Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətə davamlılıq indeksinə görə MDB ölkələri arasında 1-ci yeri tutur

Bu ilin ötən dövrü ərzində həyata keçirilmiş məqsədyönlü sosial-iqtisadi tədbirlər nəticəsində Azərbaycan MDB-də ən rəqabətədavamlı ölkələr siyahısında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Bunu Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış ən son hesabat da təsdiq edir. Belə ki, adı çəkilən qurumun on dörd minə yaxın iş adamının iştirakı ilə hazırladığı hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyyə bazarının inkişafına görə MDB ölkələri arasında birinci yeri tutmuşdur.
Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətədavamlı ölkə kimi üçüncü yerdə göstərilmişdir. Xatırladaq ki, məlumatda keçmiş SSRİ dövlətləri arasında birinci yerdə Estoniya, ikinci yerdə isə Litvadır. Dünya dövlətləri üzrə siyahıda həmin ölkələr müvafiq olaraq 33-cü və 47-ci, Azərbaycan isə 57-ci sırada qərarlaşıblar.
Bütün bunlar onu göstərir ki, son illər həyata keçirilən düzgün sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi proqramlar təsdiq edilmiş və uğurla icra olunmaqdadır.
Bu gün xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir. Bu siyasətin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əmək haqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əmək haqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmişdir.
Son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır. Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etdi. Dünyanı bürüyən qlobal maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Belə ki, 2009-cu ildə ÜDM-in real artımı 9,3 faiz, o cümlədən neft-qaz sektorunda 14,3 faiz təşkil etmişdir. Bu dövrdə kənd təsərrüfatında 3,5 faiz, rabitədə 13,1 faiz, ticarətdə 9,9 faiz, nəqliyyatda 9,3 faizlik artıma nail olunmuşdur. Eyni zamanda, təkcə 2009-cu ildə əhalinin banklardakı əmanətləri 23 faiz, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17 faiz artmışdır. Əvvəlki illə müqayisədə, 2009-cu ildə 12,5 faiz çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz çox istehlak malları satılmışdır. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7 faiz, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 8,6 faiz artmışdır.
Bütün bu uğurlar dəfələrlə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business - 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business - 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. Eləcə də, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir.
2010-cu ilin ötən aylarının yekunlarından aydın olur ki, Azərbaycanda bütövlükdə bu il də keçən illərdə olduğu kimi uğurlu iqtisadi inkişaf davam etmişdir. Ötən il bütün dünyada daha çox maliyyə və iqtisadi böhran dövrü kimi yadda qalsa da, ölkəmizdə istər 2009-cu ildə, istərsə də 2010-cu ilin ilk yarısında iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ilin ilk altı ayında iqtisadi inkişaf 3,7 faiz təşkil etmişdir ki, bu da bir daha islahatların düzgün istiqamətdə həyata keçirildiyini sübut edir.
Hər bir ölkənin sosial-iqtisadi inkişafının əsasını təşkil edən sənaye potensialından istifadədə də müsbət meyillər davam etmişdir. Neft və qeyri-neft sektorları üzrə nəzərə alsaq aydın olar ki, 2010-cu ilin ilk altı ayında neft sektorunda 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz artım təmin olunmuşdur. Bütün bunlar Azərbaycan hökuməti tərəfindən görülən işlərin, ardıcıl surətdə həyata keçirilən layihə və tədbirlərin bariz nümunəsidir. Belə ki, bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar artıq bugünkü reallıqları təmin edir. Eyni zamanda, qeyri-neft sektorunda 15 faizdən çox artıma nail olunması bu sahəyə göstərilən diqqət və qayğını bir daha əks etdirməklə yanaşı, milli iqtisadiyyatın çoxşaxəli olduğunu, bütün sahələr üzrə inkişafin təmin olunduğunu göstərir.
Ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi, başlıca məqsəd neft ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına nail olmaqdır. 2010-cu ilin altı ayında inflyasiya 4,9 faiz təşkil etmiş və əhalinin pul gəlirləri isə 9 faiz artmışdır ki, bu da məhz yuxarıda qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir. Eyni zamanda, iri dövlətlərin böhranla üz-üzə qaldığı, maliyyə çətinliklərinə düçar olduğu bir dövrdə inflyasiyanın cilovlanması, normal həddə saxlanması Azərbaycan hökumətinin ən ciddi uğurlarından hesab edilə bilər. Bu onu göstərir ki, 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyaya nəzarət təmin edilir.
Bütün bunların əsas səbəblərindən biri də ötən illər ərzində ölkədə yaradılmış güclü valyuta ehtiyatları ilə bağlıdır. Hökumətin uğurlu neft siyasəti nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirmiş və bu, 2010-cu ildə də davam etdirilmişdir. Belə ki, 2010-cu ilin ilk yarısında da Azərbaycanın valyuta ehtiyatları artaraq 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Təbii ki, bu ehtiyatlar imkan verir ki, Azərbaycan hökuməti iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini öz gücünə arxalanaraq icra etsin.
Son altı ay ərzində bütövlükdə, ölkə iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da, yalnız 21,1 faizi xarici investisiyaların payına düşür. Mütəxəssislər göstərirlər ki, Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə regionda ən qabaqcıl ölkədir. Eyni zamanda, artıq formalaşdırılmış milli gəlir və valyuta ehtiyatları, güclü milli iqtisadiyyat daxili investisiyaların həcmini ildən-ilə artırmağa imkan verir. Bunun nəticəsidir ki, 2007-ci ildən etibarən investisiyaların ümumi həcmində daxili investisiyalar üstünlük təşkil edir. 2010-cu ilin ilk yarısında da bu temp saxlanılmış və 3,8 milyard dolların 3 milyard dollarını daxili sərmayələr təşkil etmişdir.
Bu ilin ötən aylarında hökumətin əsas məqsədlərindən birini ölkə boyunca səmərəli məşğulluğun təmin olunması təşkil etmişdir. Bu məqsədlə istər özəl sektorun inkişafına dəstəyin artırılması, istər yeni-yeni müəssisələrin yaradılması, istərsə də ayrı-ayrı sahibkarlara güzəştli kreditlər verməklə onların fəaliyyətinin genişləndirilməsi xüsusi qeyd edilməlidir. Məhz həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsidir ki, təkcə son altı ay ərzində Azərbaycanda 36 min yeni iş yeri açılmışdır. Bütövlükdə isə 2004-cü ildən sonrakı dövr ərzində, təxminən 900 min yeni iş yeri açılmışdır ki, bunun da 600 mindən çoxu daimi iş yeridir.
Həyata keçirilən uğurlu tədbirlərin və səmərəli tənzimləmənin nəticəsidir ki, milli iqtisadiyyatın digər sahələrində də inkişaf tendensiyası hiss edilməkdədir və Azərbaycanın iqtisadiyyatı dayanıqlı, stabil və davamlı inkişaf edən iqtisadiyyatdır. Bunun nəticəsidir ki, 2009-cu ilin böhran ili olmasına baxmayaraq, beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar. Bu onu göstərir ki, həyata keçirilən islahatlar çox uğurludur və ölkəmizin iqtisadi inkişafı təkcə bir sektorun inkişafı ilə bağlı deyildir. Qarşıda dayanan ən mühüm məsələlər isə milli iqtisadiyyatın modernləşdirilməsi, ölkəyə ən qabaqcıl texnologiyaların cəlb edilməsi, Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübənin tətbiq olunması, bütün sahələrdə peşəkar kadrların hazırlanması və beləliklə də ölkənin resurs potensialının tam və səmərəli şəkildə dövriyyəyə cəlb edilməsinə nail olmaqdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında