Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şura iclasında ətraflı müzakirə edilmişdir.
İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf etmiş, ümumi daxili məhsul 2,5 faiz artmış, qeyri-neft sektorunda inkişaf 6 faiz, inflyasiya cəmi 1,5 faiz səviyyəsində olmuş, əhalinin pul gəlirləri 5,4 faiz artmışdır. İlin əvvəlindən ölkəmizin maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatmışdır ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
2014-cü ilin 9 ayı Qazax rayonu üçün də uğurlu olmuşdur. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin 9 ayında da uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax- Quşçu Ayrım avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qazax Rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, həmin yolun inşasının başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2013-cü il tarixli sərəncamı ilə 2 milyon və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli sərəncamına uyğun olaraq 1,72 milyon manat vəsait ayrılmışdır. Yolun tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Beş kilometr uzunluğunda Fərəhli avtomobil yoluna nəqliyyatın hərəkətini yaxşılaşdırmaq üçün təmir işləri görülmüşdür. Eyni zamanda, dövlət proqramına uyğun olaraq, Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Rayonda 180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa gücləndirmə işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində hər biri 100 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçasının tikinti işlərinə başlanılmış, onlardan birində tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir, ikincisində isə son tamamlama işləri aparılır.
Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilmişdir.
Ağköynək kəndi ərazisində şəhərin məişət tullantılarının tökülməsi üçün 30 hektar ərazidə hamarlama və təmizləmə işləri aparılmış, tullantıların mərkəzləşmiş qaydada bir yerə tökülməsi üçün maşın- mexanizmlərin köməyi ilə geniş ərazi yaradılmışdır. Aslanbəyli kəndində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə hər birinin tutumu 16 ton olan 3 ədəd su çəni quraşdırılmış və su xətləri çəkilərək istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən rayonda 16 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılmış və artıq 7 subartezian quyusu hazırdır. Bundan əlavə, Daş Salahlı kəndində tutumu 300 kubmetr olan su anbarı əsaslı təmir edilmiş, 5 kilometr uzunluğunda su xətti çəkilmişdir. Aşağı Salahlı kəndində də 2,5 kilometr uzunluğunda su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.
Rayonda köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.
2014-cü ilin 9 ayı ərzində Qazax RİH başçısı tərəfindən 35 səyyar qəbul keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 19,486 nəfər, müraciət edənlərin sayı 371 nəfər olmaqla 265 təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 140-ı icra edilmiş, 119 təkliflə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır, 6 məsələyə dair işlər davam etdirilir.
Müzakirə olunun məsələ ətrafında rayon maliyyə idarəsinin müdiri Novruz Abdullayev, gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, qaz istismar sahəsinin rəisi Rasim Zeynalov və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunmuş, konkret tapşırıqlar verilmişdir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.