcə müzakirələri noyabrın 5-də parlamentin digər komitələrinin birgə iclasında davam edəcək.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.